Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:59

Kamal Abdulla: "İstəsəydim, o adamı pəncərədən atardım"


Kamal Abdulla
Kamal Abdulla
-

Mən bu dəfə istedadsız şairlər haqqında yazacağam.

Azərbaycan sovet dövrünün bir ələk istedadsız şairi var ki, onlar ədalətsiz olaraq təhlildən kənarda qalıblar

Təsəvvür edirsən, onlar arasında özünü “dahi” sayılanlar da var.



“Ulduz” jurnalının 11-ci sayında yazıçı Kamal Abdulla ilə müsahibə dərc edilib. Onunla jurnalın son sayına məsul olan gənc yazar Kəramət Böyükçöl söhbətləşib (davamı).


əvvəli burda

- Maraqlıdır, sizin elə bir xüsusiyyətiniz varmı ki, onun aludəçisinə çevrilmisiniz, ayrıla bilmirsiniz. Məsələn, siqaret, içki, qadın və s.

- Siqaret. Mənə elə gəlirdi ki, mən heç vaxt siqaretdən əl çəkə bilməyəcəm. Mənə siqareti rəhmətlik Həsən Turabov atdırdı. Mən də asanlıqla atdım. İndi, ümumiyyətlə, siqaret çəkmirəm. Əvvəl fikirləşirdim ki, necə ola bilər axı, əlimə qələm alım, oturub yazı yazım, ancaq siqaret çəkməyim?! Belə bir hal mənim ağlıma sığışmırdı. İçki... Xüsusi olaraq pərəstiş eləməmişəm. O mənim üçün ola da bilər, olmaya da bilər. Qadın! Nə isə...

- Bəziləri sizi sərt, bəziləri isə mülayim bir insan kimi tanıyır. Hətta bir köşə yazarı yazmışdı ki, guya siz onu pəncərədən atmaq istəmişsiniz. Bu ziddiyyətli münasibət nədən irəli gəlir?

- Mənə çətindi deyəm ki, mən sərtəm, yoxsa mülayiməm. Yəqin həm bu var, həm də o var. Təəssüf ki, bəzən mənim sərtliyimdən dostlarım da inciyib. Görünür, günah məndədi. Nə bilim, vallah?! Əslində isə birinin necə insan olduğunu dostları və bədxahları daha yaxşı bilər. O pəncərə məsələsi isə olub. Amma o adamı pəncərədən atmaq istəməmişəm, istəsəydim, atardım. Vəd vermişəm. Məni tanıyanlar bilir ki, əlimdə kifayət qədər əsas olanda əvvəl-axır verdiyim vədləri yerinə yetirirəm.

- Yazmaq üçün konkret vaxt müəyyən edirsiniz, yoxsa istənilən vaxt yaza bilirsiniz?

- Zamanı bəlli olmaz. Amma başlamaq bir az çətin olur, yazıya başlayandan sonra isə ayrıla bilmirəm. Ayrılmaq olmur. Yəqin çox adamda belədir.

- Günəş, yoxsa ay işığında yazmağa üstünlük verirsiniz?

- Mən belə sualları, sadəcə, anlamıram. Bizim səninlə indi Azərbaycan dilinin yuxarıda dediyim başqa-başqa variantlarına keçmək təhlükəmiz var.

- Bu qədər işdən-gücdən necə vaxt ayırıb yaza bilirsiniz? Həm də əsərləriniz irihəcimlidir.

- Sənə bir sirr açım. Mənim sağ çiynimdə bir, sol çiynimdə isə iki gözəgörünməz mələk əyləşib. Mənim əvəzimə onlar yazır. İrihəcmliləri soldakı mələklər yazır. Hərdən mübahisə edirik. Amma heç kimə demə...

- Həyatda ən çox nəyə sevinirsiniz və nəyə kədərlənirsiniz?

- Bir nəvəm var, üç yaşı hələ tamam olmayıb. Ona sevinirəm. Məni doğru-düzgün anlamayanda isə kədərlənirəm. Bəzən bu kədər, açıq deyim, müxtəlif formalarda üzə çıxır. Təəssüf ki, onun kobud forması da olur. Bəzən isə sevinc də, kədər də eyni vaxtda baş verir.

“Sehrbazlar dərəsi” Türkiyədə iki-üç il bundan əvvəl Arif Acaloğlunun tərcüməsində çap edilmişdi. Bu yaxınlarda isə həmən tərcümənin ikinci nəşri haman nəşr evində basıldı. Amma necə? İcazəsiz! Türkiyədə buna “korsan basqı” deyirlər. Nə mənim, nə də tərcüməçinin icazəsi olmadan 2-ci nəşr gerçəkləşdi. Bax, bu pirat nəşrə eyni vaxtda
Kəramət Böyükçöl
Kəramət Böyükçöl
həm sevindim, həm də kədərləndim.

“Azərbaycanın istedadsız şairləri”

- Çağdaş tənqidçilərdən kimi daha çox oxuyur və qiymətləndirirsiniz?

- Ondan başlayım ki, Tənqidi ancaq qüsur göstərmək kimi başa düşənlər, əlbəttə ki, kobudcasına yanılırlar. Tənqid təhlil deməkdir. Tənqidçi əsərin bütün cəhətlərini – həm mənfi, həm müsbət cəhətlərini təhlil edən bir ədəbiyyat adamıdır. Bu mənada, Tehran tənqidçilər içində ruhən mənə ən yaxınıdı. O, əslində, mirzədi, sözün əsl mənasında – mirzə. O, ədəbiyyatın içində eşələnən, onu duyan cəfakeş bir fəhlədi. Ancaq bu tənqidin fikir aristokratı da – Aydın Talıbzadəsi də var. Yeri gələndə Niyazi Mehdisi, bu “satqın burjua”sı da var. Azərbaycan ədəbiyyatında tənqidçi ancaq tənqidçi deyil. Yeri gələndə Anar tənqidçidi. Anarın mənə böyük bir məktubu vardı “Yarımçıq əlyazma”yla bağlı, yadıma gəlir, çox tənqiddən qiymətli idi. Elçin çox ciddi tənqidçidi, əlbəttə ki. Ramiz Rövşən, Zeynal Məmmədli tənqidçidi həm də. Vaqif Yusifli, Elnarə Tofiqqızı, Rüstəm Kamal, rəhmətlik Elçin Səlcuq tənqidçidirlər. İsa Həbibbəyli, Vilayət Quliyev, Muxtar İmanov, Rəhim Əliyev var. Maks Statkiyevic tənqidçidi, baxmayaraq ki, sırf ədəbiyyatşünas, mifoloqdu və qarşılaşdırma ədəbiyyatı mütəxəssisidir. Cavanlardan Əsəd Cahangir hay klassdı!.

- Amma Əsəd Cahangir yazmayıb sizin haqqınızda nədənsə.

- Bəyəm mən ancaq məndən yazanları dedim?! Özü bilər, yazıb-yazmayıb, öz işidi. Amma mən onun yazılarını oxuyuram. Görürəm ki, gözəl tənqidçidi, maraqlı təhlilçidi və təhlilini çəkinmədən edir.

- Siz daha tənqidi yazılar yazmırsınız?

- Məni də, deyirsən, yəni, tənqidçi kimi xatırlayırlar?! Bir şey deyim, mən bunu heç yanda deməmişəm, birinci sənə deyirəm. Hazırda bir mövzu üzərində düşünürəm və onu yəqin ki, yazacağam. Ömür vəfa etsə... Adı bilirsən nədi? “Azərbaycanın istedadsız şairləri”. Həmişə istedadlılar haqqında yazıblar, düzdürmü? Mən bu dəfə istedadsız şairlər haqqında yazacağam. Azərbaycan sovet dövrünün bir ələk istedadsız şairi var ki, onlar ədalətsiz olaraq təhlildən kənarda qalıblar (gülüş). Bunlar Azərbaycanın nəzmlə
Kəramət Böyükçöl və Kamal Abdulla
Kəramət Böyükçöl və Kamal Abdulla
məqalə, cümlə yazan şairləridi. Misra yazmaq başqa şeydi. Misra artıq şeirdi. Mən Azərbaycanın cümlə yazan şairlərinin şeirlərini təhlil etmək istəyirəm. Onların içində hətta, təsəvvür edirsən, “dahi” sayılanlar da var.

- Kimlərdi onlar? Belə çoxdular?

- Çoxdular. Mən əksərini şəxsən tanıyırdım. Aralarında gözəl insanlar da var idi və var. Amma şair olmaq gözəl insan olmaq demək deyil. Mənim o kitabım yazılandan sonra kimsə baxıb o istedadsız şairlər arasında özünü, kimsə atasını görəcək, kimsə əmisini, dayısını, kimsə də dostunu.

- Adlarını çəkin bir neçəsinin mümkündüsə. Görək kimlərdi onlar.

- Bir ağıllı adam mənə dedi ki, sən istedadsız Azərbaycan şeirindən yazırsansa onda Azərbaycan ədəbiyyat tarixini yazmalı olacaqsan. Cavab verdim ki, kiçik istisnalarla, bəli! Hələ ki, xüsusi olaraq, kiminsə adını çəkmək istəmirəm. Mən istəyirəm ki, nəhayət, narkomanlar “iynəyə” oturan kimi, “şeir”də də qafiyəyə oturdulan bu lənətəgəlmiş cümlələri misralardan ayırım. Bu adamlar qafiyələnmiş cümlələrlə bizim hamımızı zaman-zaman aldadıblar. İstedadsızlığın da, əslində, öz morfologiyası, öz “estetikası” var və onu rentgen işığında göstərmək maraqlı və faydalı olardı. Bəlkə cümlələri qafiyələndirənlərin sayı azalsın.

- Kamal müəllim, yenə oyun?

- Yenə və həmişə!..

“Ulduz” jurnalı
XS
SM
MD
LG