Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04

Avropanın tarixi yenidən yazılmalıdır, indiki - xristianlığın tarixidir!


Dilavər Əzimli

Dilavər Əzimli

-

Nə üçün tarix siyasi elmə çevrilib?

Çünki hər bir xalqın, millətin, dövlətin tarixində ona başucalığı gətirməyəcək, tərcümeyi-halında nələrinsə əhəmiyyətini azaldacaq məqamlar var.

Həqiqəti yazmaq dini əqidəni, siyasi mənsubiyyətini və nəhayət milli kimliyini unutmağı tələb edir.



Dilavər Əzimli


Tarix ictimai, yoxsa siyasi elm olmalıdır?

Müasir dünyamızda bu barədə mübahisələr hələ də səngimir. Amma alimlər bir qərara gələ bilmirlər.

Çünki o zaman onlar həyatlarının bir neçə onilini sərf etdikləri və dünyaya qəbul etdirdikləri bütün “ixtiraları”nın üzərindən xətt çəkməli və bildirməlidirlər ki, onlar tarixçiliklə məşğul olarkən şüurlu şəkildə və sistemli olaraq cəfəngiyyata da yer veriblər.

Akademik B.D.Qrekov yazırdı ki, “Bizim əlimizdə yazılı mənbələr də var, qeyri-yazılı mənbələr də.

Lakin hər hansı bir mənbə necəliyindən asılı olmayaraq, yalnız o zaman fayda gətirə bilər ki, tədqiqatçı əlində olan materialdan nə istədiyini dəqiq bilmiş olsun”. Hər şey elə bundan da başlayır.

Məsələn, götürək ingilislərin II Dünya müharibəsi dövründəki tarixini. Demək olar ki, bütün Avropanı tutmuş faşistlər İngiltərəni ələ keçirə bilmədilər.

Onlar ölkəyə havadan zərbələr endirdilər, amma quruya qoşun çıxara bilmədilər. Çünki ilk növbədə ölkənin ada olması amili dənizdən aparılan müharibənin nəticəsini heç də həmişə uğurlu etmir.

Digər tərəfdən Hitler quruya çıxarmaq üçün dəniz hücumlarını ardıcıl davam etdirə bilməzdi. İki cəbhədə döyüşmək onun özü üçün ölümcül iflasın blitskriqi demək olardı. Bunu anlayan Hitler yalnız hava zərbələri ilə kifayətlənməli oldu.

Obyektiv tarix budur. Amma İngiltərənin tarixini yazanlar bu məsələni ingilislərin qəhrəmanlığı və şücaəti ilə əlaqələndirdilər. Bir neçə onillik ictimai rəyin bu məzmunda formalaşdırılmasına sərf olundu.

Təkcə elə bu misal deməyə əsas verir ki, nə üçün tarix siyasi elmə çevrilib. Çünki hər bir xalqın, millətin, dövlətin tarixində ona başucalığı gətirməyəcək, tərcümeyi-halında nələrinsə əhəmiyyətini azaldacaq məqamlar var.

Həqiqəti yazmaq dini əqidəni, siyasi mənsubiyyətini və nəhayət milli kimliyini unutmağı tələb edir. Hətta kütlə tərəfindən təklənsən belə.

Bu tələbə dövlət sifarişi yoxdur. Demokratik və ya totalitar rejimlərdən asılı olmayaraq hər bir iqtidar çalışır ki, dövlətin və xalqın ən parlaq tarixi səhifəsi onun hakimiyyəti dövrünə təsadüf etsin.

Bu istəkdən irəli gələrək hakimiyyət tarixin necə yazılmasını diqtə edir. Dövlət sifarişini yerinə yetirmək üçün nələrsə “ixtira edilir”, uydurulur.

Belə fiksiyaların həqiqətə oxşaması, hətta ondan seçilməməsi üçün tarixçi xeyli “əziyyət” çəkməli olur. Haradasa buna haqq qazandırmaq mümkündür.

Belə olmasaydı milləti toplum olaraq formalaşdırmaq, onun etnik kimliyini ortaya qoymaq, dövləti və milli ideologiyanı sistem kimi qurmaq çətin olardı. Amma zaman ötdükcə siyasiləşmiş tarix xalqda milli şovinizm, eqoizm, irqçilik kimi keyfiyyətlər tərbiyə etmirmi?

Bəlkə bu səbəbə görədir ki, bu gün siz hər hansı bir ingilisə tarixi obyektivliyi xatırlatmağa cəhd göstərsəniz qarşı tərəfin faktlara dözümsüzlüyünü görəcəksiniz. Onlar sizi ingilis xalqını alçaltmaqda günahlandıracaqlar.

Buna baxmayaraq Avropanın mütərəqqi tarixçiləri bu fikirdədirlər ki, Avropanın tarixi yenidən yazılmalıdır.

Onların fikrincə, müasir Avropa tarixi əslində xristianlığın tarixidir. Vaxtilə Avropanın qəbul etdiyi tarix qədim Yunanıstan və Roma tarixi idi. Bu tarixdən kənar heç nə qəbul edilmirdi.

Sonra xristianlıq yarandı. Kilsə siyasi institut olaraq cəmiyyəti əsrlərlə idarə etdi. Rahiblər kilsə divarları arxasında Avropanın yeni tarixini yazmaqla məşğul oldular. Bu tarixdə kifayət qədər fiksiya var idi.

Bir gun (XIX əsrin II yarısında-D.Ə.) bir fransız fermer öz torpaq sahəsində işləyərkən iri daş parçası tapır. Onun üzərində fermerə məlum olmayan işarələr həkk olunmuşdu. Daş ortadan bölünmüşdü.

Fermer daş parçasını mütəxəssislərə göstərir. Məlum olur ki, daşın üzərində “Böyük su daşqını - Nuhun tufanı” təsvir olunub. Təsvir dini kitablardakı təsvirlə eyni idi. Daş maraq doğurur.

Bu məsələ ilə bağlı fermer bir məqalə çap etdirir. Məqalədə göstərir ki, din xadimləri bizi aldatmışlar. “Böyük su daşqını” haqqındakı məlumatlar daha qədimdir. Bu informasiya elmdə böyük maraq doğurur. Çünki insanlar “Böyük su daşqını” haqqında məlumatları yalnız dini kitablardan almışdılar.

Daş üzərindəki mixi işarələrlə yazılmış mətn dini məlumatları təkzib edirdi. Məqaləyə kəskin etirazlar başlayır.

Etiraz edənlərin sıralarında kilsə öndə gedirdi. Kilsə rəhbərləri bu məqaləni kilsəyə qarşı qəbul edirər. Onlarin fikrincə “Böyük su daşqını” “Tövrat”da və “İncil”də təsvir olunub. Digər mənbələrdə təsvir oluna bilməz. Lakin məqalə bu fikri bilavasitə alt-üst edir və “Böyük su daşqını” haqqında məlumatların daha qədim olduğunu göstərirdi.

Cəmiyyətdə şübhələrin artdığını və kilsənin mütləq hakimiyyətinin iflasa uğraya biləcəyini görən kilsə rəhbərləri məqalə müəllifi haqqında belə bir qərar verirlər: məqalə müəllifi məlumatın həqiqiliyini sübut etmək üçün daşın qalan hissəsini də tapmalı və mətnin tam surətini ortaya qoymalıdır. Əks halda onu edam gözləyirdi.

Məqalə müəllifi araşdırmalar aparır və çətinliklə öyrənir ki, bu daş parçası İkiçayarasından - Ninerviyadan gətirilib. Müəllif Ninerviyaya getməli olur.

Böyük axtarışlardan sonra o, nəhayət, daş parçasının o biri hissəsini də tapır. Bu tapıntıdan sonra Avropa qədim Şumer-Akkad mədəniyyətindən xəbər tutur. İkiçayarası mədəniyyət Avropa tarixçilərinin diqqətini cəlb edir.

Bəlli olur ki, qədim Yunanıstan və qədim Roma mədəniyyətindən daha qədim mədəniyyət vardır. Nəticədə minlərlə elmi məqalələr, kitablar işıq üzü görür. Onların müəllifləri Avropa mütəxəssisləri idilər. Avropa mütəxəssisləri şumerlərdən bol-bol yazdılar.

Lakin bir məsələyə açıqlama gətirmədilər: şumerlər hansı dildə danışıblar? Yəhudi əsilli ingilis tarixçisi Kramer isə yazdı ki, “Tarix Şumerdən başlanır”. Bununla da tarixə nöqtə qoyulmalı idi. Əgər tarix şumerlərdən başlayırdısa onda Şumerdən əvvəlki tarix haradan başlayır?

Şumerlər özləri ikiçayarası ərazilərə haradan gəliblər? Bu suallara cavab vermək əvəzinə Avropa tarixçiləri susmağı üstün tutdular. Şumer dilini isə elmə məlum olmayan dillər qrupuna aid etdilər.

Məsələnin tamamlanmaması və ictimai rəyin də yanlış formalaşmasına bir neçə onillik sərf olundu.

Beləliklə, bir məsələnin həllinə yarım əsrə bərabər vaxt və iki nəslin fəaliyyət göstərməsi lazım gəldi. Lakin sirr və ya yalan heç zaman əbədi yaşamır. Qazax xalqının görkəmli oğlu Oljas Süleymenov “AZiYA” kitabında şumer-türk paralellərini üzə çıxardı. Şumerlərlə bağlı yeni tədqiqatlar meydana çıxdı.

Bunların sırasında İ.Miziyevin tədqiqatları xüsusi əhəmiyyət kəsb edir. Türkmənistanda Aşqabad yaxınlığında “Anau mədəniyyəti” aşkar olundu. Mədəniyyətin tarixi eramızdan əvvəl IX minilliyə gedir.

O zaman elmə məlum oldu ki, şumerlər Babilistana Orta Asiyadan gediblər. Avropa tarixçiləri hələ də bunu qəbul etmək istəmirlər. Amma suallar bununla bitmir. Bəs Orta Asiyaya şumerlər haradan getmişlər? Bu sualın cavabını Azərbaycanda olan “Qobustan mədəniyyəti” verir.

Tarixi eradan əvvəl 12-ci minilliyə qədər gedən “Qobustan mədəniyyəti” özünün yeni tədqiqatçılarını gözləyir. Onda fəxrlə deyəcəyik ki, İkiçayarasında “şumer” adı ilə tanınan tayfalar Azərbycandan əvvəlcə Orta Asiyaya, oradan da İkiçayarasına getmişlər. Tarixdə “şumerlər” kimi tanınan bu tayfalar içırisində türk tayfalarının sayı nə qədər idi? Təbii ki, çoxluq.

Belə olmasaydı şumerlərin dilində bu qədər türk sözləri qalmazdı. Azərbaycanın Cəlilabad rayonunda və Ağdam rayonunda vaxtilə eneolit dövrünə aid kurqanlarda aparılan qazıntılar zamanı aşkarlanan şumerəqədərki mədəniyyət izləri bu fikri təsbit etməyə imkan verir.

Elmdə çaxnaşma yarada biləcək yeni baxışlar konsepsiyasını davam və qəbul etdirmək üçün sistemli şəkildə fəaliyyət göstərmək gərəkdir. Bu çətin yoldur. Amma nəticəsinə görə kifayət qədər qiymətlidir. Bu bizim milli tariximizin əsasının qoyulması, millətin və ya xalqın toplum olaraq etnik kimliyinin göstəricisinin sübutu, milli şüurun formalaşması, dövlətin ideoloji sisteminin möhkəmlənməsidir.

Hər hansı tarixi faktı üzə çıxardıb sübut etmək və onu dünyaya qəbul etdirməyə bir neçə onillik lazımdır. Bir nəslin ömrü buna çatırmı? İnsan ömrü hansı müddətə hesablanır? İlya Meçnikov hesab edirdi ki, 150 yaşdan aşağı baş verən ölüm “məcburi”dir.

Bir sıra böyük tədqiqatçıların fikrincə insan orta hesabla 160 il yaşamalıdır. Müasir insanların ömrü bu rəqəmdən 2 dəfə azdır. Bir insanın ömrü orta hesabla 65-85 yaşdırsa, alim üçün bunun 30-40 ilini səmərəli fəaliyyət saymaq olar. Bu müddət yalnız iki və ya ən çoxu üç iri sanballı tədqiqat, 4-5 monoqrafiya və bir neçə iri məqalə işinə çatır.

Söhbət dünyanı çalxalaya biləcək həqiqi elmdən və elmə verilən yeni töhfələrdən gedir.

Beləliklə, siyasi tarixin ictimai rəyi formalaşdırmasına, şüurlarda möhkəmlənməsinə əsrlərlə vaxt sərf olunursa, bu tarixi ictimai tarixlə əvəz edib bəşəriyyət tərəfindən qəbul edilməsinə bir o qədər vaxt yenidən sərf olunmalıdır. Bir insanın, nəslin ömrü buna çatmır. Amma başlamağa və irəliləməyə çatar.

Dilavər Əzimli,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun böyük elmi işçisi.
Tarix üzrə fəlsəfə doktoru

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG