Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Naxçıvanda 50 min iş yeri açılıb?


-

«Bəzi inşaat şirkətlərində iş var. Orada da az maaş verirlər. Səhərdən axşama 14 saat işlədirlər, 10 manat pul verirlər. Bu da heç, yolpulunu, yemək pulunu ödəmir». Şahbuz rayon sakini Nadir Abdullayev belə deyir. O, Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına - son 9 ildə muxtar respublikada 50 mindən çox (50 min 187) iş yerinin açılmasına da inanmır:

«Çox yanlış rəqəmdir. Maraqlanmışam da, getmişəm də. İşsizlik idarəsində qeydiyyata da yazılmışam. İllər keçib, deyiblər ki, iş yoxdur. Əgər iş olsa idi, Naxçıvanın yarısı niyə Türkiyədə, digər yerlərdə işləyirdi? Gənc ailələr köçüb İstanbulda yaşayırlar. İş olsa idi, heç kim vətənini tərk edib getməzdi».

Naxçıvanın başqa bölgəsindən – Babək rayonundan olan və özü demişkən, «YAP-ın veteran üzvü» sayılan Yasin Hüseynov da bənzər fikirdədir. O, hakimiyyətin işsizliklə bağlı siyasətindən razı deyil:

50-55 YAŞLARINDAKI ATAM DA, ANAM DA TÜRKİYƏDƏ İŞLƏYİRLƏR

Arxiv foto

Arxiv foto

«Biz 8 qardaşıq, mən burada tək qalmışam. Hamısı işsizlikdən çıxıb gedib Naxçıvandan. Mən özüm mal-qara saxladım - imkan vermədilər. Naxçıvanda 50 min iş yeri açılmayıb. Bəlkə demək istəyirlər, 50 min nəfər işsizlikdən Naxçıvanı tərk edib? Mənim oğlum universitet qurtarıb, iş tapa bilmir».

Xəlil Səfərov sakini olduğu Şərur rayonundan iş tapmaq üçün Türkiyəyə gedənlərdəndir. O da işsizlikdən gileyini gizlətmir:

«Türkiyədə əlimizdə bel, onun-bunun qapısında çalışırıq. Yarıac-yarıtox. Naxçıvanda idman kompleksi açırlar - iş yeri açmırlar. Mən acqarına necə gedim məşq edim? 50-55 yaşlarındakı xəstə atam da, anam da Türkiyədə işləyirlər».

Anonim qalmağı arzulayan bir çox başqa sakinlər də Naxçıvanın yarıbayarı boşaldığını söyləyir, özünə iş axtaranların paytaxt Bakıya və ya qonşu ölkələrə üz tutduğunu vurğulayırlar.

HARADAN GÖTÜRMÜSÜZ O SÖZLƏRİ...

Naxçıvanın Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyev deyilənlərlə razılaşmır:

«Naxçıvan sakinləri elə söz deməyiblər. Haradan götürmüsünüz o sözləri. Əliyev Mustafa belə deyir, Əliyev Vəli də deyəcək ki, Mustafa yalan deyir. Başqa sözünüz yoxdur?».
Natiq Cəfərli

Natiq Cəfərli


İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin açıqladığı rəqəm məntiqə uyğun deyil:

«Rəsmi rəqəmlərə görə, 400 min əhalisi olan Naxçıvanda son 9 ildə 50 min iş yerinin açılması o deməkdir ki, nə iş yeri açılıbsa, elə bu 9 ildə açılıb. Təqaüdçüləri, körpə uşaqları, tələbələri, məktəbliləri çıxsaq, 50 min iş yeri ilə əmək qabiliyyətli əhalinin hamısı təmin olunmalı, işsizlik sıfır səviyyəsinə enməli idi. Əslində belə deyil. Naxçıvanın kəndlərində yaşayan minlərlə insan xarici ölkələrdə iş axtarırlar, Naxçıvandan köçmək məcburiyyətində qalırlar. Açıqlanan bu rəqəmə ciddi yanaşmaq düzgün deyil».

Şərhləri göstər

XS
SM
MD
LG