Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:17

Xaçmaz rayonunun Nərəcan kəndində 3 ildir çadırlarda yaşayanlar var…


Nərəcan kəndində qurulan çadırlar

Nərəcan kəndində qurulan çadırlar

-
«Sel gələndə bizim də evimizi tutdu, gətirib bu çadırları verdilər bizə. Fövqəladə Hallar Nazirliyindən gətirdilər, qurdular. 1 aya qədər içində yaşadıq, gördük ki, donuruq soyuqdan, bir tərəfdən də yağış içərisinə yağır. Sonra qayıtdıq qəzalı evə. Üç uşağım, yoldaşım qalırıq burda. Anam təzəliklə elə bunun dərdindən dünyasını dəyişdi. Dəmir yolu da düz yanımızdadır, qatar bərk gedəndə qəzalı evimiz silkələnir, səsdən oturmaq olmur».

HƏM ÇADIRDA, HƏM DƏ QƏZALI EVDƏ…

Xaçmazın Nərəcan kənd sakinləri kəndin yarısını yuyub aparmış sel hadisəsindən 3 il keçməsinə baxmayaraq hələ də o hadisənin fəsadları içindədirlər. Bəzi ailələr yay aylarında çadırlara köçür, qışda isə qəzalı evlərinə qayıdırlar. Evi sel-su altında qalmış İmaməddin Aydəmirov da fəsildən asılı olaraq, həm çadırda, həm də qəzalı evində yaşayır. Qoca anası da bu yaxınlarda həyatla elə çadırdaca vidalaşıb. Müsahibim deyir ki, 3 ildir çadırda yaşayır və onda nə vaxtsa soyuq çadırdan isti evə köçəcəyi günə ümid qalmayıb:

«BAŞA DÜŞMÜRƏM, ONDA MƏNİ BU ÇADIRA NİYƏ KÖÇÜRÜBLƏR?»

«Bir məktub yazdım, cavab gəldi ki, sizin evinizin yanından heç su da keçməyib. Başa düşmürəm, onda məni bu çadıra niyə köçürüblər? Sonra da dedilər ki, sənin evin üçün bərpa yazıblar».

Nərəcanda qəzalı evlərdən biri

Nərəcanda qəzalı evlərdən biri

İmaməddin Aydəmirov evlə təmin olunmaq üçün sonuncu dəfə 1 həftə əvvəl İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasına müraciət etdiyini deyir:

«SİZİN EV ÜÇÜNSƏ BƏRPA YAZILIB, O DA NƏ VAXT OLACAQ, BİLİNMİR»

«Dedilər ki, bizlik deyil. Biz artıq siyahıları yazıb vermişik, Bakıdadır. Zaqatalada da zəlzələ olmuşdu, bütün qüvvələr ora cəlb olunub. Sizin ev üçünsə bərpa yazılıb, o da nə vaxt olacaq, bilinmir».

90 yaşlı Məryəm Əhmədova çadırda yaşamasa da, ona tikilib verilmiş evin keyfiyyətindən və darısqallığından narazıdır:

«VERDİKLƏRİ EVDƏ 4 AİLƏ YAŞAYIRIQ»

«Bayram axşamı idi, qəflətən sel gəldi, evimiz dağıldı, heç nə çıxarda bilmədik, onun-bunun qapısında yaşamışam. Verdikləri evdə 4 ailə yaşayırıq. 10 nəfərik, qarışmışıq bir-birimizə. Yatmağa yer tapmırıq, 90 yaşım var, dəhlizdə torpağın üstündə yatıram».

Kəndin başqa sakini Muxtar Tarıverdiyev də seldən zərər çəkdiyini və 3 ildir ki, qəzalı evdə yaşadığını deyir:

«Getmişəm fövqəladəyə şikayət eləmişəm ki, evim su içində olub, deyir bəlkə sonradan olub? Deyirlər, gərək vaxtında müraciət edəydin. Deyirəm, axı vaxtında gəlib kənd soveti baxıb, çəkiliş də aparıb. Yardım da etməyiblər. Heç olmasa torpaq versinlər, oğlanlarım tiksin, yaşayaq. Evdə gəlin, uşaqlar, ailə böyük, qalmağa yerimiz yox. Elə adamlar var ki, evi dağılmayıb, onun üçün kənarda ev tikiblər. Bizim kimilərsə qalıb qıraqda».

Muxtar Tarıverdiyev

Muxtar Tarıverdiyev

Nərəcan sakinləri deyirlər ki, kənddə cəmi 17 ev tikilib, o da keyfiyyətsiz. Çünki evlərin tikintisində peşəkar ustalar yox, elə kənd cavanlarını fəhlə kimi işlədiblər, pullarını isə tam ödəməyiblər. Mütəllim Əhmədov:

«BİZİM PULUMUZDAN 700 MANAT KƏSDİLƏR»

«Sel gələndə atamın evi də dağılmışdı. Öz həyətimizdə ev tikirdilər. Biz də fəhləlik elədik. Belə danışmışdılar ki, 2 min manat fəhləyə verəcəklər, 2 min manat da bizə. Fəhləlikdən tutmuş, rəngsazlığa qədər etdik. Ev tikilib başa çatandan sonra fəhlənin pulunu verdilər, bizim pulumuzdan 700 manat kəsdilər. Pulumuzu istədik, dedilər gəlirik, gəlirik, gəlib çıxmadılar».

Seldən zərərçəkmişlər deyirlər ki, uçuq-sökük, təhlükəli evlərdə yaşamaqdan beziblər. Hökumət ya keyfiyyətli ev tikib versin, ya da onları torpaqla təmin etsin ki, özləri başlarına çarə qılsınlar.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Akif Muradov deyir ki, seldən qəzalı vəziyyətə düşmüş kimi qeydiyyata alınmış evlərin yerində yeniləri tikilib və təhvil verilib:

«HAMISINA EV VERİLİB»

Qəzalı evlərdən biri

Qəzalı evlərdən biri

- Orda xeyli adamlar üçün evlər tikilib, əvvəldən neçə nəfər qeydə alınmışdısa, kimlərin qəzalı evləri sənədləşdirilmişdisə, hamısına ev verilib. Sonradan kiminsə evində yağışdan sonra çat əmələ gəlib, yararsız hala düşübsə, bu, bizə aid olan məsələ deyil.

- Tikilən evlər keyfiyyətli idi?

- Biz təhvil-təslimdə iştirak etməmişik. Fövqəladə Hallar Nazirliyi gəlib, tikib, təhvil verib vətəndaşlara.

- Şikayət edirlər ki, bizi evlərin tikintisində fəhlə kimi işlədiblər, ancaq pulumuzu verməyiblər...

- Bunun İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Biz həmin qəzalı evlərin yalnız sənədləşdirilməsində iştirak etmişik.

İmaməddin Aydəmirov isə deyir ki, anası kimi canını çadırda tapşırmaq istəmir. O, ailəsini bir yerə toplamaq üçün hökumətdən ev istəyir.
XS
SM
MD
LG