Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Ağıllıları psixiatriya xəstəxanasına aparıb çıxaran mülk davası


Alya Təmrazova
Alya Təmrazova
-
«2010-cu il sentyabrın 19-da yaşadığım binanın blokundan çıxanda gördüm təcili yardım maşını dayanıb. 3 nəfər ağxalatlı adam və oğlum da blokun çıxışında dayanmışdılar. Oğlum iti əlimdən alan kimi, ağxalatlılar tutub məni təcili yardım maşınına sürüyüb saldılar. Ayağımdan xəsarət aldım. Soruşdum ki, məni hara aparırsınız? Dedilər müayinəyə. Dedim hansı müayinəyə, mənim buna ehtiyacım yoxdur. Cavab vermədilər. Xeyli yol gedəndən sonra pəncərədən baxanda gördüm Maştağa yolu gedirik. Yadıma düşdü ki, oğlum həmişə mənə deyirdi, sən dəlisən».

AzadlıqRadiosunun «Qaynar xətt»inə danışan 35 il musiqi müəlliməsi işləmiş, hazırda təqaüddə olan Alya Təmrazovadır. Deyir, oğlu Həsən Sultanzadə 2007-ci ildə Almaniya vətəndaşı ilə ailə qurduqdan sonra təklif edib ki, evi satıb onunla birlikdə Almaniyaya köçsün. O, isə həmin vaxt 86 yaşında olan xəstə anasını tək buraxmaq istəmədiyi üçün təklifi rədd edib. Oğulla-ana arasında problemlər də bundan sonra başlayıb.

«Oğlum təklif etdi ki, anamı qocalar evinə yerləşdirək. Mən razılaşmadım. 2010-cu il aprelin 4-də məni axırıncı dəfə döyəndə qolumu sındırdı».

Təmrazova danışır ki, həmin il sentyabrın 19-da yaşadığı binanın blokundan çıxanda onu yuxarıda qeyd olunan şəkildə təcili yardım maşınına mindirərək, oğlunun iştirakı ilə Maştağadakı 1 saylı Ruhi Xəstəxanaya gətiriblər:

«Yaxşı ki, mobil telefonumu əlimdən almamışdılar, yoldaca zəng vurdum vəkilimə məlumat verdim ki, oğlum məni küçədən oğurlatdırıb, Maştağaya dəlixanaya apartdırır. Telefonu həkimlərdən birinə uzatdım, o, vəkilimlə danışdı. Dedi ki, çağırış var, biz də aparırıq. Xəstəxananın qəbul otağına gətirdilər. Orda bir həkim oturmuşdu. Məni bir az danışdırdı, dedi ki, bu, bizim xəstə deyil, götürün aparın. Oğlum kiminləsə telefon əlaqəsi saxlayandan sonra, həkim məni qeydiyyata aldı və xəstəxanaya qəbul etdi.

«KOMİSSİYADAN SAĞLAM ÇIXDIM»

«Məni xəstəxanaya qəbul edəndə şənbə günü idi. Vəkilim və nümayəndəm də gəldi. Şöbə müdiri ilə danışdılar ki, bu xanımı nəyə əsasən bura qəbul etmisiniz. O da vəkilimə ərizə göstərdi, oğlumun imzası ilə yazılan ərizə idi. Ərizədə yazılmışdı ki, «mənim anam Təmrazova Alya cəmiyyət üçün təhlükəli olduğu üçün mən onu bu xəstəxanaya yerləşdirirəm». Sabahı gün xəstəxananın şöbə müdiri yanıma gələndə məşhur bir ailənin gəlini olduğumu dedim. Bildirdim ki, kübar ailədən çıxmış ali savadlı bir insanam. Siz bilirsiniz ki, ağıllı adamı mülk davasına görə dəlixanaya gətirmək və onu dəli kimi qeydiyyata alıb, bura yerləşdirmək cinayətdir? O, tələsik otaqdan çıxdı. Yarım saatdan sonra qayıdıb dedi ki, Alya xanım, sabah səhər komissiya gələcək, sizi müayinə edib, buraxacağıq».

Sentyabrın 21-də xəstəxanaya gələn, tərkibi beş nəfərdən ibarət komissiya Alya Təmrazova ilə söhbətlər aparıb. Həmin gün o, ruhi xəstəxanadan buraxılıb.

«Evə gələndən sonra 84 yaşlı xəstə anamın baxımsız qaldığına və dərmanlarının verilmədiyinə görə huşsuz vəziyyətdə olduğunu, evimin alt-üst olunduğunu, qızıl-zinət əşyalarımın və 5 min manat pulumun yoxa çıxdığını görüb, polisə şikayət etdim».

«OĞLUM MƏNİ 36, MƏN İSƏ ONU 3 DƏFƏ MƏHKƏMƏYƏ VERMİŞƏM»

Alya Təmrazova deyir ki, oğlu onu 36, o isə oğlunu 3 dəfə məhkəməyə verib.

«Oğlum mənə qarşı iddialar qaldırdığı bütün məhkəmələrdə uduzub. Mənim isə ona qarşı cəmi 3 iddiam olub - evimdən qeydiyyatdan çıxarılması, məhkəmə tərəfindən ləyaqətsiz oğul kimi tanınması və aliment kəsilməsi. Məhkəmə ilk iki iddiamı təmin etməyib. Yalnız alimentə dair iddiam təmin olunub».

Foto: Arxiv
Foto: Arxiv
ANANIN İTTİHAMLARINA OĞUL NƏ DEDİ?

Alya Təmrazovanın Dövlət Gömrük Komitəsində işləyən oğlu Həsən Sultanzadə ilə telefon əlaqəsi saxlasaq da, o, anasının şikayəti ilə bağlı danışmaq istəmədi:

- Həsən Sultanzadədir?

- Bəli, eşidirəm.

- Həsən müəllim, sizi AzadlıqRadiosundan narahat edirik. Ananız sizinlə bağlı «Qaynar xətt»ə şikayət edib ki...

- Narahat etməyin məni.

Telefon əlaqəsi kəsilir. Sonrakı zənglərə isə cavab vermir. Vəssalam...

MƏHKƏMƏLƏR

Alya Təmrazova oğlu ilə bağlı kütləvi informasiya vasitələrinə şikayət edəndən sonra Həsən Sultanzadə «Azadlıq» və «Yeni Müsavat» qəzetlərini, həmçinin anasını məhkəməyə verib.

İddiasını belə əsaslandırıb ki, o, ailə qurandan sonra anası onun ailəsinə qısqanclıqla yanaşıb. 2009-cu ilin yayında anası daxili qanaxma diaqnozu ilə xəstəxanada müalicə olunarkən, ruhi-əsəb sistemi pozulub. Anasında psixi qüsurlar əmələ gəlib. Həsən Sultanzadə məhkəmə ifadəsində göstərib ki, Dövlət Gömrük Komitəsində məsul vəzifədə işləyir. Anası tez-tez onun iş yerinə gələrək, əsassız şikayətlər etməklə, onun işgüzar nüfuzuna xələl gətirib. İş yoldaşlarının arasında onun hörmətini aşağı salıb. Bundan başqa anası yaşadıqları ərazidəki Mənzil İstismar Sahəsində xadimə işləyən Təzəgül Həsənovanın üstünə it qısqırtdığı üçün cərimə olunub. Anası ruhi xəstə olmasa da, onda şəxsiyyətin «paranoik» inkişafının cizgiləri hiss olunur.

Həsən Sultanzadə iddiasında göstərib ki, anasının və sonuncunun vəkilinin «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinə müsahibələri də onun nüfuzuna xələl gətirib. O, həm qəzetlər, həm anası, həm də sonuncunun vəkilinə qarşı təzminat tələbi irəli sürsə də, məhkəmə onun iddiasını rədd edib.

Alya Təmrazova da eyni məhkəmə prosesində oğluna və onu 1 saylı psixiatriya xəstəxanasına götürmüş həkimlərə, onu həmin xəstəxanaya qəbul etmiş həkimlərə qarşı qarşılıqlı iddia irəli sürüb. O, iddiasını belə əsaslandırıb ki, həkimlər onu müayinə etmədən, oğlunun tapşırığı ilə ruhi xəstəxanaya yerləşdiriblər.

Həmin məhkəmədə 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminin müavini Rauf Ələsgərov izahat verib ki, 19 sentyabr 2010-cu ildə evdə olarkən, növbətçi həkimə zəng edərək xəstəxanadakı vəziyyətlə maraqlanıb. Növbətçi həkim Həsən Qasımov xəstəxanadakı vəziyyət barədə ona məlumat verib və bir xəstə gətirildiyini deyib. Səhər işə gələndə xəstənin xəstəxanaya qəbul edildiyini bilib. Xəstə qəbul edildikdən sonra müayinə olunub və onda xəstəlik aşkar olunmadığından evə buraxılıb.

MƏHKƏMƏ ANANIN İDDİASINI TƏMİN ETMƏYİB

Xəstəxanasının şöbə müdiri Gülzar Abdullayeva da məhkəmədə baş həkimin müavininin izahatına oxşar izahat verib.
Namizəd Səfərov
Namizəd Səfərov

İzahat verənlərdən biri də Alya Təmrazovanı xəstəxanaya götürmüş 9 saylı Təcili Tibbi Yardım Stansiyasının psix-briqadasının həkimi Niyazi Quliyev olub. O, bildirib ki, 19 sentyabr 2010-cu il tarixdə dispetçer tərəfindən Bünyad Sərdarov küçəsi, 17 nömrəli evin 22-ci mənzilində yaşayan Alya Təmrazovanın adına çağırış olub. Həmin ünvana gedərək, Təmrazovanı 1 saylı Psixiatriya Xəstəxanasına aparıblar və növbətçi həkimə təhvil veriblər.

Məhkəmə Alya Təmrazovanın həkimlərə qarşı iddiasını təmin etməyib.

Hüquqşünas Namizəd Səfərov deyir ki, məhkəmə qərarı olmadan heç kəsi ruhi xəstəxanaya göndərmək olmaz. «Məhkəmə qərarı olmadan hər hansı şəxsin ruhi xəstəxanaya qəbul edilməsi də qanunaziddir».

«ADAM OĞURLUĞU» MADDƏSİ İLƏ ARAŞDIRMA APARILIR

Elə Alya Təmrazova da, yaşadığı binanın qarşısından məhkəmə qərarı olmadan təcili tibbi yardım maşınına mindirilərək, psixiatriya xəstəxanasına aparılmasını həm oğlu, həm də həkimlər tərəfindən oğurlanması kimi qiymətləndirir. Buna görə də o, prokurorluq orqanına müraciət edib. Bakı şəhər prokurorluğunda faktla bağlı cinayət məcəlləsinin «adam oğurluğu» maddəsi ilə araşdırma aparılır.

O ki qaldı Alya Təmrazova psixiatriya xəstəxanasında olarkən ev əşyalarının və pulunun oğurlanmasına, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin «Qaynar xətt»ə verdiyi məlumata görə, Alya Təmrazovanın şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin «oğurluq maddəsi» ilə cinayət işi başlanıb və istintaq gedir:

«İstintaqa Bakı şəhər Prokurorluğu nəzarət edir. Tərəflər dindirilib və istintaq hərəkətləri davam edir. İstintaqın gedişatında yeniliklər olduqca şikayətçi bu barədə məlumatlandırılacaq».

Alya Təmrazovanın yaşadığı binanın qarşısından «oğurlanması» faktı ilə bağlı araşdırma isə Bakı şəhər Prokurorluğunda aparılır.
XS
SM
MD
LG