Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:17

Bu il Daşkəsəndə məktəblərin əksəriyyəti odun sobası ilə qızdırılacaq


Gəncəbasar qəzeti

Gəncəbasar qəzeti

-

AzadlıqRadiosunun saytında hər gün oxucuları paytaxtda dərc olunan qəzetlərin qısa icmalı ilə tanış edirik. Ancaq Azərbaycanın əyalətlərində də qəzetlər çıxır və onların çoxundan başqa yerlərdə yaşayanların xəbəri olmur.

Bundan sonra vaxtaşırı onlara da yer verməklə əyalətlərdə baş verənlərə daha çox yer ayırmağa çalışacağıq. Seçilən yazılarda xırda ixtisarlar istisna olunmaqla heç bir dəyişikliyə yol verilmir.


«GƏNCƏBASAR» QƏZETİ:

Bu il Daşkəsəndə məktəblərin əksəriyyəti odun sobası ilə qızdırılacaq

Digər rayonlardan fərqli olaraq Daşkəsəndə qış daha uzunmüddətli və sərt keçir. Amma bütün bunlara baxmayaraq, çox az sayda məktəbdə müasir istilik sistemi quraşdırılıb. Ötən ilə kimi 7 məktəb qazanxanaların sayəsində qızdırılırdısa bu il onların sırasına daha 2 təhsil ocağı əlavə olunub. Bu isə mövcud təhsil ocaqlarının cəmi 10 faizini təşkil edir. Yerdə qalan məktəblər odun sobası ilə isidilir. Elə bu səbəbdən də hələ sentyabr ayında məktəblərin qışa hazırlığına başlanılıb.

Rayon təhsil şöbəsindən verilən məlumata görə, məktəblərdə qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.

Bəzi məktəblərdə qazanxanalar saz vəziyyətə gətirilib, bəziləri isə odun sobası ilə təchiz olunub. Daşkəsən rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev deyir ki, məktəblərə lazım olan qədər odun yanacağı verilib. Ona görə də bu sahədə heç bir problem gözlənilmir.

Hazırda Daşkəsən rayonunun 5 kəndində yeni məktəb binası tikilir. Növbəti dərs ilində həmin məktəblər də mərkəzləşmiş istilik sistemi ilə qızdırılacaq. Ümumilikdə isə 2013-cü ilin sonunadək məktəblərin istilik problemi tam aradan qaldırılacaq.

«Nazirlər Kabinetinin qərarı ilə daha 28 məktəbin tikintisi və təmiri nəzərdə tutulub. Təbii ki, bu işlər başa çatdırıldıqdan sonra Daşkəsəndə odunla qızdırılan məktəb qalmayacaq», deyə şöbə müdiri qeyd edib.

Daşkəsən rayonunda 46 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 4 mindən çox şagird təhsil alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG