Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:52

Gədəbəy məktəblərində müəllimlər çatışmır...


K. Qaramurad kənd orta məktəbi
K. Qaramurad kənd orta məktəbi
-

Şəmkir rayonunu keçib, Yasamal aşırımını aşandan sonra dağa dolanaraq uzanan yollar Gədəbəyə aparır. Bu rayonda yol boyunca çoxu kiçik daxmaya oxşayan evlər sisin-dumanın içindən güclə görünür. Ancaq burada təkcə evlər dumanda qərq olmur. Ucqar kəndlərdəki yaşam tərzi burada böyüyən uşaqlara aydın sabahlar vəd etmir. Hansı məktəbə girsən orada bir çox ixtisas müəllimlərinin çatışmadığını deyirlər. İxtisas müəllimlərinin olmadığı məktəblərdə ya həmin dərslər keçirilmir, ya da başqa fənn müəllimləri tədris edirlər. Yeni tədris ilində Gədəbəydə 300-dən çox müəllimə ehtiyac olub. Ancaq əvəzində bu rayona cəmi 96 müəllim təyinat alıb. Onların da 36-sı heç yeni iş yerlərinə tanışlıq üçün belə gəlməyiblər. İmtina ediblər. Gənclərin bu rayona gəlməkdən çəkinməsinin bir çox səbəbləri var.

Gəncə Dövlət Universitetindən məzun olmuş Səkinə Əliyeva Gədəbəy rayon Xarxar məktəbinə təyinat alsa da növbəti dərs ilində işləyə bilməyəcəyini deyir. O, Gəncədən Gədəbəyə getməyin çətin olduğunu və bunun əvəzində isə az maaş aldığından gileylənir:

«YENİ GƏLƏN MÜƏLLİMLƏR ÜÇÜN AZ MAAŞ AYIRIRLAR»

Arxiv foto
Arxiv foto
«İxtisasım tarix-coğrafiyadır. Mən qəbulda 23 bal topladım. Öz istəyimlə yazmışam Xarxar kəndini. Bir problem odur ki, yol uzaqdır. Marşrutla təmin olunmalıdır müəllimlər. Evlə təmin olunsaq yaxşı olardı.

- Burada uzun müddət işləməyi düşünürsən?

- Yox, işləmək fikrim yoxdur. Yol uzundur, Yasamal aşırımlarını çıxmaq mənim üçün çox çətinlik yaradır. Evim Gəncədədir, yol uzaqdır. Burada coğrafiya müəllimi bir mənəm. Biz o qədər məsafəni qət edib gəliriksə, bu öhdəçiliyi öz üzərimizə götürmüşüksə təminat yaxşı olmalıdır. Yeni gələn müəllimlər üçün az maaş ayırırlar. Həyat şəraiti təminatı var. Məni təmin eləməsə işləmərəm».

Gədəbəyin başqa bir kəndi Kiçikqaramuradda məktəblilərə riyaziyyat, informatika fənləri üzrə bilik verən müəllimə Türkan Məmmədova da Gəncə sakinidir. Deyir ki, müəllimliyi çox sevsə də təyinatı bu kəndə düşəndə məyus olub. Ailəsinin qərarı ilə hər gün yol qət etməmək üçün məktəbə yaxın başqa bir kənddə ev kirayələməyə məcbur olub:

«GƏLİB-GETMƏK ÇƏTİN OLUR»

«Qalmaq çətindir. Amma sənətimdir, uşaqları öyrətməliyik. 12 saat dərslə gəlmişdim. Kirayə haqqı verirəm. Qalıram. Gəlib-getmək çətin olur. Həvəsləndirmək üçün maaş artmalıdır. Onda seçim olar».

Kiçikqaramurad kənd orta məktəbinin 7-ci sinfində oxuyan Turanə Həsənova tərcüməçi olmaq istəyir. Lakin 117 şagirdin təhsil aldığı məktəbdə cəmi bir ingilis dili müəllimi var. Arzulayır ki, məktəblərinə ingilis dili üzrə yaxşı ixtisas müəllimləri gəlsin:

UŞAQLARIN ARZULARI...

- «Nəçi olmaq istəyirsən?

- Tərcüməçi. İngilis dili üzrə. İstəyirəm yaxşı ingilis dili müəllimimiz olsun. Yaxşı dərs keçsin. İxtisasını yaxşı keçən müəllim olsa, yaxşıdır».

Digər uşaqlar da bu arzuya qoşulurlar:

- «Savadlı müəllimlər lazımdır. Biz bir az uzaqda yaşayırıq deyə müəllimlər az olur. Savadlı müəllimlər olsa yaxşıdır».

- «İxtisas müəllimləri olmasa dərslərdə boşluq yaranar. Fizika müəllimimiz azdır, kimya müəllimi bir nəfərdir. Gəlsə yaxşıdırlar».

Eldəniz Hüseynov
Eldəniz Hüseynov
Kiçikqaramurad kənd orta məktəbinin direktoru Eldəniz Hüseynov da deyir ki, hazırda rəhbərlik etdiyi məktəbdə tarix və coğrafiya müəllimi yoxdur. İlin əvvəlində vakant yerlə bağlı təhsil nazirliyinə müraciət etsələr də heç kim həmin fənlər üzrə bu kəndə müəllimlik etməyə gəlməyib:

«BİZDƏKİ MÜƏLLİM 180 MANAT MAAŞ ALIR»

«Hazırda coğrafiya müəlliminə ehtiyac var. Alınabad kəndində ingilis dili müəllimi yoxdur. Yeganə məktəbdir bizdə var. Hazırda 117 uşaq var. 17 müəllim var. Həvəsləndirmələr olsa gənc kadrlar gəlib işləyərlər. Maraqlı deyillər. Təyinatla gələn müəllimin stajı az olduğuna görə, az maaş alır, dərs saatı azdır. Bizdəki müəllim 180 manat maaş alır».

Eldəniz Hüseynov deyir ki, əvvəlki illərdən fərqli olaraq ötən il məktəbdən 2 nəfər məzun ali məktəbə qəbul olub.

Gədəbəydəki müəllim çatışmazlığı ilə bağlı rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədovun fikrini öyrənirik. Deyir ki, bu il 36 nəfər Gədəbəyin kəndlərinə müəllimlik üçün təyinat alsa da gəlməyiblər. Onun deməsinə görə, hazırda Gədəbəy rayonunda 200-dən çox müəllim çatışmır. Təhsil idarəsinin müdiri deyir ki, gənc müəllimlərin müxtəlif bəhanələri olsa da əsas problem əmək haqqının az olmasıdır:

«30 NƏFƏRDƏN ÇOXU İŞ YERİNƏ GƏLMƏDİLƏR»

Gədəbəyin Xarxar kənd orta məktəbi
Gədəbəyin Xarxar kənd orta məktəbi
«96 nəfər imtahandan keçmişdi. Ancaq onların 30 nəfərdən çoxu iş yerinə gəlmədilər. 60 nəfər gəlib. Tək ucqar kəndlərə yox, lap yaxın kəndlərə də gələn yoxdur. Maaş azlığıdır. Uzaq yerdən gəlib 200 manata işləyəsi deyil ki. Tutaq ki, Mingəçevirdəndir, Sumqayıtdandır, necə gəlib-getsin?».

Ramiz Məmmədov müəllim çatışmazlığı probleminin aradan qaldırılması yollarından danışır. Deyir ki, müəllimlərin başqa regionlardan təyinatı ləğv edilməlidir:

«Çıxış yolu odur ki, bizdəki məktəblərə imkan versinlər ancaq yerli kadrları götürək. Gədəbəyli olsunlar. Hansı ki, ali məktəb oxuyublar. İldə heç olmasa 160 nəfər qəbul olur. Onun 20-30-u gəlsə boşluq dolar».

Gədəbəyin marşrut xətti belə olmayan dağlıq kəndlərində isə müəllimlər barmaqla sayılacaq qədər az saydadır. Burada savadsız böyüyən məktəblilər ağ tabaşirlə yazı lövhəsinə ana sözünü yazacaq müəllimlərini gözləyir.
XS
SM
MD
LG