Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:34

Azərbaycanda insan inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir...


Ramiz Mehdiyev

Ramiz Mehdiyev

-

«Azərbaycanda demokratiya, hüquqi dövlət quruculuğu sahəsində zəruri islahatlar aparılır». Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev «Azərbaycan 2020: Gələcəyə baxış» mövzusunda beynəlxalq konfransındakı çıxışında deyib.

Akademik Mehdiyev Azərbaycanın əksər göstəricilər – senzuranın ləğvi, ÜDM, yoxsulluğun azaldılması və sairə üzrə MDB ölkələri arasında lider olduğunu vurğulayıb.

ERMƏNİSTAN RƏHBƏRLƏRİ ÇOX TƏHLÜKƏLİ OYUNUN «PEŞKA»SINA ÇEVRİLİB

Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına təkan verəcəyini vurğulayan Mehdiyev deyib:

«Mən təcavüz anlayışını təsadüfən işlətmirəm. Beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılıb. Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirib, Azərbaycanı silahlı münaqişəyə sürükləyib və 20 faiz ərazilərimizi işğal edib. Vəziyyətin obyektiv dəyərləndirilməsi Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri hər zaman hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar. Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilib. Ermənistan rəhbərləri çox təhlükəli oyunun «peşka»sına çevriliblər, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər».

«AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ»

Ramiz Mehdiyev «Azərbaycan 2020: Gələcəyə baxış» konsepsiya layihəsindən də danışıb:

ÜDM-in 2012-ci il üçün proqnozu

ÜDM-in 2012-ci il üçün proqnozu

«Konsepsiya layihəsində qeyd olunub ki, nəzərdə tutulmuş hədəflərin reallaşması baxımından institusional potensialın gücləndirilməsi özündə üç əsas istiqaməti ehtiva edəcək: dövlət sektorunda insan resurslarının inkişaf etdirilməsi, elektron-hökumət fəaliyyətlərinin genişləndirilməsi, institusional islahatların davam etdirilməsi. Azərbaycan dövləti bundan sonra da vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şərait yaradacaq».
«Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaq. İqtisadi inkişafın innovativ xarakteri rəqabətə davamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaq».

«Bir qayda olaraq beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran böyük əksəriyyət məsələləri özündə ehtiva edib».

ÜDM 13.000 ABŞ DOLLARINA ÇATDIRILACAQ

Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir: «Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi, sosial və ekoloji məsələləri də əhatə edəcək. Bu imkan verəcək ki, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi iki dəfədәn çox artaraq, 13000 ABŞ dollarına çatdırılsın.

Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlanaraq enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə çevriləcək.

Azərbaycan dövləti əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dəstək verməklə yanaşı, həm də insan kapitalının inkişafında və orta təbəqənin gücləndirilməsində maraqlıdır. Bunun üçün təhsil və səhiyyə xidmətinin keyfiyyət və kəmiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyması, gənclərin potensialından geniş istifadə edilməsi, məşğulluğun artırılması və gender balansının qorunmasına ehtiyac vardır».

BMT NÜMAYƏNDƏSİ: «ÜDM-İN 6%-İ KƏND TƏSƏRRÜFATININ PAYINA DÜŞÜR»

Antonius Bernardus Broek

Antonius Bernardus Broek

Konfransda çıxış edən BMT İnkişaf Proqramının Azərbaycanda Rezident nümayəndəsi Antonius Broek isə deyib ki, Azərbaycanda ÜDM-in 45%-i neft və dağ-mədən sənayesi, cəmi 6%-i isə kənd təsərrüfatının payına düşür ki, bu, əhalinin cəmi 45%-ni əhatə edir.
Antonius Bruk Azərbaycanın ÜDM-ə görə Gürcüstan və digər ölkələrdən geri qaldığını deyir.

HƏR 100 NƏFƏRDƏN 65-İ İNTERNET İSTİFADƏÇİSİDİR

Ramiz Mehdiyev bildirib ki, bu gün Azərbaycanda insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir: «MDB məkanında senzuranın ləğvini irəli sürən birinci ölkə olan Azərbaycanda hazırda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla orta dünya göstəricisini təxminən iki dəfə üstələyir. Hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, həmçinin vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG