Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:53

Mim nədir?


MacKayla və Obama Ağ evdə
MacKayla və Obama Ağ evdə
-

İnternet fenomenləri


Mim - İnternetdə spontan, heç kəsin gözləmədiyi halda sürətlə yayılıb populyarlaşan deyim, foto, video və s. vahidlərə deyilir.

İngiliscə yazılışı - "meme"dir. Mim İnternetdə ən müxtəlif yollarla yayılır: forumlarda, bloqlarda, e-mail-lə, Facebook-da...

Bir fenomen kimi 21-ci əsrin ilk illərində yaranıb.

Bu sözü ilk dəfə Oksford professoru Dokinz özünün "Eqoist gen" kitabında istifadə edib - "çoxala bilən mədəni informasiya vahidi" mənasında.

İnternet erasının jurnalistləri isə yeni fenomenlə qarşılaşanda Dokinzin yaratdığı terminlə paralellər aparıb ondan istifadə etməyə başlayıblar.

McKayla-nın büzülmüş dodaqları

Amerikalı gimnast McKayla Maroney bu yay London olimpiadasında qızılın bir addımlığında büdrəmiş, gümüş medalla kifayətlənmişdi və kameralar onu milyonlarla tamaşaçıya fəxri kürsünün ikinci pilləsində pəjmürdə, büzülmüş dodaqları qulağının dibinə getmiş vəziyyətdə göstərmişdi. Onun üzünün bu ifadəsi "McKayla is not impressed" adıyla mimə çevrilmiş, İnternetdə yayılmış, fotoşop edilmiş, ağlagəlməz yerlərə "yapışdırılmışdı" (məsələn, Böyük Çin səddinə, olimpiya çempionu Usain Boltun yanına).

İdmançının özü isə mimi "məzəli" saydığını demişdi. Sonra isə olimpiyaçıların Amerika prezidenti Barak Obama ilə görüşündə ona şəbədə qoşanlara sataşmışdı da. Necə? Prezidentin özü ilə birlikdə "büzülmüş dodaq" pozası verməklə.

Chuck Norris haqda lətifələr

Chuck Norris
Chuck Norris
Hollivudun döyüş filmlərinin ulduzu Chuck Norris bu lətifələrin yaranmasına özü əsas verib desək yanılmarıq. Onun çəkildiyi filmlərdə o qədər inandırıcı olmayan səhnələr. bayağı ifadələr var ki... İnternet əhli də bəzəməkdə mahirdi. Aktyor haqda yaranan lətifələr əsasən qısa mübaliğəli deyimlərdi.

Məsələn:

Çak Norris qumbaraları atdı və 50 nəfər öldü. Sonra qumbaralar da partladı.

Əgər Çak Norris barmağını "rozetka"ya soxsa, onu çak vurar.

Çak Norrisin göz yaşları xərçəng xəstəliyinin dərmanıdır, sadəcə. o elə möhkəm oğlandı ki, heç vaxt ağlamır.


Bu cür saysız-hesabsız deyimlər bütün İnterneti başına alıb və mədəniyyət fenomeninə çevrilib. Hətta TV-lərdəki komedi-şoularda da istifadə edilir. Aktyorun özünə də bu barədə sual veriblər. Çak Norris deyimlərin bəzilərinin ona məzəli, bəzilərininsə qəribə gəldiyini söyləyib. Amma nə kimsədən incimək, nə də həmin deyimləri ciddi qəbul etmək fikrində olduğunu bildirib: "Uşaqdılar da".

"Davay, dasvidaniya"

Başqa nümunə axtarmayıb, video mimə elə Azərbaycan meyxanaçıları İntiqam və Ehtiram Rüstəmovların "Davay, dasvidaniya" video rolikini misal gətirək.

Ötən ilin noyabrında Astaradakı toyların birində çəkilən,.sonra Youtube-a yüklənən videoya indiyəcən təxminən 6 milyon dəfə baxılıb.

Meyxana Rusiya müxalifəti tərəfindən hökumət adamlarını istefaya çağırmaq üçün istifadə edildikdən sonra inanılmaz dərəcədə populyarlaşıb.

Rusiyalı reper Timati bu meyxanaya parodiya ifa edib, ondan müğənni Filip Kirkorov və başqalarını tənqid etmək üçün istifadə edib.

Meyxanaçıların özlərini isə Rusiya televiziyasına dəvət edərək müsahibə alıblar.

XS
SM
MD
LG