Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:14
-

«Prezident Administrasiyasında baş verən struktur dəyişiklikləri kurasiya işinin effektivliyini artırmaq məqsədi daşıyır».

Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov «Qafqazinfo»ya belə deyib. Prezident Administrasiyasında beş verən struktur dəyişiklikləri və təyinatları şərh edərkən.

Əli Həsənov Administrasiya rəhbəri Ramiz Mehdiyevə müavinlərin təyin olunmasını fəaliyyətin və koordinasiyanın gücləndirilməsi məqsədilə həyata keçirildiyini bildirir.

Yada salaq ki, noyabrın 29-da Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib. Bundan sonra dövlət başçısı İlham Əliyev Administrasiya rəhbəri Ramiz Mehdiyevə 4 müavin təyin edib: Əli Əsədov, Novruz Məmmədov və Zeynal Nağdəliyev, Vahid Əliyev.

«MƏHƏRRƏM ƏLİYEV KİMİ TƏCRÜBƏLİ BİR GENERALIN TƏYİNATI MÜSBƏT ROL OYNAYACAQ»

Əli Həsənov prezidentin sərəncamı ilə Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin yeni vəzifəyə təyin olunmasına da münasibət bildirib:

«Bu şöbə əvvəlcədən də mövcud idi, ancaq onun rəhbəri vəzifəsi vakant idi. Dövlət başçısının Məhərrəm Əliyevin bu vəzifəyə təyin olunması ilə bağlı qərarı sözü gedən sahə üzrə də fəaliyyətin güclənməsinə səbəb olacaq. Bu vəzifəyə Məhərrəm Əliyev kimi təcrübəli bir generalın təyinatı da burada müsbət rol oynayacaq».

Məhərrəm Əliyev bundan sonra prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinə müdiri olacaq.

«HƏMİN VİDEO QALMAQALDAN SONRA RAMİZ MEHDİYEV GETMƏLİ İDİ»


İsa Qəmbər

İsa Qəmbər

«Ramiz Mehdiyevin gedişi hazırlanır». Müsavat Partiyası başqanı İsa Qəmbər isə Prezident Administrasiyasında baş verən dəyişiklikləri şərh edərkən AzadlıqRadiosuna belə deyib.

«Hakimiyyət daxili gedişlər edir. Bununla bağlı saysız-hesabsız versiyalar var. Ancaq olan budur ki, Ramiz Mehdiyev mərhələsi bitir. Bu həm onun səhhəti ilə bağlıdır, həm də həmin video qalmaqaldan sonra Ramiz Mehdiyev getməli idi, onun bu vəzifədə qalması mümkün deyildi. Artıq Ramiz Mehdiyevin gedişi hazırlanır» deyir İsa Qəmbər.

ZAHİD ORUC: «TƏYİNATLAR RAMİZ MEHDİYEVİN MÖVQEYİNİ MÖHKƏMLƏNDİRİR»


Deputat Zahid Oruc İsa Qəmbərlə razılaşmır və düşünür ki, son təyinatlar Ramiz Mehdiyevin xeyrinədir.

«Sözügedən təyinatlar Ramiz müəllimin ölkə idarəçiliyindəki mövqeyini bir az da möhkəmləndirir. Bu ona imkan verəcək ki, ölkəboyu proseslərə daha çevik və adekvat reaksiya verilsin».

Zahid Oruca görə yeni təyinatlar əslində, Prezident Aparatının Administrasiyaya çevrilməsi ilə bağlı dəyişikliklərin davamdır:

Vəfa Quluzadə

Vəfa Quluzadə

«Tabeçilik prinsiplərinin dəqiqləşdirilməsi kurasiyaların daha sistemli aparılmasına imkan verəcək. Hesab edirəm ki, yeni təyinatlar çox əhəmiyyətli və təsirli olacaq. Mənim anlamımda dəyişikliklər tək bundan ibarət olmayacaq, dəyişikliklər davam edəcək».

VƏFA QULUZADƏ: «KOMANDANI GÜCLƏNDİRMƏK VƏ TƏZƏLƏMƏK GÖZLƏNİLƏNDİR»

Sabiq dövlət müşaviri Vəfa Quluzadəyə görə, bu təyinatlar, yenilənmə çoxdan olmalı idi: «Bu bir. İkincisi, indi seçki qabağıdır. Hamı hesab edir ki, seçkilər mürəkkəb olacaq. Ona görə komandanı gücləndirmək və təzələmək başadüşülən və gözləniləndir. Xüsusən də komandanı təzələməyə ehtiyac var».

NİYƏ KÖHNƏ KADRLAR?

İsa Qəmbər isə yeni təyinatlarla bağlı bir məqama diqqət çəkir: «Xaricdə təhsil alan, beynəlxalq təcrübə qazanan, yüksək səviyyəli yetərincə kadr var. Ancaq hakimiyyət yenə də köhnə kadrlardan istifadə edir. Bu da hakimiyyətin kadr bazasının zəif olduğunu, eləcə də onun süqut etdiyini göstərir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG