Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:01

Xəlil bəy Xasməmmədlinin Türkiyədəki unudulmuş məzarı tapıldı


Xəlil bəy Xasməmmədlinin İstanbuldakı məzarı

Xəlil bəy Xasməmmədlinin İstanbuldakı məzarı

-
«Məzarlığın bələdçilərindən soruşdum ki, elə bir məzar varmı onu heç kəs ziyarət eləmir? Dedilər, var!».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına 1918-ci ildə qurulan Cümhuriyyət hökumətinin ilk Ədliyyə və Daxili İşlər naziri olmuş Xəlil bəy Xasməmmədlinin (1875-1945) İstanbuldakı məzarını axtarıb tapan Bakı sakini Səbuhi Əliyev söylədi.

UNUDULMUŞ TƏK MƏZAR

Onun dediyinə görə, İstanbul Feriköy məzarlığında axtarışların bir nəticə vermədiyini görəndə, ağlına bu sual gəlib:

«Elə bir məzar varmı ki, onu heç kəs ziyarət eləmir? Dedilər biri var, heç kəs ziyarət eləmir… Məni düz gətirib Xəlil bəyin məzarının üstünə çıxardılar. Yadıma düşdü ki, sizin verilişinizdə qohumu Toğrul Cuvarlı demişdi ki, onun övladı olmayıb, təkcə Nəsib bəyin doğmaları vardı, onlar da rəhmətə gediblər…».

ONUN ÖVLADLARI BÜTÜN AZƏRBAYCAN XALQIDIR!

Səbuhi Əliyev Azadlıq Radiosunun «İz» proqramının «Cümhuriyyət fədailəri» silsiləsindən hazırladığı «Tənha Cümhuriyyətçi» verilişini dinləyəndən sonra çox təsirləndiyini deyir: «Məzarı görəndən sonra Xəlil bəyin doğrudan da, siz deyən kimi--tənha cümhuriyyətçi olduğunu gördüm. Bir az da kövrəldim. Nə olsun ki, onun övladı olmayıb? Onun övladları bütün Azərbaycan xalqıdır...».

XƏLİL BƏYİN SİNƏ DAŞI SINIBMIŞ…

Səbuhi Əliyev qəbirin sinə daşının qopub düşdüyünü söylədi: «Bilmirəm deyim, ya deməyim? Sinədaşı sınmışdı. Eləcə çəkdim, sonra düşündüm ki, yaxşı deyil, qoy düzəldək. Çağırdım məzarlığın baxıcılarını. Mənə kömək etdilər, qəbirin üstünü qaydaya saldıq. Amma məzarın yüngül bərpaya ehtiyacı var. Orada soruşdum. Dedilər, 200 dollar olsa yetər».

XƏLİL BƏYİN SON MƏNZİLİ AĞAOĞLULARIN YANINDADIR

Əhməd bəy Ağaoğlunun doğmalarının məzarları

Əhməd bəy Ağaoğlunun doğmalarının məzarları

Səbuhi Əliyev bir maraqlı nüansa da diqqət çəkdi: «Əhməd bəy Ağaoğlunun bütün doğmaları Xəlil bəyin qonşuluğunda dəfn olunub. Baxdım ki, 2007-ci ildə torpağa tapşırılan da var (Əhməd bəyin sonbeşiyi Gültəkin xanım bu ildə dünyasını dəyişib—S.İ.). Onların məzarı abaddır və gəlib-gedən var. Bəs, axı, görürsən ki, burada bir azərbaycanlının dağılmış məzarı var… Bu, bir daha bizim millət olaraq bir-birimizə sevgimizin azlığını göstərir».

XƏLİL BƏYİN MƏZARI GİRİŞ HİSSƏDƏDİR

S.Əliyev məzarın giriş hissədə olduğunu söylədi: «2-ci adadadır. Toğrul bəyə səhv məlumat veriblər. 22-23-cü ada deyiblər. Ona görə də, məzarı tapa bilməyib. Qəbrinin üstündə Xəlil bəyin 1945-ci ildə rəhmətə getdiyi yazılıb. Onun ölüm tarixini bəzən səhv yazırlar—1947 yazırlar. Doğum tarixini də 1975 deyirlər, amma üstündə 1870 yazılıb. Yəqin bu, daha düzdür».

FERİKÖY AVROPA HİSSƏSİNDƏ—ŞİŞLİDƏDİR

Qonağımız İstanbula bu səfərinin ikinci olduğunu qeyd etdi: «Birinci dəfə 2010-cu ildə getmişdim. Bir günlüyə. Odur ki, istədiyimi edə bilmədim. Soruşdum ki, Feriköy məzarlığı haradadır? Dedilər, mərkəzdə--Şişlidədir. Üstündən iki il keçdi. İkinci dəfə gedəndə, sizin elektron adresinizi öyrəndim və yazdım ki, Xəlil bəyin məzarını tapan oldumu? Yazdınız ki, yox, Türkiyədə oxuyan bir tələbə söz vermişdi ki, imtahanlardan sonra axtarışa başlayacaq, amma xəbər çıxmadı… Təəccübləndim və dedim—gedib tapacam».

Xasməmmədlinin təmizlənməmişdən əvvəlki məzarı

Xasməmmədlinin təmizlənməmişdən əvvəlki məzarı


DÜŞÜNÜRDÜM Kİ, 500 TƏLƏBƏ SƏS VERƏCƏK!

Səbuhi cəmi bir tələbənin söz verdiyinə üzüldüyünü də söylədi: «Mən elə bilirdim 500 tələbə səs verəcək! Əyləncəyə vaxt ayırırlar. Bir dəfə də çay içməyib məzarı axtarmağa gedərdilər… Mən məzarı axtarmağa gedən gün güclü yağış yağdı. Dostum dedi, gəl, gedək Boğaziçində gəzək, sonra axtararıq. Dedim, yox! İnanın ki, məzarı axtararkən yağış kəsdi…Elə bil yağış da bizə kömək oldu».

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ HAQQINDA «İZ» HAZIRLAYIN!

Səbuhi məzarı görəndən sonra Cümhuriyyət fədailərinə layiqli qiymət verilmədiyinə inanıb: «Adam onlardan əsl vətənpərvərliyi, Vətənə sevgini, millətə xidməti öyrənir. Məncə, biz onlara layiqli qiymət verməmişik. Birbaşa sahəm olmasa da, Cümhuriyyət tariximizə, dövlətimizin tarixinə aid daha çox informasiyaya malik olmağa çalışıram. İstərdim ki, «İz» proqramının «Cümhuriyyət fədailəri» silsiləsini davam etdirəsiniz. Bax, məsələn. Şəfi bəy Rüstəmbəyli barədə verilişi dinləmək istərdim. “Azərbaycan” qəzetinin redaktoru, Cümhuriyyət parlamentinin üzvü. O da İstanbulda—mühacirətdə dünyasını dəyişib. Yəqin bilirsiniz, parlamentin son iclasında M.Ə.Rəsulzadə bolşevik qoşunlarının Azərbaycana yetişdiyini kədərlə söyləyəndə, arxadan hönkürtü səsi gəlir. Hamı geri dönür. Sən demə, Şəfi bəy Rüstəmbəyli yenicə yaradılmış gənc dövlətin süqutuna dözməyib ağlayırmış...».

P.S. Şəfi bəy Rüstəmbəyli haqqında «İz»i yaxın vaxtlarda dinləyə bilərsiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG