Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:31

Ləgər-Qışlağın və Xudatın qıfıllanmış məscidləri


Ləgər-Qışlaqdakı məcsid
Ləgər-Qışlaqdakı məcsid
-

Qusarın Ləgər-Qışlaq kəndində ibadətlə məşğul olan insanlar deyir ki, kənddəki məscidlər dağılıb gedir. Kəndin inanclı sakinlərinin sözlərinə görə, uzun illərdir ki, baxımsızlıqdan kənd məscidlərinin qapısı qıfıllı qalıb. Onlar məscidlərin təmir-bərpa olunaraq onlara qaytarılmasını istəyirlər.

Kənd sakini Hacı Məmməd: «Bu məscidin tarixini dəqiq bilmirəm, ancaq bilirəm ki, 1 əsrdən yuxarı yaşı var. Gördüyünüz kimi, bu vəziyyətdədir. 10-15 il əvvəl gəldilər, məscidin içərisində ölçdülər-biçdilər, «çertyoj» çəkib getdilər. Hələ də ortada bir iş yoxdur. İbadət üçün burdan Xudata gedirəm, burdan xeyli uzaqdadır. Bunun qışı var, yayı var, gedib-gəlmək olmur».

Döşəmələri, divarları uçulmuş məsciddə uzun illərdir ki, bir siçovullar meydan sulayır, bir də ətrafda yaşayan uşaqlar. Məscidin geniş, ancaq qaranlıq və sınıq-salxaq döşəməli otaqları ibadət ocağını oyun meydançasına çevirmiş uşaqlar üçün də təhlükəlidir.

«İSTƏYİRİK Kİ, KƏNDİN CAVANLARI PİS YOLA DÜŞMƏSİNLƏR»

Hacı Məmməd deyir ki, məscidin təmir olunub, ibadətlə məşğul olan insanların istifadəsinə qaytarılması üçün rəsmi müraciət etməsələr də, təşkilatlar özləri vəziyyətdən xəbərdardırlar.

Həmin kənddə yaşayan Ələddin İbrahimov: «İstəyirik ki, kəndin cavanları pis yola düşməsinlər, ibadətə gəlsinlər, ancaq məscidimiz yoxdur».

Hacı Məmməd
Hacı Məmməd
Hacı Məmməd ibadət üçün Xudat şəhərindəki məscidə uzun yol qət etdiyini desə də, bu şəhərin sakinləri isə yalnız İmam Hüseyn məscidinin istifadəyə yararlı olduğunu, digər məscidlərin uzun illərdir ki, qıfıllı qaldığını deyirlər.

HARA BAXIRSAN İNKİŞAF GEDİR... ANCAQ MƏSCİDLƏR DAĞILIR

Şəhər sakini Nadir Xosrovoğlu: «Bu şəhərdə xəstəxanalar bundan da pis vəziyyətdə idi. Ancaq bağlanmadı, təmir edildi və istifadəyə verildi. Məscid də bağlanmaya bilərdi. Bağlananda düşünürdük ki, yəqin təmir edib özümüzə qaytaracaqlar. Ancaq neçə ildir gözləyirik. Təmir də yoxdur. Özümüz pəncərələrinə dəmir barmaqlıqlar vurmuşuq ki, uşaqlar içəri girib, olan-qalanı da dağıtmasınlar. Hara baxırsan inkişaf gedir, parklar tikirlər, ancaq məscidlər dağılır gedir, baxmırlar».

Ləgər-Qışlaq sakinlərindən fərqli olaraq, Xudat şəhərinin sakinləri dağılmış məscidin bərpası üçün yerli bələdiyyəyə rəsmi müraciət ediblər, ancaq problemin müsbət həllinə nail ola bilməyiblər.

Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarov isə deyir ki, imkanları daxilində məscidlərə diqqət göstərirlər. Baxımsız qalanlar isə qeydiyyata alınmayan məscidlərdir.

QEYDİYYATSIZ MƏSCİDLƏR...

Elman Allahyarov
Elman Allahyarov
Bələdiyyə sədri: «Burda İmam Hüseyn məscidi var. Bu yaxınlarda qadınlara aid hissəsində təmir işləri apardıq, döşəməni dəyişdik, divarları rənglədik, dəhlizi təmir etdik, indi normal vəziyyətdədir. Sizin dediyiniz Axundov küçəsindəki məscid isə qeydiyyata alınmayıb. Ora o vaxt yarımçıq tikilib, sonra da istifadəyə yararlı olmadığına görə bağlanıb».

- Sakinlər deyirlər ki, o məsciddə əvvəllər ibadət edirlərmiş...

- «Elə deyirlər. Ancaq yəqin ki, elə bu vəziyyətdə istifadə ediblər. Mən gördüyüm dövrdə yararsız vəziyyətdə idi. Tikilib başa çatmayan məscid olduğuna görə bağlandı. Qeydiyyata alınsa və qeydiyyata alındıqdan sonra bizə müraciət olunsa, həmin məscidə də diqqət göstərərik».

Bələdiyyə sədri deyir ki, qeydiyyata alınmayan qəzalı məscidlərdə ibadət etmək istəyənlərin özləri həmin məscidlərə əl gəzdirə bilərlər.

Ancaq ibadətlə məşğul olan insanlar maddi imkanlarının buna imkan vermədiyini deyirlər.
XS
SM
MD
LG