Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:01
-
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üzv ölkələrdə nifrətin bais olduğu cinayətləri araşdırıb.

2011-ci ilə dair hesabat zorakılıq, hədələmə, vandalizm, qəsdən yandırma, qətl kimi cinayətlərin səbəblərini öyrənib.

Tədqiqatçılar baş verən cinayət hadisələrində irqi, dini, etnik qisasçılığın faizini araşdırıb. Nə qədər adam və ya qrup gender, transeksual, cinsi oriyentasiyasına görə hədəfə alınıb?

Araşdırmalara görə, hətta kimsə zəif olduğuna, əlindən bir iş gəlmədiyinə görə də cinayət qurbanı ola bilərmiş. ATƏT-in hesabatında deyilir ki, «nifrət cinayətləri» qərəzçilik motivi ilə törədilən hadisələr sayılır.

Məsələn, hesabata görə, nifrət motivli cinayətlərin 19 faizi seksual oriyentasiyaya görə törədilib. Bu qəbildən olan hadisələrin 33 faizi isə dərisinin rənginə görə baş verib.
ATƏT-in araşdırmasına görə, 2011-ci ildə törədilmiş bu tipli cinayətlərin 35 faizi etnik, 15 faizi gender zəminində baş verib.

Cinayətlərin 13 faizi isə sadəcə adamın bacarıqsız, əlindən bir iş gəlməməyi səbəbindən törədilib.

ATƏT-in araşdırmasında bu sıradan olan cinayətlər ölkələr üzrə də təsnifatlandırılıb.

Araşdırmaya əsasən, son iki ildə Azərbaycanda iki «nifrət cinayəti» baş verib. Ötən il baş verən hadisə dini motivli sayılır.

«AZƏRBAYCAN TOLERANT ÖLKƏDİR»

Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə ATƏT-in bu məlumatı haradan əldə etdiyini izah edə bilməyəcəyini deyir. Çünki DİN-in statistikasında «nifrət cinayətləri» deyə bir təsnifat aparılmır.
Orxan Mansurzadə

Orxan Mansurzadə


Müsahibimiz onu da əlavə edir ki, Azərbaycanda dini-irqi ayrı-seçkiliyə və ya antisemitizmə görə zorakılıq halları baş verməyib. O.Mansurzadə bunu tolerantlıqla izah edir. Amma deyir ki, qanunvericilikdə dini-irqi-etnik-cinsi ayrı-seçkiliyə görə məsuliyyət nəzərdə tutulur.

Bəs Azərbaycanda zorakılıq, gender problemləri üzündən baş verən cinayətlər necə təsnifatlandırılır? O.Mansurzadə deyir ki, ola bilsin, kriminoloji təhlil apararkən ailələrdə baş verən qətl hadisələri və ya hücumlar ailə münaqişəsi kimi izah olunsun. Amma bu tipli hadisələr zamanı qəsdən adamöldürmə və ya qəsdən sağlamlığa zərər vurma maddələri ilə cinayət işi qaldırılır.

BÖYÜK BRİTANİYADA 45 MİN «NİFRƏT CİNAYƏTİ»

ATƏT-in hesabatına əsasən, ötən il Böyük Britaniyada baş verən cinayət hadisələrinin 44500-ə yaxını nifrət motivli olub. Bu hadisəni törədənlərin 15 mini məhkəmə məsuliyyətinə cəlb edilib.

Belçikada bu motivli 1100-dən çox hadisə baş verib. 2010-cu ildə isə bu ölkədə belə hadisələrin sayı 1200 olub.

Belçika ilə müqayisədə Almaniya nifrət motivli cinayət hadisələrinin çox baş verdiyi ölkə sayıla bilər. 2009-cu ildə bu ölkədə 5 minə yaxın, ötən il isə 4 mindən çox belə cinayət törədilib.

ABŞ da nifrət motivli cinayətlərin törədildiyi ölkələrdən biridir. 2011-ci ildə orada baş verən cinayətlərin 8 mini bu motivdə qiymətləndirilib.

ATƏT bu hesabatı 36 ölkənin məlumatları əsasında hazırlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG