Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:21

84 yaşlı Zərgərpalanlı


Tahir Salahov
Tahir Salahov
-
Noyabrın 29-da, amma 84 il öncə Tahir Salahov dünyaya gəlib.

Onun saysız-hesabsız titullarını qəsdən sadalamadım: Azərbaycanın xalq rəssamı, SSRİ xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsinin həqiqi üzvü... Nə deməklə, nə də yazmaqla bitir...

Belə deyək ki, bu gün, sadəcə bakılı rəssam Tahir Salahovun doğum günüdür.

O, 1928-ci ildə Bakının mərkəzində -- Zərgərpalan küçəsində doğulub.

Repressiya maşını onu uşaqlığına silinməz və kədəri bitməz kölgə salıb.

Partiya işçisi olan atası Teymur kişi tutulub güllələnəndə (1938, 4 iyul) Tahirin heç 10 yaşı yox idi...

Anası Sona xanım 5 uşağı tək böyütməli olub.

«20 il qapımızı heç kəs açmadı...» – bir müsahibəsində Tahir Salahov belə deyib – «...qorxudan—xalq düşməninin evi idi axı. Biz sanki təcriddə yaşayırdıq…».

Atasının vur-tut 9 il qayğısını görüb, ancaq rəssam olmağa onu məhz atası ruhlandırıb.

Balaca Tahirin atası gümüşü mürəkkəbqabının altına 1 manat pul qoyub uşaqlara deyərmiş: «Görək, bu gün Chapayev-in rəsmini kim yaxşı çəkəcək?».

Bu tapşırığı verəndən sonra Teymur kişi özü gedirmiş yatmağa. Uşaqlar da gecəyarısınadək çalışarlarmış...

Gələcəyin böyük rəssamı, yəqin, bu səbəbdən peşə seçməyə çətinlik çəkməyib.

Və nə yaxşı da Tahir Salahov başqa sənət seçməyib. Yoxsa indi bizim dünya səviyyəli bir rəssamımız az olacaqdı.

Tahir bəy uzun illər boyu saysız-hesabsız rəsm çəkib.

Əsərləri ölkə-ölkə dolaşıb.

Yeri gəlmişkən, Tahir Salahovun «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Ev-Muzeyində noyabrın 28-dən əsərləri sərgilənir.

Onun Azərbaycana bağışladığı rəsmlər də, şəxsi arxivi də orada nümayiş olunur.

Fürsəti qaçırmayın.

P.S.: Bu yaxınlarda Milli İncəsənət Muzeyində Tahir bəyin böyük ölçülü bir əsərinə heyrətlə baxdım.

Rəsmdə gələcəyi hədəfləyən insan obrazı təsvir olunmuşdu.

Bələdçidən bu əsərin nə zaman çəkildiyini soruşdum.

Düzü, 60-cı illərin məhsulu olduğunu biləndə təəccübləndim.

Əsərdən müasirlik süzülürdü...

Qürurlandım.

Tahir Salahov hər dövrün yaşıdı olacaq sənətkardır!

Və can Bakımız belə övladı olmasıyla fəxr edə bilər.

Qoy Bakıya paxıllansınlar...
XS
SM
MD
LG