Keçid linkləri

Təcili xəbərlər

105 il öncə noyabrın 28-də Bakı matəmə bürünmüşdü


-
​28 noyabr 2012-ci il.

Bu tarix sizin üçün heç nə ifadə etmir, deyilmi?

Amma düz 105 il öncə noyabrın 28-də bütün Bakı matəmə bürünmüşdü. Nə yaxşı ki, o matəm günündən şəkil də qalıb.

Əziz oxucum, düz 105 il əvvəl elə bu gün Azərbaycanın ən böyük fikir adamlarından biri—Həsən bəy Zərdabi son mənzilə yola salınırdı...

Həsən bəyin o vaxt cəmi 65 yaşı vardı.
Yaşadığı keşməkeşli həyat öz işini görmüşdü.

Həsən bəy yaşından qoca görünürdü...

Kürəkəni Əlimərdan bəy Topçubaşov 1925-ci ildə Parisdə mühacirət həyatı sürərkən «Əkinçi» qəzetinin 50 illik yubileyi münasibətilə bir məqalə yazıb—«Azərbaycanın yolgöstərəni» adlı.

Ruhu şad olsun Əlimərdan bəyin! Uzaq Parisdə qayınatasının bütün həyatını qələmə alıb və bəlkə də, bizə nə qədər qiymətli qaynaq qoyduğunun fərqində olmayıb...

Onun bir cümləsi heç yadımdan çıxmır. Əlimərdan bəy Zərdabinin «Əkinçi»nin bağlanmasından sonrakı Stavropol sürgünündə çəkdiklərindən belə bəhs edir:

«Gərgin fikirlər, Stavropolun soyuq iqlimi ilə bağlı mənəvi əzablar Həsən bəyin səhhətini pozdu. Bu, hər şeydən öncə onun əsəb sisteminə təsir göstərdi—tez-tez əsəbiləşirdi, başa qan vurması ilə bağlı «zərbələr» və s. baş verirdi. Həsən bəyin zahiri görkəmi də dəyişdi. Daha o, şux qamətli, enlikürək, qəşəng qarasaqqalı, nüfuzedici gözləri olan təravətli işçi deyildi...».

Bu ilk sürgün illəri idi. Hələ bundan sonra «Vətənə sürgün» başlayırdı. Stavropoldan sonra Həsən bəyi Bakıda məskunlaşmağa qoymadılar və bu böyük insan illərlə Zərdabda yaşamağa məcbur oldu və Bakıya təkrar XIX əsrin sonlarında qayıda bildi...
Həsən bəy Dumaya deputat seçildi və fəaliyyəti dövründə yeni zərbələr aldı...
Bakıya su kəməri çəkilməsiylə bağlı qalmaqal onu hövsələdən çıxardı.

Belə zərbələrin birində -- 1905-ci il hadisələri (erməni-müsəlman davası) dövründə bu qırğının qarşısını almaq üçün bütün gücündən istifadə edən Həsən bəy barədə qızı Qəribsoltan xanım yazırdı:

«Həmin günlərdə atam tanınmaz dərəcədə dəyişdi: üzü arıqladı, gözləri quyunun dibinə düşdü və xəstə adamın gözləri kimi soyuq bir işartı ilə parıldadı».

1907-ci ilin noyabrın 28-i.
Deyirlər həmin gün hava çox soyuq və yağışlı olub. Bakı ilk dəfə imiş ki, belə izdihamlı dəfnə şahidlik edirmiş.

Qəribsoltan xanım yazır ki, insanlar gecə-gündüz bilmədən, fasiləsiz axınla gəlib mərhumla vidalaşırdılar.

Mərhumun cənazəsi evindən--İçərişəhər, Qoşa Qala Qapısının yanından qaldırılıb Qasım bəy Məscidinə gətirilir.

Həsən bəyin portreti, «Əkinçi»nin ilk nömrəsinin çərçivəyə alınıb güllərlə bəzədilmiş rəsmi və mərhumun bioqrafiyası əllərdə tutulur.

İlk mitinq məsciddə keçirilib. Əhməd bəy Ağayev (Ağaoğlu), Qara bəy Qarabəyov, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Rayevski və b. çıxış edirlər.
Sonra dəfn karvanı indiki Azərbaycan prospektindən keçib «Kaspi» qəzetinin redaksiyasına tərəf yol alır. («Kaspi» Sabirin heykəlinin yanında yerləşirmiş).
Burada növbəti matəm mitinqi keçirilib.

İzdiham «Nikolayevski» (İstiqlaliyyət) küçəsindən yuxarı qalxıb uzun illər mərhumun deputatı olduğu Bakı şəhər Dumasının binasında dayanır.

Dumanın qarşısında daha bir mitinq keçirilir. Eyvandan İsa Bəy Aşurbəyovun, Məhəmməd Sadıq Axundovun, Jinoridzenin və b.-nın nitqləri səslənir. Mərhumun Vətən qarşısındakı xidmətləri sadalanır.

Sonra «Sadovı» (Niyazi) küçəsindən bulvara tərəf dönüb indiki «Azneft» meydanında mərhumla vidalaşırlar.

Bundan sonra izdiham Bibiheybət Məscidinə tərəf yol alır.

Millətin Mənəvi Atası burada -- ən say-seçmə adamların dəfn edildiyi məscidin həyətində torpağa tapşırılır…

Bakı qəzetləri bir neçə gün bu möhtəşəm dəfndən yazırlar. Ona şeirlər, yazılar həsr olunur. Mərasimdə çıxış edənlərin nitqləri təzədən çap edilir.

Ən təsirli matəm sözü İsa bəy Aşurbəylinin söylədiyi nitq sayılır.

İsa bəyin dedikləri bizə çatmasa da, yuxarıda adını sadaladıqlarımın söylədikləri tarixdə qalır.

Bu söylənilənlərin içində məni ən təəccübləndirən başqa millətlərin Həsən bəy haqqında dedikləridir. Onlar eynən bizim kimi, belə böyük şəxsiyyətin sadə bir daxmada («laçuqa»da) quru taxtın üstündə canını tapşırmasına yanırlar!

Eynən bizim kimi, onun Bakıya gəldiyi dönəmi xatırlayır, «o, istəsəydi, nələrə sahib olmazdı» deyirlər.

«Sənin ölümün bizə Vətən üçün necə işləməyin, onu necə sevməyin yolunu göstərdi» --deyirlər.

«Belə insanlar müsəlmanların içində azdır, hətta yoxdur» - yazırlar!

«Sənin adın unudulmamalıdır!» - deyə vurğulayırlar…

Əziz oxucum! 105 il öncə olmuş dumanlı—çiskinli, tarixə ən izdihamlı matəm günü kimi düşmüş bir Bakı tarixinə nəzər saldıq.

Həsən bəy haqqında nə qədər yazsam da, sözüm bitmir-tükənmir.

Bu dəfə sözümü Əlimərdan bəyin yazdığı məqalənin başlığı ilə bitirirəm.
O, haqlı olaraq öz qayınatasını—millət atasını «Azərbaycanın yolgöstərəni» adlandırmışdı…

Həsən bəy hələ də bu missiyanı davam etdirir.

Vətən üçün necə yanmağın simvolu kimi!!!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG