Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:35

Bakıda Gənclərin Beynəlxalq Film Festivalı keçirilir


Noyabrın 28-30-da Bakıda VIII «START» Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək.

Təşkilatçı Gənclər və İdman Nazirliyi və «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzidir.

Festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 80-ə yaxın film daxil edilib.

Festivala 20 ölkədən 250-dən çox film göndərilib. Ölkələrin sırasında Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, və digərləri var.

Filmlər saat 11:00-dan başlayaraq, Nizami Kino Mərkəzinin Kiçik Zalında göstəriləcək. Giriş azaddır.

Festivalın direktoru Fehruz Şamıyev AzadlıqRadiosuna bildirib ki, məqsəd azərbaycanlı gənc rejissorların əcnəbi həmkarları ilə ünsiyyətini qurmaq, onların əsərləri ilə tanış olmasına şərait yaratmaqdır: «İstəyirik ki, bizim gənclər bilsinlər ki, öz həmyaşıdları olan italyanlar, ispanlar, almanlar nə çəkir, hansı mövzulara müraciət edir. Hansı texnikadan, hansı dramaturji vasitələrdən istifadə edir. Ona görə də hesab edirəm ki, festival gənclər üçün əhəmiyyətli olacaq».

Müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropa festivallarında mükafat almış kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Yerli müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli Münsiflər Heyəti, beynəlxalq müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq Münsiflər Heyəti heyəti seçəcək.

Müəlliflərin ekran əsərləri «Ən yaxşı bədii film», «Ən yaxşı sənədli film», «Ən yaxşı cizgi filmi», «Ən yaxşı eksperimental film» və «Ən yaxşı film - Qran Pri» uğrunda yarışacaq.

«START» Gənclərin Beynəlxalq Film Festivalı ilk dəfə olaraq 2004-cü ildə «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis edilib.
XS
SM
MD
LG