Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:35

Balayar Sadiq. Sonetlər çələngi


Balayar Sadiq
Balayar Sadiq
-

Balayar Sadiq


ÜMİD SƏNGƏRİ

Sonetlər çələngi

I

Daha kişnəməyir ümid atları,
Torpaq tək taleyin üzü soyuqdu.
Paslanmış qılıncdı qeyrət yolları,
Arzular ürəyə sancılan oxdu.

Tarix sarıdimdik sərçə balası,
Səbrimin ovcunda hələ dən gəzir.
Qaraçı köçütək ürəyim indi,
Sözlərin içində yurd, vətən gəzir.

Səsin çimdikləmir səbrimi daha,
Indi xan şöhrətim batıb günaha.
Başıma düşmədi, başımın daşı.
Dünyaya heyrətim yıxılıb taxtdan,
Sən ki xəbərsizsən taledən, baxtdan,
Niyə gözüm yaşdı, daşımın başı?

2

Niyə gözün yaşdı, daşımın başı,
Ağrın ağrıtmadı hansı alçağı.
Yerlərin göylərə bir üsyanıdır,
Didərgin ellərin dərd alaçığı.

Başlarmı yekəlib, papaqmı dardı,
Başlar sığışmayır papaq altına.
Papaqsız başları yığmaqmı olar,
Al qana bələnmiş bayraq altına.

Ölüm papağını basıb gözünə,
Ümid əllərini qısıb köksünə.
Çalan yox bu qopuz, bu saz yolları.
Şəhid məzarına bənzəyir sözüm,
Üstündə saç yolur, ağlayır dözüm,
Köynəkdən çıxmayıb qisas yolları…

3

Köynəkdən çıxmayıb qisas yolları,
Söykən öz dərdinə şəhid balası.
Ətəyi arından uzun olanın,
Düşmür sümüyünə qeyrət havası.

Papaqsız başlardan nə deyim sənə,
Papaqlı başın da dərdi min papaq.
Gəl, ömrün küncünə qısılaq bir az,
Bu ömrün içində dərddi yaşamaq.

Uzaqdan görünən vətən dağları,
Vətən ağrıları, vətən dağları,-
Səbrimi islatmır gözümün yaşı.
Günüm itkin düşüb, ilim didərgin,
Ocağım qaralıb, külüm didərgin-
Köynək-köynək yanır ərən yaddaşı.

4

Köynək-köynək yanır ərən yaddaşı,
Təsəlli sözünün bükülüb beli.
Çadırda doğulan hər bir körpənin
Bükün bələyinə “Baş Sarıtel”i.

Pərdə-pərdə əmsin saz havasını,
Qoy qılınc qurşasın yuxularında.
Indidən əjdaha başı kəsməyə
Keçsin köynəyindən nağılların da.

Qələbə gününə gün düşsün deyə,
Hünər dünyasıyla görüşsün deyə,
Yatıb yalmanına çatsın illəri.
Üşüyür o yurdda qaralan ocaq,
Həsrət koynəklidir o dərə, o dağ
Gözü yaşla dolub xatirələrin.

5

Gözü yaşla dolub xatirələrin,
Yoxdu xəbər- ətər yurd yerlərindən.
Ümid köynəyini güllələr deşib-
Köksün lalə-lalə alışıb, Vətən.

Başımın daşından dünya görünür,
Daşımın başından bir ovuc torpaq.
Ah, səni söyməyə dilim də gəlmir,
Bəs nə deyim sənə, qaragül papaq?

Vallah, çatmır əlim, çatmır qılınca,
Bu dəli inadım haqqın dalınca,
Ömrümü sapandtək qolaylayıbdı..
Ilahi, özümü özüm ağladım,
Bir cüt göz yaşımdan ocaq qaladım-
Heyrət dizlərini qucaqlayıbdı…

6

Curət dizlərini qucaqlayıbdı,
Heyrət papağını daha yan qoyub.
Tanrı alnımızın qırışı altda
Haqqa qovuşmağa bir ünvan qoyub.

Yollar iki başlı, bir ayaqlıdı,
Yüyür tək ayaqla başlara sarı.
Ağla, gözlərindən yollar tökülsün,
Daşlığından daşan daşlara sarı.

Göz-gözü görməyən bu qaranlıqda,
Oturub bəxt adlı xarabalıqda,
Varaqla səbrini bir kitab kimi.
Burda qəm ağnayıb, dərd ulayıbdı,
Tanrı taleyimə ünvanlayıbdı,
Alın yazısını son məktub kimi.

7

Alın yazısını son məktub kimi,
Tanrı möhürləyib mənə göndərib.
Ömrümün bəxt adlı çiçəklərini,
Qara gün qurudub, qara gun dərib.

Sındı ürəyimdə, bu misra sındı,
Sözün səsi axır damarlarımda.
Ömür sularına top atmışam ki,
Səsdən qırılmasın damarlarım da.

Dartıb yüyənini saxla bu vaxtı,
Üzü mənə sarı gələn bu baxtın,
Üzünü-gözünü dərd yalayıbdı.
Qəfil itiribdi yer ləngərini,
Bu dərd qoşununu, qəm ləşkərini
Bu ömrün üstünə kim yollayıbdı?!

8

Bu ömrün üstünə kim yollayıbdı,
Bu qəmli yolları, dərdli yolları?!
Əcəl məktubumun imza yerində
Allahla bəndənin cütdü “qol” ları.

Ruhum “Misri” üstə köklənsin gərək,
Çıxar köynəyindən, çıxar bu sazı.
Düşmən tifaqına endirəcəyəm,
Siyirib qılınc tək Kürü, Arazı.

Yalansa doğranım öz qılıncıma,
Məslək qılıncıma, söz qılıncıma.
Yalansa, kor olsun bu od, bu ocaq,
Qayıt, ərən ruhum, özümə qayıt,
Ulu inam adlı sözümə qayıt,
Qələbə yolları qoy açsın qucaq.

9

Qələbə yolları qoy açsın qucaq,
Qırılsın kədərin, dərdin ilməsi,
Şəhid balasının dodaqlarını
Öpsün şirin-şirin zəfər nəğməsi.

Döyüşçü qardaşım, qisas paltarı-
Nə güllə keçirir, nə də ki, ağrı.
Torpaq həsrətinin zirvəsinə sanc,
Qəlbindən asdığın üçrəng bayrağı.

Gəl, bu həqiqəti nə unut, nə dan,
Torpağa tökülən hər damla qandan,
Vətən doğulacaq, Vətən doğacaq.
Baxın çinar boylu, ər oğullara,
Üşüyən ümidi səpin yollara,
Hər əsgər qədəmi ocaqdır, ocaq.

10

Hər əsgər qədəmi ocaqdır, ocaq,
Isin hənirinə, isin oduna.
Şərəflə baş əyir ərən vüqarı
Yurdun çiçəyinə, yurdun otuna.

Sükut çiliklənir dodağım altda,
Sevincdən misramın gözləri dolur.
Qəlbimdən yol alan hər misra, hər söz ,
Qələbə ətirli əsgər yoludur.

Ürəkdə bir ümid işığı yansın,
Cəsarət dənizi qoy dalğalansın,
Ömrə bayraq kimi sancılsın hünər.
Gözünə nur dolsun arzunun, kamın,
Ürəklərdən keçsin yolu inamın,
Hər addım səsiylə Vətən isinər.

11

Hər addım səsiylə Vətən isinər,
Çiçəyi çırtlayar ulu dağların,
Aydınlıq nəğməsi oxuyar sular,
Yuxusu qarışar qaranlıqların.

Hövldən kədərin bağrı çatlayar,
Əllər ağrılara qəbir qazacaq.
Bir şəhid balası, bir köçkün qarı,
Alın yazısını daşa basacaq.

Vətən ağrısından keçən ürəyim,
Vətən ağrısını içən ürəyim,
Doğra, xıncım-xıncım, doğra kədəri.
Haqqın dərgahında qüdrətim, əyil,
Zalımın zülmüylə yenilən deyil,
Alınmaz qaladı ümid səngəri.

12

Alınmaz qaladı ümid səngəri,
“Cəngi” sədasına dağlar oyansın.
Hər vətən oğlunun qan yaddaşında
Qeyrətli, cürətli çağlar oyansın.

Dola ,bu kəfəni, boynuma dola,
Bir şəhid harayı keçir içimdən.
Özüm-öz uğrumda döyüşəm gərək,
Çölüm də Vətəndi, içim də Vətən.

Durmuşam döyüşçü sıralarında,
Bu inam qoxulu misralarımda,
Çağlayır Bərgüşad, axır Həkəri.
Taleyin payızı, qışı üstünə
Amansız düşmənin başı üstünə,
Siyir qeyrətini vətən əsgəri.

13

Siyir qeyrətini vətən əsgəri,
Deməklə azalmır yurdun ağrısı.
Yaralı Vətənin canından keçir
Çiçəyin, ağacın, otun ağrısı.

Səngər qoxusuna bələnən ömrüm,
Vətən taleyini bağrına basıb.
Heçə yol alnımın qırışlarında
Snayper gülləsi yolunu azıb.

Can nəyə gərəkdi, cürəti yoxsa,
Qan nəyə gərəkdi, qeyrəti yoxsa,
Yetər söz içində at çapdı hünər.
Yoluna boylanır, hər qaya, hər daş,
Şığı qartal kimi, döyüşçü qardaş,
Cürətdən, hünərdən ölüm diksinər.

14

Cürətdən, hünərdən ölüm diksinər,
Heyrətdən allanar dərdin yanağı.
Yurdun ağrısından keçməyən ömrü
Bir ovuc isitməz vətən torpağı.

Yanır pərdə-pərdə Şəmşirin sazı,
Göyçədə göynəyir Dədə Ələsgər.
Ruhu köklənibdi “Ruhani” üstə,
Qəbrindən çağırır: “İgid, tələs, gəl”!

Yurudun harayına yetmirsə bu can,
Bu boy-buxunundan, yurd oğlu ,utan,-
Vətəndə əsirdi vətən dağları.
Hünərin meydanı daralıb bəlkə,
Qeyrət damarları qırılıb bəlkə,
Daha kişnəməyir ümid atları.

15

Daha kişnəməyir ümid atları,
Niyə gözün yaşdı, daşımın başı.
Köynəkdən çıxmayıb qisas yolları,
Köynə-köynək yanır ərən yaddaşı.

Gözü yaşla dolub xatirələrin,
Heyrət dizlərini qucaqlayıbdı.
Alın yazısını son məktub kimi
Bu ömrün üstünə kim yollayıbdı?!

Qələbə yolları qoy açsın qucaq,
Hər əsgər qədəmi ocaqdı, ocaq-
Hər addım səsilə Vətən isinər.
Alınmaz qaladı ümid səngəri,
Siyir qeyrətini vətən əsgəri-
Cürətdən, hünərdən ölüm diksinər…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG