Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:15

Şıxəli Qurbanov. Yoldaşlar, gücü veririk kababa… bağışlayın plana!


Şıxəli Qurbanov

Şıxəli Qurbanov

-

Şıxəli Qurbanov


NATİQ

Hekayə


Bu yaxınlarda Leninqraddan aldığımız konveyerin detallarını quraşdırıb, bir-birimizin əlini sıxaraq qucaqlaşdıq.

Zarafat deyil, briqadamız 20 günlük tapşırığı bir həftəyə yerinə yetirmişdi. Axı, bizim kollektivimiz iş gününün hər dəqiqəsindən səmərəli istifadə etmək uğrunda yarışa qoşulmuşdur.

Sex boyu uzanan yeni konveyerə baxıb öz-özümə fikirləşirdim ki, doğrudan da, biz vaxtilə nə çox dəqiqələr, saatlar, günlər, aylar itirmişik. Heyf! Elə bu seximizin rəisi məni səslədi:

- İclasa çağırırlar, hazırlaş, bu saat gedirik.

- Axı mən konveyeri işə salmalıyam!

- Mənim özümün də min işim var, - deyə o, narazı halda başını buladı. İndicə zəng çaldılar ki, təcili gəlin.

Konveyeri bir də çertyoj üzrə yoxlamağı yoldaşlarıma tapşırıb, iclasa getdim.

* * *

Müdirin qəbul otağında əlliyə qədər adam olardı. Onların bəziləri var-gəl edir, bəziləri papiros çəkir, bəziləri də gözlərini müdirin qapısına zilləyib qapının nə vaxt açılacağını səbirsizliklə gözləyirdilər. Nəhayət, müəyyən edilmiş vaxtdan yarım saat sonra müdir bizi otağına dəvət etdi. Oturduq. O, sözə başlamazdan əvvəl zəngi basdı. Katibə gəlib qapının ağzında dayandı.

- Ay qız, calaşdır məni evimizlə.

Katibə çıxdı. Müdir üst-başını səliqəyə salıb sözə başladı:

- Məsələ belədir, yoldaşlar, - deyib o, təqvimi qabağına çəkdi. Bu həftəki planımda bir iclas var, dedim elə bu gün keçirək əldən çıxsın.

Bu vaxt katibə qapını açıb dedi:

- Dəstəyi qaldırın.

Müdir yerində yayılaraq dəstəyi qulağına yapışdırdı:

- Alo, mənəm. Hə, hə, hə, hə, hə, iş qurtaran kimi. Hə, hə, hə. Yox, bəlkə mən heç yuxarı çıxmadım. Siqnal verdirərəm düşərsən aşağı. Almışam, onu da almışam. Ondan da almışam. Yest! – Müdir dəstəyi yerinə qoyub gülümsədi – Görürsünüz də, yoldaşlar! Dəqiqə uğrunda mübarizə aparmaq mənim, necə deyərlər qanıma, iliyimə işləyib. Bu gün istəyirəm bir bağa gedim. Arvada indi elə onu deyirdim ki, mən gələnə kimi hazır olsun. Vaxtımız niyə itsin? Onu küçədə gözləyəcəyəm, yarım saatı bağda olaram. Hə, düz demirəm yoldaşlar? – O, saatına baxdı. – Məsələ çox, vaxt az. Deyirəm belə eləyək… sizə söz versəm uzun çəkər. Yaxşısı budur ki, mən özüm danışım. Belədir yoldaşlar… Siz yaxşı bilirsiniz ki, vaxta qənaət eləmək üçün öhdəçilik götürmüşük. Odur ki, gərək buna əməl eləyək. Dünən trestin rəisi zəng çalıb deyirdi ki, vallah, indi adam sizin zavoda hər şey üçün zəng eləməyə çəkinir. Axı o bilir ki, bizim dəqiqə uğrunda mübarizə təcrübəmiz hər yerə yayılmışdır. Hə, bir sözlə, rəis özünün dediyi kimi bizə zəng edib vaxtımızı almaqdan qorxur. Molla Nəsrəddinin bir əhvalatı var, sən bunu bilərsən, - deyə üzünü ondan sağda oturan qoca ustaya tutdu. Onu danışmışam, ölüb gülməkdən. İndi belədir də, yoldaşlar, çalışmaq lazımdır, vaxt becə yerə itməsin, hər dəqiqə zavod üçün puldur, plandır, filandır.

O yenə saatına baxıb əlini zəngin düyməsinə basdı. Katibə qapıda göründü.

- Ay qız, mənim şoferimi tap, de ki, getsin benzin götürsün gəlsin.

Katibə çıxan kimi müdir sözünə davam etdi: hə, vaxt ki, var zor şeydir. Gözdən qoydun basacaq səni. İndi burası var ki, elə məsələlər də olur ki, imkan olan kimi vaxtı itirmədən, məsələn, elə bu məsələ üzrə camaata beş-altı leksiya, filan pis olmaz. Onu da ki, yoldaşlar, yuxarıdan söz veriblər adam göndərəcəklər gəlib təşkil eləyəcəklər bizim üçün. O ki qaldı o biri məsələlərə, onlardan bir-iki kəlmə deyək, birbaşa keçək mətləbə.

- Belədir, yoldaşlar, vaxt az olduğu üçün məsələlərin məğzini deyirəm. Qısa, yığcam, ötəri və konkret! Deməli, belə danışdıq da, konkret! Mən bu gün göstəriş vermişəm bir-iki əmr hazırlasınlar, camaatı bir az hərəkətə gətirək. Məsələn, dünən iş vaxtı quraşdırma sexinin iki nəfər işçisi həyətdə bir-birinə nə isə deyib gülürdülər. Təkrar edirəm, İş vaxtı! Odur ki, tapşırmışam əmr hazırlasınlar. Vaxtı boş-boş keçirdiklərinə görə onlara bir yağlı töhmət verəcəyəm, qoy başqalarına da dərs olsun. Yoldaşlar, mən onlara töhmət verməsəm, mənim özümə töhmət verərlər. Deməli, belə danışdıq, bir adam bir dəqiqə vaxt itirməməlidir. O cümlədən biz hamımız. Odur ki, elə mənim bu əmrim ətrafında da müzakirə təşkil eləmək olar, bu belə.

İndi də keçək o biri məsələyə. Yoldaşlar, elə etmək lazımdır ki, hər şey vaxtında olsun, yerində olsun və artıqlaması ilə olsun. İşinki belədir, yoldaşlar, elədin eləmisən, eləmədin yox. Plandır, filandır, vaxtında düşdün üstünə – düşmüsən, düşmədin sonra gec olacaq. Bunları mən filan qədər təcrübədən bilirəm. Elə vaxtlar olub ki, görmüşəm ki, plan qalıb kəsirdə. İki-üç yaxşı əmr hazırlayıb buraxmışam, görmüşəm ki, qaldırıb fəhləni, yandırıb planın atasını. Odur ki, biz əmr verməkdən çəkinməməliyik. Nə qədər əmr lazımdır o qədər də verəcəyik. Amma yoldaşlar, əmr də var, əmr də. Hohə var dağa qaldırar, hohə var dağdan endirər. Elə bilirəm ki, bu məsələ də aydındır.

Keçirəm o biri məsələyə. Məsələ belədir ki, yoldaşlar, ayın axırına qədər gərək özümüzü bir silkələyək. Görək nə çıxar. Hər şeydən əvvəl lazımdır ki, çalışaq fəhlələrə moralnıy təsir göstərək. Ayın həlledici günləri haqlayıb bizi. Lazım olsa fəhlələri, elə işdən sonra da saxlamaq olar. Onsuz da ayın əvvəlində boş vaxtları çox olur. Ona görə də deyim ki, elə o boş vaxtları keçirək ayın axırına. Ortalıqda itib getməsin. Necə deyərlər, nə şiş yansın, nə kabab. Hə, kabab dedim yadıma düşdü. – O, üzünü qoca ustaya tutdu. – Kababın sezonu başladı, amma manqaldan xəbər çıxmadı.

- Bu yaxınlarda hazır olar.

- Vaxtı itiririk, kababın sezonu keçir usta. Bu günlərdə yeriniz məlum, məni bir yerə çağırmışdılar. Ad gününə oxşayan bir şey idi. Orada bir manqal gördüm, nə bilim əşşi!.. Neçə illərdir ki, adam arasına çıxıram, belə şey görməmişdim, bir qoyunun ətini çək şişə, yığ üstünə. Qoymağınla götürməyin bir olur. Yay ki oldu, yoldaşlar, mənimki kababdır. Hə, deməli, belə danışırıq, yoldaşlar, gücü veririk kababa… bağışlayın plana!
Elə bu vaxt kabinetin qapısı açıldı. Mən geri dönəndə qapıda köməkçimi gördüm. O məni görcək həyəcanla dedi:

- Tez özünüzü yetirin, usta, konveyer yanır.

Mən qapıya yaxınlaşanda müdirimin bu sözləri qulağıma çatdı:

- Tez müqəssiri tapın, cəzalandıraq!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG