Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:28

Şerlok Holms haqda hekayə: "Susseksdəki vampir"


Şerlok Holmsun portreti, illüstrasiya

Şerlok Holmsun portreti, illüstrasiya

-

...Qəfildən körpənin dəhşətli bağırtısı dayəni otağa qaçmağa məcbur eləyib. Otağa qayıdan dayə görüb ki, qadın ağzını oğlunun boğazına dirəyib....


Arthur Conan Doyle


SUSSEKSDƏKİ VAMPİR

(Ruscadan Günel Mövludun tərcüməsi)


Holms axşam poçtu ilə gəlmiş qısa, bir neçə sətirdən ibarət məktubu diqqətlə oxuyandan sonra ürəkdən güldüyünü göstərən kinayəli, quru təbəssümlə kağızı mənə ötürdü.

- Düzü, orta əsrlərlə müasirliyin, reallıqla vəhşi fantaziyanın bundan naqolay qarışığını təsəvvür etmək çətindir. Bu məsələ barədə nə deyə bilərsiniz, Uotson?

Kağızda yazılmışdı:

"Old-Cöri 46,
19 noyabr

Vampirlərə dair

Ser!

Müştərimiz - Minsinq-leyndəki "Ferqyuson və Myuirhed - çay tacirləri" şirkətinin şəriki mister Robert Ferqyuson bizə vampirlə bağlı sorğu yollayıb. Bizim şirkət təkcə maşın ləvazimatları və vergi məsələləri ilə məşğul olduğu üçün bu sualın demək olar ki, bizə aidiyyatı yoxdur və biz mister Ferqyusona sizə müraciət etməyi məsləhət gördük.

Matilda Briqsin işi ilə bağlı uğurlu təhqiqatınız hələ də yadımızdan çıxmayıb.

Hörmətlə, ser Morrison,
Morrison və Dodd".



- Dostum Uotson, Matilda Briqs heç də zərif, gənc bir qızın adı deyil. - Holms fikirli-fikirli dedi. – Gəmi adı idi. Həmin işdə Sumatrada yaşayan nəhəng siçovulun da əhəmiyyəti böyük oldu. Amma hələ bu hadisələri insanlara açıqlamağın vaxtı çatmayıb.... Deməli, biz vampirlər barədə nə bilirik? Yaxud da bu məsələnin bizim işimizə nə aidiyyatı ola bilər? Düzdü, hər şey bekarçılıqdan milçək qovalamaqdan yaxşıdı, amma mənə elə gəlir ki, bizə Qrim nağıllarına oxşayan bir iş təklif eləyirlər. Uotson, əlinizi atın, rəfdən məlumat kitabçasını mənə verin, görək "V" hərfində nə tapırıq.

Geri qanrılıb arxamdakı kitab rəfindən qalın məlumat kitabçasını götürərək ona uzatdım. Holms kitabı birtəhər dizinin üstündə rahlayıb həvəslə, hər sözü ağzında hərləyə-hərləyə illər uzunu elədiyi qəhrəmanlıqlarından qalan qeydlərə göz gəzdirdi.

- "Qloriya Skott"... – Holms oxumağa başladı. - O gəmi məsələsi nə axmaq iş idi?! Uotson, yadıma gəlir ki, siz o məsələni qələmə aldınız, hərçənd işinizin nəticəsi... sizi təbrik eləməyim üçün əsas vermədi... "Gila, yoxsa zəhərli kərtənkələ "... Heyrətamiz dərəcədə maraqlı iş idi. "İlanlar"... "Viktoriya, sirk şahzadəsi "... "Viktor Linç, imza saxtalaşdırmaq üzrə peşəkar "... "Viqor, Hammersmit möcüzəsi "... "Vanderbilt və ayı yuvası "... Aha! Bu da bizim axtardığımız iş! Sağ olsun köhnə dostumuz, bizi məyus etmədi - dünyada ikinci belə məlumat kitabçası yoxdur! Uotson, qulaq asın: "Macarıstandakı vampirlər ". Bu da daha biri: "Transilvaniyadakı vampirlər".

O böyük həvəs və diqqətlə işləri vərəqləməyə başladı, amma tezliklə məlumat kitabını bir qırağa ataraq məyuscasına dedi:

- Cəfəngiyyatdı, Uotson, quru cəfəngiyyat. Yer üzündə dolaşan və yenidən məzarlarına qaytarılmaqları ancaq ürəklərinə çiv vurmaqla mümkün olan ölülər bizim nəyimizə lazımdı? Başdan-ayağa cəfəngiyyatdı.

Mən etiraz elədim:

- Amma nəzərə alın ki, vampirlərin heç də hamısı xortlayıb qəbirdən çıxmış ölülər deyil. Diri adamlar da bu işlərlə məşğul olur. Məsələn, mən hardasa oxumuşdum ki, öz cavanlıqlarını qaytarmaq istəyən bəzi qocalar körpə uşaqların qanını sorurlar.

- Tamamilə haqlısız. O adamlar barədə də yazılıb. Amma belə şeylərə ciddi yanaşmaq mümkündümü? Bizim özəl axtarış agentliyimiz hər iki ayağı ilə ancaq gerçəkliyin üstündə dayanıb və həmişə də belə olacaq. Bizim fəaliyyətimiz üçün real gerçəkliyin özü elə kifayət qədər geniş sahədir, odur ki, qoy, ruhları-zadı bizə soxuşdurmasınlar. Məncə mister Robert
Ferqyusonu ciddi qəbul eləmək lazım deyil. İstisna deyil ki, bu məktubu elə onun özü yazıb və bu məktub onu narahat edən məsələlərə aydınlıq gətirə bilər.

Holms eyni poçtla gəlmiş, birinci məktub oxunduğu müddətdə gözə çarpmayan ikinci zərfi götürüb açdı.

O, ikinci məktubu şən, kinayəli bir ifadə ilə oxumağa başlasa da, tədricən üzündəki ifadə diqqət və maraqla əvəz olundu. Məktubu axıra qədər oxuyandan sonra, o bir müddət fikirli halda dinməz-söyləməz oturdu. Məktub hələ də onun barmaqları arasında idi. Nəhayət, Holms qəfil diksinərək, düşüncələrindən ayrıldı.

- Çizmen, Lemberli. Lemberli hardadı?

- Susseksdə, Horşemin cənubunda.

- Deyəsən, elə də uzaq deyil, hə? Bəs, Çizmen nə deməkdir?

- Bilirəm ki, Lemberli - əyalət şəhəridi. İlk sahiblərinin - Çizmen, Odli, Harvi, Karriton – adlarını daşıyan köhnə, çoxəsrlik evlərdən ibarətdi. Həmin adamlar özləri çoxdan unudulub, amma tikdikləri evlər onların adlarını yaşadır.

- Düzdü, - Holms soyuq-soyuq dedi.

Bu qürurlu, müstəqil varlığın qəribəliklərindən biri də, təzə məlumatı beynində o dəqiqə özününküləşdrirərək, həmin məlumatı verən adamın xidmətlərini danmaqdan ibarət idi.

- Araşdırmamızın sonunda biz Lemberlidəki o Çizmen barədə çox şey öyrənmiş olacağıq. Bu məktubu, təxmin elədiyim kimi, Robert Ferqyuson yazıb. Yeri gəlmişkən, o iddia edir ki, sizinlə tanışdır.

- Mənimlə?

- Budur, özünüz oxuya bilərsiniz.

O məktubu masanın o biri başından mənə uzatdı. Məktub göndərənin ünvanı belə idi : "Çizmen, Lemberli".

Məktubu oxumağa başladım:

"Hörmətli mister Holms!
Mənə məsləhət gördülər ki, sizə müraciət eləyim. Amma mənim məsələm o qədər qeyri-adi və gizlidi ki, bunu necə yazacağımı bilmirəm. Bu məktubu sizə dostumun adından yazıram. Beş il əvvəl dostum bir perulu ticarət adamı ilə nitrat idxalı məsələlərinə dair danışıqlar apararkən, onun qızına vurulub və evlənib. Gənc qız olduqca gözəldir, amma onun başqa mədəniyyətin daşıyıcısı olmağı, ər və arvad arasında maraqların və hisslərin fərqliliyi o yerə gətirib çıxarıb ki, dostum arvadından soyumağa başlayıb. Dostum hətta bu nikahı səhv addım kimi qymətləndirməyə başlayıb. Görüb ki, arvadının bəzi cəhətləri onun üçün heç vaxt anlaya bilməyəcəyi şeylər olaraq qalacaq. Amma o bu düşüncələrindən həm də əzab çəkir, çünki bütün bu fərqliliklərə baxmayaraq arvadı olduqca sadiq qadındır və ərini çox sevir.

İndisə xırdalıqlarını görüşümüz zamanı danışmaq istədiyim məsələyə keçirəm. Bu məktubun məqsədi ancaq məsələnin mahiyyətini sizə çatdırmaq və bu işlə məşğul olub-olmayacağınızı öyrənməkdir.

Axır vaxtlar dostum arvadının özünü olduqca qəribə apardığını görüb. Həlim və təvazökar xasiyyətli qadının hərəkətləri birdən-birə dəyişməyə başlayıb. Bu, dostumun ikinci evliliyidir, birinci evliliyindən onun on beş yaşlı bir oğlu var – uşaq vaxtı onun başına bədbəxt hadisə gəlib, amma şikəstliyinə baxmayaraq, zərif, istiqanlı, gözəl bir oğlan uşağıdır.

Dostumun indiki arvadı heç bir səbəb olmadan iki dəfə oğlana hücum eləyərək onu bərk döyüb. Bir dəfə ağacla oğlanın qolundan elə vurub ki, qolunu yaralayıb və orada dərin bir çapıq əmələ gətirib. Amma qadının özünün dünyaya gətirdiyi və hələ bir yaşı tamam olmayan uşağa münasibətinə baxanda, bunlar boş şeylərdir.

Uşağı süd anası əmizdirir. Bir dəfə necə olubsa, dayə qadın ana-balanı otaqda tək qoyub. Qəfildən körpənin dəhşətli bağırtısı dayəni otağa qaçmağa məcbur eləyib. Otağa qayıdan dayə görüb ki, qadın ağzını oğlunun boğazına dirəyib. Körpənin boynundakı qan şırnağını görən dayə o dəqiqə ev sahibini çağırmaq istəyib. Amma qadın dayəyə yalvararaq, bu barədə heç kimə heç nə deməməyini xahiş eləyib və hətta ona susmağı üçün beş funt pul verib. Bu hərəkəti barədə də heç bir izah verməyib.

Məsələ elə beləcə də qalıb. Amma bu hadisə dayəni ehtiyatlı davranmağa məcbur eləyib. O, xanımına göz qoymağa və ürəkdən bağlandığı körpəni bir dəqiqə də olsun, nəzarətsiz buraxmamağa çalışıb. Bu müddət ərzində o hiss eləyib ki, xanımı da onu izləyir və uşağın tək qalacağı dəqiqələri gözləyir. Dayə uşaqdan uzaqlaşan kimi, ana körpəsinə tərəf atılırmış. Dayə gecə-gündüz uşağı gözətləyir, ana isə quzu güdən canavar kimi pusquda dayanaraq, köpənin tək qalacağı anı gözləyirmiş.

Əlbəttə, mənim sözlərim sizə qəribə gələ bilər, amma xahiş eləyirəm, bu məsələyə ciddi yanaşın. Çünki, böyük ehtimalla körpənin həyatı və onun atasının dəli olmamağı sizin əlinizdədir.

Nəhayət, elə bir dəhşətli gün gəlib ki, dostum hər şeyi öyrənib. Dayənin əsəbləri gərilib, o buna dözməyərək, hər şeyi açıb, ağasına danışıb.

Körpənin atası əslində elə sizə də çəfəngiyyat kimi görünən bu məsələni dayənin sərsəmləməsi kimi qəbul eləyib. Dostum heç vaxt arvadından şübhələnməyib və həmişə elə bilib ki, o ərini və iki dəfə oğulluğunu döyməyini çıxmaq şərtilə uşaqlarını sevən, həlim bir qadındır.

Məgər o öz doğma körpəsinə nəsə bir xətər yetirə bilərdimi? Dostum dayəyə deyib ki, bütün bunlar cəfəngiyyat, ya da onun xəstə təxəyyülünün məhsuludur, o özü isə arvadının ünvanına belə böhtanları qəbul edəcək adam deyil. Bu söhbət zamanı körpənin ürəkdağlayan çığırtısı bütün evə yayılıb. Dayə ilə dostum tez uşaq otağına qaçıblar. Təsəvvür edin, dostum çarpayının yanında diz çökmüş arvadının dodaqları qana batmış halda ayağa qalxdığını, uşağın boynundakı və döşəkağındakı qan izini görəndə nə hala düşüb. Onun uşağın qanını içdiyinə daha heç bir şübhə qalmayıb.

İşlər bu yerdədi. İndi qadın heç nəyi izah eləmədən öz otağına qapanıb. O vaxtdan bəri ər-arvad bir-biri ilə danışmayılar. Dostum aş qalır dəli olsun. O da mənim kimi, vampirlər barədə bu sözün səslənməyindən başqa heç nə eşitməyib. Bizə həmişə elə gəlib ki, vampir məsələsi bizm ölkədə heç bir əsası olmayan, naqolay, vəhşi bir mövhumat faktıdır, vəssalam. Və birdən, İngiltərənin düz mərkəzində, Susseksdə belə bir şey...

Qalan hər şeyi biz sabah səhər danışa bilərik. Siz məni qəbul etməyə razısınızmı? Başına belə bir bəla gəlmiş adamın köməyinə çatmaq üçün öz qeyri-adi bacarığınızı sərf etməyə razısınızmı? Əgər razısınızsa, Ferqyusonun adına (Çizmen, Lemberli) bir teleqram göndərin və sabah səhər saat on tamamda mən sizin yanınızda olacağam.

Hörmətlə
Robert Ferqyuson.

P. S. Əgər səhv eləmirəmsə, sizin dostunuz Uotsonla bir dəfə reqbi matçında görüşmüşük. O Blekhitin, mənsə Riçmondun komandalarında oynayırdıq. Bu, hazırda özüm barədə verə biləcəyim yeganə xoş məlumatdı. "

Məktubu bir kənara qoyaraq:

- Hə, yadıma gəlir, - dedim. – Uzundraz Bob Ferqyuson, Riçmondun komandasının öyünə biləcəyi yeganə müdafiəçi. Yaxşı, mehriban oğlandı. Dostun başına gələn hadisəni də belə ağrılı qəbul eləmək ona xas olan şeydi.

Holms mənə diqqətlə baxıb, başını buladı:

- Sizin işinizi heç vaxt bilmək olmur, Uotson. Yaxşı, xahiş eləyirəm, teleqramın mətnini yazın: "Həvəslə sizin işi araşdırmağa başlaya bilərik ".

- "Sizin işi"?

- Qoy elə bilməsin ki, bizim agentlik ağıldankəmlər üçün sığınacaqdı. Əlbəttə, söhbət onun özündən gedir. Ona teleqram vurun və sabaha qədər bu məsələni unudaq.

Sabah, düz saat onda Ferqyuson gəldi. O mənim yadımda hündür, komandadakı rəqiblərini üstələməyini təmin edən çevik adam kimi qalmışdı.

Ən yaxşı vaxtlarnı yadında saxladığın gözəl idmançının məzlum qaraltısını görmək olduqca kədərli idi. Əzəmətli, möhkəm bədəni elə bil qurumuş, gur saçları seyrəlmiş, çiyinləri əyilmişdi. Yəqin o da mənim haqda eyni cür düşünürdü.

- Sizi görməyimə çox şadam, Uotson, - dedi. - Səsi əvvəlki kimi təmkinli və mehriban idi. – amma siz «Köhnə Maral Parkı»nda kanatın üstündən düz tamaşaçılara tərəf fırlatdığım cavan oğlana heç oxşamırsınız. [1]. Yəqin ki, mən də çox dəyişmişəm. Amma məni illər yox, son bir neçə gün qocaldıb. Teleqramdan belə başa düşdüm ki, mister Holms, guya dostumun adından danışırmışam kimi davranmağıma ehtyac yoxdur.

- Açıq danışmaq həmişə ən yaxşı üsuldur, - Holms dedi.

- Razıyam. Amma nəzərə alın – öz arvadın, ömrün boyu qorumağa və kömək əlini uzatmağa borclu olduğun arvadın barədə belə şeylər danışmaq nə qədər çətindir. Mən nə etməliyəm? Yəni polisə gedib, hər şeyi onlara danışım? Axı mən uşaqlarımı da qorumalıyam. Ona nə olub, mister Holms? Bu dəlilikdi? Bəlkə bu, onun qanındadı? Sizin təcrübənizdə belə şeylər olubmu? Bütün müqəddəslərə and verirəm, mənə bir çıxış ylu göstərin. Yaxsa ki, mən lap başımı itirmişəm.

- Mən sizi başa düşürəm, mister Ferqyuson. İndisə əyləşin, özünüzü ələ alın və suallarıma açıq cavab verin. Sizi inandıra bilərəm ki, mən hələ başımı itirməmişəm və ümid edirəm ki, biz sizin məsələnizi yoluna qoyacağıq. Əvvəlcə mənə deyin, siz hansı tədbirləri görmüsünüz? Arvadınız indi uşaqlara yaxınlaşa bilirmi?

- Aramızda dəhşətli qalmaqallar oldu. Başa düşün, mənim arvadım olduqca mehriban, ürəyi olan bir qadındı. Bəlkə də dünyada ondan daha sadiq, sevimli arvad tapmaq mümkün deyil. Onun qeyri-adi, dəhşətli sirrinin üstünü açmağım arvadıma çox pis təsir eləyib. O mənə heç nəyi izah eləmək istəmədi. Nə qədər ittiham eləsəm də, ağzını açıb bir kəlmə cavab vermədi, eləcə kədərli gözləri ilə üzümə baxdı, vəssalam. Sonra otağına geib, qapını bağladı. O vaxtdan bəri də məni görmək istəmir. Onun Dolores adlı qulluqçusu da var, hələ biz evlənənə qədər də onların evində xidmət eləyib. Arvadıma qulluqçudan daha çox, rəfiqə kimidi. Ona yeməyi də Dolores aparır.

- Deməli, körpə üçün heç bir təhlükə yoxdur?

- Dayə missis Meyson and içib ki, gecə-cündüz uşağı gözdən qoymayacaq. Mən ona inanıram. Əsas qorxum Cek sarıdandı, sizə yazmışdım, arvadım iki dəfə heç bir səbəb olmadan onu döyüb.

– Amma ona heç bir xətər yetirməyib, eləmi?

- Yox. Amma onu çox bərk döyüb. Onun hərəkəti ikiqat dəhşətlidir – axı Cek şikəstdir. – böyük oğlundan danışanda Ferqyusonun sifəti o dəqiqə yumşaldı. – Axı bu uşağın bədbəxtliyi istənilən adamın ürəyinə rəhm salmalıdı. Cek uşaq vaxtı yıxılanda, bel sümüyü qırılıb. Amma onun qızıl kimi ürəyi var.

Holms Ferqyusonun məktubunu götürüb, bir də oxudu.

- Adlarını çəkdiklərinizdən başqa, evinizdə daha kimlər yaşayır?

- Bizdə təzə işə başlayan iki qulluqçu. Bir də mehtərimiz Maykl evdə gecələyir. Qalanları mən, arvadım, böyük oğlum Cek, körpə, qulluqçu Dolores və dayə missis Meyson. Vəssalam.

- Mən belə başa düşdüm ki, siz evlənəndə arvadınızı bir o qədər də yaxşı tanımırdınız?

- Biz cəmi bir neçə həftə idi ki, tanış idik.

- Dolores çoxdan onun yanında işləyir?

- Bir neçə ildir.

- Deməli, qulluqçu arvadınıza sizdən daha yaxşı bələddi?

- Yəqin ki, elədir.

Holms kitabçada nəsə qeyd elədi.

- Mənə elə gəlir ki, Lemberlidə məsələni daha yaxşı aydınlaşdırmaq olar. Bu, hadisə yerində təhqiqat aparmaq tələb edir. Əgər arvadınız öz otağından çıxmırsa, onda bizim orda olmağımız ona heç bir narahatlıq verməz. Təbii ki, biz qonaq otağında yerləşəcəyik.

Ferqyuson dərindən, rahat nəfəs aldı.

- Mən məhz buna ümid eləyirdim, mister Holms. Saat ikidə Viktoriya vağzalından bizə çox rahat qatar çıxır. Əgər qatarla sizə rahat olacaqsa...

- Əla. Bu dəqiqə elə də çox işimiz yoxdur. Mən özümü tamamilə sizin işə verə bilərəm. Təbii ki, Uotson da mənimlə gələcək. Amma hər şeydən əvvəl mən bəzi faktları müəyyənləşdirmək istəyərdim. Deməli, arvadınız hər iki uşağın üstünə hücum çəkib – həm öz körpəsinə, həm də böyük oğlunuza?

- Hə.

- Amma hücumlar fərqli olub. Sizin oğlunuzu o, sadəcə döyüb.

- Hə, bir dəfə əllə, bir dəfə də ağacla döyüb.

- O, oğulluğuna qarşı belə münasibəti necə izah elədi?

- O mənə heç nə izah eləmədi. Təkcə bunu dedi ki, ona nifrət eləyir. o elə hey təkrarlayırdı: «Nifrət eləyirəm, ondan zəhləm gedir...»

- Hm, ögey analarda belə şeylər tez-tez olur. Bu da qısqanclığın bir növüdü. Arvadınız qısqancdı?

- Çox. Axır o cənubludu, onun qısqanclığı da sevgisi kimi odlu-alovludu.

- Axı dediniz ki, oğlunuzun on beş yaşı var, fiziki cəhətdən şikəst olsa da, ağlı yerindədi. Oğlunuz analığının onu niyə vurduğunu izah eləmədi?

- Yox. Dedi ki, buna heç bir səbəb olmayıb.

- Onların bu məsələyə qədər münasibətləri necə idi?

- Elə də yaxşı yola getmirdilər.

- Dediniz ki, oğlunuz yaxşı, mehriban oğlandı.

- Hə, onun kimi yaxşı oğul hələm-hələm ələ düşməz. O mənimlə nəfəs alır. Özünü büsbütün mənim işimə verib, hər sözümü göydə tutur.

Holms qeyd dəftərinə yenə nəsə yazdı. Sonra bir müddət fikirli halda susub, dayandı.

- Yəqin, ikinci evliliyinizə qədər siz oğlunuzla çox yaxın olmusunuz, həmişə hər şeyi onunla bölüşmüsünüz, eləmi?

- Biz, demək olar ki, ayrılmırdıq.

- Belə həssas qəlbi olan uşaq yəqin ki, anasının xatirəsini çox əziz saxlayır?

- Hə, o, anasını yaddan çıxarmayıb.

- Yəqin ki, o çox maraqlı uşaqdı. Analığının ona əl qaldırmağı ilə bağlı daha bir sual. Arvadınızın böyük oğlunuza əl qaldırmağı ilə körpənin qanını içməyi eyni gün olub?

- Birinci dəfə, hə. Elə bil, o dəli olubmuş, qəzəbini iksinin də üstünə töküb. İkinci dəfə ancaq Ceki vurub, missis Meyson körpə ilə bağlı heç bir şikayət eləməyib.

- Bu, məsələni bir az qəlizləşdirir.

- Mən nə demək istədiyinizi başa düşə bilmirəm, mister Holms.

- Eybi yoxdu. Məsələ belədi, mən müvəqqəti bir hipotez irəli sürürəm və şəraitin bu hipotezi aradan qaldırmasını gözləyirəm. Pis vərdişdi, mister Ferqyuson, amma neyləmək olar ki, insanın belə zəiflikləri var. Qorxuram ki, köhnə dostunuz Uotson mənim elmi yanaşmalarım barədə sizə həddən artıq tərifli şeylər söyləmiş olsun. Hələ ki, mən sizə ancaq bunu deyə bilərəm: bu iş mənə həlli mümkün olmayan bir şey kimi görünmür və bu gün saat ikdə biz Viktoriya vağzalında olacağıq.

Çamadanlarımızı Lemberlidəki «Şahmat taxtası» mehmanxanasına qoyub, bizi Feryqyusonun mülkü olan köhnə fermaya aparıb çıxaran uzun, dolanbac yolla Susseks çınqıllığını keçəndə tutqun, dumanlı bir noyabr axşamı idi.

Qarşımızda dörd bir yana yayılmış böyük bir ev vardı. Evin orta hissəsi olduqca qədim, ona bitişik tikililərsə yeni idi.

Hoşem kirəmitindən olan sivrişəkilli, mamırla örtülü damın yuxarısından köhnə tüdor boruları ucalırdı. Artırmanın pilləkənləri əyilmişdi, pilləkənlərin böyrünə vurulmuş köhnə, taxta layların üstündə isə evin təməlini qoymuş adamın əksi və pendir şəkli [2] vardı. Tavanın altından iri palıd sallamalar görünürdü, döşəmənin bir çox yeri yatmış və dərin çökəklər əmələ gəlmişdi. Bütün bu köhnə-kürüşdən nəmişlik və çürüntü qoxusu gəlirdi. Ferqyuson bizi evin mərkəzində yerləşən geniş bir otağa apardı. Burada, üstündə «1670» tarixi həkk olunmuş, dəmir barmaqlıqlı nəhəng, qədim sobanın içində iri-iri odunlar közərirdi.

Bir az o tərəf-bu tərəfə baxandan sonra fikir verdim ki, bu otaqda müxtəlif zaman və məkanlardan nələrsə var. Palıd laylarla örtülü divarlar yəqin ki, on yeddinci əsrdə bu evin təməlini qoymuş adamın zamanından qalmışdı. Amma divarın yuxarısında zövqlə seçilmiş müasir akvarellər asılmışdı. Lap yuxarıda, sarı rəngin palıdın doğma rəngini örtdüyü yerdə isə Afrikanın cənubundan gətirilmiş müxtəlif əşyalar və silahlar asılmışdı – şübhəsiz ki, bu əşyaları indi yuxarıda, yataq otağının qapısını bağlayıb, oturmuş perulu qadın gətirmişdi. Holms tez ayağa qalxdı və onun qeyri-adi dərəcədə iti ağlına çox yaraşan çılğın həvəslə bütün kolleksiyanı gözdən keçirdi. O təzədən yanımıza qayıdanda, onun üzündə olduqca ciddi bir ifadə vardı.

- Bu nədir? – o qəfildən səsləndi.

Küncdəki səbətin içində spaniel cinsindən olan it yatmışdı. Səsi eşidən it qalxaraq, yavaş-yavaş sahibinə yaxınlaşdı. Onun arxa ayaqları nəsə xəstəhal hərəkət eləyir, quyruğu isə yerlə sürünürdü. İt sahibinin əlini yaladı.

- Nə olub, mister Holms?

- İtə nə olub?

- Veterinar çağırmışdıq, amma o da heç nə deyə bilmədi. Nəsə iflicə oxşar bir şeydi. Dedi ki, meningit də ola bilər. Amma it yavaş-yavaş əmələ gəlir, tezliklə lap sağalacaq, elə deyilmi, Karlo?

Spanielin sallanmış quyruğu təsdiq əlaməti olaraq bir az dikəldi. İtin kədərli gözləri gah bizə, gah da sahibinə baxırdı. Karlo söhbətin ondan getdiyini başa düşürdü.

- Bu xəstəlik qəfil başladı?

- Hə, bir gecənin içində oldu.

- Bu, nə vaxt olub?

- Dörd ay olar.

- Çox maraqlıdır. Müxtəlif nəticələr çıxarmaq olur.

- Bu məsələ sizə nəsə deyir, mister Holms?

- Deyəsən, şübhələrim təsdiqini tapır.

- Siz allah, mister Holms, deyin görək nə məsələdir? Bu iş sizin üçün nəsə zəka oyunlarından ibarət ola bilər, amma mənm üçün bu, ölüm-dirim məsələsidir. Arvadım az qala qatil olub, uşaqların həyatısa təhlükədə... Mənimlə gizlənpaç oynamayın, mister Holms. Bu, mənim üçün həddən artıq vacib məsələdir.

Ucaboylu reqbi ustasının bütün bədəni əsirdi. Holms əlini yavaşca onun çiyninə qoydu.

- Mister Ferqyuson, istənilən halda qarşıda sizi növbəti əzablar gözləyir. Mən sizə rəhm eləməyə çalışıram, amma mənim gücüm nəyə çatar... Hələ ki, mən sizə başqa heç nə deyə bilmərəm. Amma ümid edirəm ki, bu evi tərk etməmişdən əvvəl sizə nəsə dəqiq bir şey deyə biləcəm.

- Allah eləsin! Centlmenlər məni bağışlayın, yuxarı qalxıb, vəziyyətə baxım, görüm bir dəyişiklik varmı.

O bizi cəmi bir neçə dəqiqəliyə tək qoydu, bu müddət ərzində Holms kolleksiyaya bir də baxdı. Ev sahibi qayıdanda, onun üzündəki ifadədən bilmək olurdu ki, yuxarıda heç bir dəyişklik baş verməyib. Ev sahibinin yanında indi ucaboy, incə, qarayanız bir qız vardı.

- Çay hazırdı, Dolores, - Ferqyuson qıza dedi. – Xanımın nə istəyirsə, tez apar.

- Xanım xəstə, çox xəstə! - ağasına par-par yanan gözlərlə baxan qız dedi. – O yemək yeməmək. O çox xəstə. Həkim lazım. Dolores qorxur, xanım qalar həkimsiz.

Ferqyuson sual dolu gözləri ilə mənə baxdı.

- Kömək etməyə çox şad olaram.

- Dolores, xanımından soruş, gör o doktor Uotsonu qəbul etmək istəyərmi?

- Dolores həkimi aparar. Soruşmaq lazımsız. Xanım lazım həkim.

- Onda mən elə bu dəqiqə gedə bilərəm.

Mən həyəcandan əsən qızın arxasınca gedərək, pilləkənləri qalxdım və uzun, köhnə dəhlizin sonuna qədər getdim. Burada qalın dəmir qapı vardı. Düşündüm ki, əgər Ferqyuson arvadının yanına zorla girmək istəsə, bu ona elə də asan başa gəlməz. Dolores cibindən açarı çıxartdı, Köhnə rəzələr hərəkətə gələndə ağır palıd qapı cırıltı ilə açıldı. Mən otağa keçdim, qız tez arxamca otağa girərək, qapını açarla bağladı.

Çarpayıda uzanan qadının, şübhəsiz ki, dəhşətli qızdırması vardı. O özündən getmişdi, mən otağa girəndə qadın gözəl gözlərini açıb qorxa-qorxa mənə baxdı. Otaqdakının yad adam olduğunu görəndə, o rahat nəfəs alaraq, başını təzədən yastığa atdı. Qadına yaxınlaşaraq, bir neçə təskinedici söz dedim. Sonra onun nəbzini və hərarətini ölçdüm – bu müddətdə o tərpənmədi. Nəbzi bərk-bərk vururdu, qızdırması da yüksək idi, amma mənə elə gəldi ki, onun bu hala düşməsinin əsl səbəbi hansısa xəstəlik yox, əsəbi sarsıntıdır.

- Xanım iki gün belə yatmaq tək. Dolores qorxur, xanım ölür – qız dedi.
Qadın qızdırmadan alışıb yanan gözəl üzünü mənə çevirib, soruşdu:

- Ərim hanı?

- O aşağıdadır və sizi görmək istəyir.

- Mən onu görmək istəmirəm, istəmirəm... – qadın elə bil sayıqlamağa başladı:

- İblis! İblis!.. Mən bu cəhənnəm iblisi ilə neyləyim?!..

- Mən sizə necə kömək edə bilərəm?

- Heç nə ilə. Mənə heç kim kömək edə bilməz. Hər şey bitdi. Hər şey məhv oldu... Mən daha heç nə edə bilmərəm, hər şey bitdi!

Qadının qızdırması onu sayıqlamağa məcbur eləyirdi, mən buna əmin idim, yoxsa ki, həlim Bob Ferqyusonu İblis rolunda heç cür təsəvvür etmək mümkün deyildi.

- Xanım, əriniz sizi çox sevir. – dedim. – Baş verənlər ona çox əzab verir.

O gözəl gözləri ilə mənə baxdı.

- Hə, o məni sevir. Bəs, mən onu sevmirəm? Mən onu elə sevirəm ki, onun ürəyini yaralamaqdansa ölməyə hazıram! Bax, mən onu belə sevirəm! Amma o mənim barəmdə gör nə fikirləşib, görün o mənə nələr deyib......

- O dərddən özünə yer tapmır, axı o heç nə başa düşmür.

- Hə, o bunu başa düşə bilmir. Amma mənə inanmalıdı!

- Bəlkə, onunla görüşəsiniz?

- Yox, yox! Mən o qəddar sözləri, o baxışları yaddan çıxara bilmərəm... Mən onu görmək istəmirəm. Gedin. Siz mənə kömək edə bilməzsinz. Ona təkcə bunu deyin ki, mən uşağımı görmək istəyirəm. O mənim uşağımdı, mənim buna haqqım var. Gedin, bunları ərimə deyin.

Sonra o, üzünü divara çevirdi və başqa heç nə demədi. Mən aşağı endim. Ferqyusonla Holms sakitcə sobanın yanında oturmuşdular. Ferqyuson kədərli-kədərli mənə qulaq asaraq dedi:

- Axı, mən uşağı ona necə etibar edə bilərəm? Kim mənə zəmanət verər ki, o yenə uşağın qanını içməkdən özünü saxlaya bilməyəcək? Mən onun dodaqları qana batmış halda körpənin üstündən qalxdığını necə yaddan çıxara bilərəm?

O həmin dəhşətli səhnəni xatırlayıb titrədi.

- Körpə missis Meysonun yanındadı, ora onun üçün tam təhlükəsizdi, orada da qalacaq.

Evdə gördüyümüz varlıqlar arasında ən müasiri olan qəşəng xidmətçi qız bizə çay gətirdi.

Qız masanı düzəltdiyi ərəfədə otağa olduqca yaraşıqlı bir yeniyetmə girdi – bu, ağarmış bənizi, açıq-mavi gözləri olan bir oğlan uşağı idi. Atasını görəndə onun gözəl, mavi gözləri sevincdən par-par yanmağa başladı. Oğlan atasının boynuna atılaraq, qız uşaqlarına xas mehribançılıqla qollarını onun boynuna doladı.

- Atacan! – uşaq az qala qışqırırdı. – Sən nə vaxt gəldin, mən heç bilmədim! Bilsəm, çıxıb səni qarşılayardım. Sənin gəlməyinə elə sevinirəm ki!

Ferqyuson mehribanlıqla uşağı özündən araladı: o bir az utanmışdı.

- Salam, dostum, - o, oğlunun yumşaq saçlarını sığalaya-sığallaya dedi. – Mən ona görə tez gəldim ki, dostlarım - mister Holms və mister Uotson bu axşamı bizdə keçirməyə razılıq verdilər.

- Mister Holms? Agent?

- Hə.

Oğlan nəsə öyrənmək istəyən baxışlarla, həm də məncə, biz az düşməncə bizə baxmağa başladı.

- Sizin ikinci oğlunuz hardadır, mister Ferqyuson? – Holms soruşdu. – Bəlkə bizi balaca oğlunuzla da tanış edəsiniz?

- Missis Meysondan xahiş elə, balacanı bura gətirsin, - Ferqyuson oğluna dedi.

Oğlan qəribə, nizamsız hərəkətlərlə qapıya tərəf getdi. Mən cərrah gözü ilə baxan kimi oğlanın onurğasının zədələndiyini gördüm. Bir azdan oğlan qayıtdı, onun arxasınca gələn hündür, quru qadın qucağında sakson qanı ilə latın qanının qarışığından əmələ gələn gözəl, qaragözlü, qızılısaçlı körpəni gətirdi. Görünür Ferqyuson, bu oğlunu da çox sevirdi, o körpəni qucağna alıb, əzizləməyə başladı.

- Təsəvvür eləyin, bu məsum varlığı incitmək üçün adam nə qədər qəddar olmalıdır, - ata körpənin boynundakı tünd-qırmızı ləkəni göstərərək, dedi.

Bu vaxt mən dostumun üzünə baxdım və onun sifətindəki gərgin ifadədən heyrətə gəldim. Holmsun üzü fil sümüyündən yonulmuş kimi ağarmış və sərtləşmişdi. Holmsun baxışı bir anlıq ata-balaya dikildi, sonra da o, otaqda nəsə qeyri-müəyyən bir şeyə baxmağa başladı.

Holmsun hara baxdığını öyrənmək üçün mən də onun baxışları dikilən yerə baxanda, pəncərənin o tayında yağan kədərli, aramsız yağışın yuduğu bağçadan başqa heç nə görmədim. Pəncərənin çöl qapağı yarıya qədər örtülü olduğundan, arxasındakı hər şeyin qarşısını kəsirdi, buna baxmayaraq, Holms gözlərini ordan çəkmirdi. Birdən o gülümsədi və təzədən körpəyə baxdı. Sonra əyilərək, uşağın yumşaq boynundakı qızartdaq yaraya diqqətlə baxdı. Nəhayət, körpənin gözümüzün qarşısında yellənən totuq, çökəkli biləyini tutub yavaşca sıxdı.

- Hələlik, cavan oğlan. Sizin həyatınız çox macəralı başladı. Missis Meyson, mən sizinlə təklikdə danışmaq istərdim. Holmsla dayə bizdən aralanıb, bir küncdə bir-iki dəqiqə söhbət elədilər. Onların danışığından eşidə bildiyim sözlər ancaq bunlar oldu: «Ümid eləyirəm ki, tezliklə sizin bütün qorxularınıza son qoyulacaq». Göründüyü kimi, çox da söhbətcil və üzügülər olmayan dayə uşağı da götürüb, getdi.

- Missis Meyson barədə nə deyə bilərsiniz? – Holms soruşdu.

- Üzünə baxanda, çox da xoşrəftar qadın kimi görünmür, amma onun ürəyi qızıldır. Özü də bizim körpəyə çox bağlanıb.

- Cek, bəs o, sənin də xoşuna gəlirmi?

Bunu soruşanda Holms diqqətlə oğlana baxdı.

Oğlanın ifadəli üzü bir anda dəyişdi. O tutuldu və inkar əlaməti olaraq başını yellədi.

- Cek sevgisini də, kimdənsə xoşlanmamasını da çox açıq büruzə verir. - oğlunun çiyinlərini qucaqlayan Ferqyuson dedi. – Xoşbəxtlikdən, mən onun sevdiklərinə aidəm.

Oğlan başını atasının sinəsinə söykəyib nəsə mızıldandı.

Ferqyuson oğlunu yavaşca özündən araladı.

- Hə, Ceki, get, - bunu deyib, oğlu qapıdan çıxana qədər sevgi ilə ona baxdı. - Mister Holms, - o, dostuma müraciət elədi, - deyəsən, mən sizə boş yerə əziyyət vermişəm. Azı bu işdə siz nə edə bilərsiniz, uzaqbaşı mənə ürəyiniz yana bilər. Bir də ki, siz bu məsələni olduqca şəxsi və gizli iş hesab edirsiniz.

- Şəxsi? Əlbəttə, - dostum azacıq gülümsəyərək, dedi.. - Amma bu məsələnin elə də mürəkkəb iş olduğunu iddia edə bilmərəm. Mən bu işi deduksiya üsulu ilə həll elədim. Deduksiyanın ilkin nəticələri bir-birinin ardınca, bir-biri ilə əlaqəli olmayan faktlarla təsdiqlənirsə, subyektiv öncəgörmə obyektiv həqiqətə çevrilir. Mən indi sizə məqsədimə tam nail olduğumu əminliklə deyə bilərəm. Əslinə qalsa, mən bu məsələni hələ biz Beyker-stritdən çıxmamış həll eləmişdim. Bircə hadisə yerində müşahidə aparmaq və fərziyyəmin təsdiqi qalmışdı.

Ferqyuson qırışmış alnını ovuşdurdu.

- Allah xətrinə, Holms, - o xırıltılı səslə yalvardı, - əgər nəsə öyrənə bildinizsə, məni yormayın. Bu nə işdi? Mən neyləməliyəm? Siz həqiqəti hansı yolla tapmısınız, bu mənə maraqlı deyil, mən nəticəni bilmək istəyirəm.

- Əlbəttə, mən sizə məsələni izah eləməliyəm, siz bu izahı eşidəcəksiniz. Amma icazə verin, işi bildiyim üsulla görüm. Uotson, necə bilirsiniz, missis Ferqyuson bizi qəbul eləyə bilərmi?

- O xəstədi, amma huşu özündədi.

- Əla. Biz ona baş çəkəndən sonra hər şey aydın olacaq. Gəlin, yuxarı çıxaq.

- Axı o məni görmək istəmir! – Ferqyuson az qala qışqırdı.

- Narahat olmayın, istəyəcək, - Holms dedi. Sonra o bir kağıza nəsə yazdı. – İstənilən halda, bir həkim olaraq Uotsonun xəstənin yanına girməyə rəsmi hüququ var. Zəhmət olmasa, bu kağızı xanıma verin.

Mən pillələri qalxıb, kağızı səsimi eşidib, ehtiyatla dəhlizə çıxan Doloresə verdim. Bir dəqiqədən sonra qapının o tayında həm heyrət, həm də həyacan dolu səs eşitdim. Dolores qapıdan boylanaraq, dedi:

- O görmək istəyir. O sizi dinləmək.

Mənim işarəmlə Ferqyuson və Holms yuxarı qalxdılar. Biz üçümüz də yataq otağına girdik. Ferqyuson yatağndan dikələn arvadına tərəf addımladı, amma qadın əlini yuxarı qaldıraraq, sanki onu rədd elədi. Ferqyuson kürsüdə oturdu. Holms iri açılmış gözəl gözləri ilə ona baxan qadına təzim edərək, Ferqyusonun yanında oturdu.

- Məncə, biz Doloresi buraxa bilərik... – Holms sözə başladı. - Xanım, təbii ki, siz istəyirsinizsə, o qala bilər, mən etiraz eləmirəm. Hə, mister Ferqyuson, sizə deyim ki, mən iş adamıyam, buna görə də vaxtı boş-boşuna sərf eləmək həvəsində deyiləm Cərrah nə qədər tez kəsirsə, ağrı o qədər az olur. Hər şeydən əvvəl istəyirəm, sizi sakitləşdirim. Xanımınızı, sizi bütün qəlbi ilə sevən bu gözəl qadını incitməklə ədalətsizlik eləmisiniz.

Ferqyuson sevincindən qışqıraraq kürsüdən qalxdı.

- Bunu mənə sübut eləyin, mister Holms, mən ölənə qədər sizə borclu, minnətdar olaram!

- Sübut eləməyinə eləyəcəm, amma öyrənəcəyiniz şeylər sizə ən azı elə bu qədər əzab verəcək.

- Hər şeyə dözməyə hazıram, təki arvadım günahsız olsun. Bununla müqayisədə hər şey mənə boş şeymiş kimi görünür.

- Onda hələ Beyker-stritdəki düşüncələrimi sizinlə bölüşüm. Vampirlər barədə söhbət mənə absurd gəldi. İngilis kriminalistikasının təcrübəsində belə şey olmayıb. Həm də ki, mister Ferqyuson, siz arvadınızın dodaqları qanlı halda oğlunuzun çarpayısının üstündən qalxdığını görmüşdünüz, eləmi?

- Hə, hə.

- Bəs, ağlınıza gəlmədi ki, qanı insanın bədənindən təkcə içmək üçün sormurlar? Canına keçən zəhəri sormaq üçün yarasını soran ingilis kraliçası yadınıza gəlmir?

- Zəhər?

- Təsərrüfatı Cənubi Amerika ənənələri ilə idarə olunan evdə silah kolleksiyası ola biləcəyini mən hələ evinizdəki kolleksiyanı görməmişdən düşünmüşdüm. Bəlkə də başqa bir zəhərdən istifadə oluna bilərdi, amma bu ağlıma gələn ilk fikir idi. Divarda ovçu yayının yanındakı oxqabını boş görəndə şübhələrim təsdiqləndi.

Əgər kimsə körpəni kurare şirəsi, ya da nəsə buna oxşar bir şeytani məhlula batırılmış oxla sancsaydı, yaradan zəhər sorulmadığı təqdirdə o bir anın içindəcə ölə bilərdi. Sonra da ki bu it məsələsi. Zəhər istifadə eləmək istəyən insan mütləq əvvəlcə onun təsir edib etmədiyini yoxlayır. İt məsələsi mənim ağlıma gəlməmişdi, amma burada görəndə bu da şübhələrimi təsdiqləyən bir fakt oldu. İndi başa düşdünüz? Arvadınız körpəsinə görə qorxurmuş. Körpəyə onun yanında hücum ediblər, o da uşağının həyatını xilas eləyib. Amma o, ürəyinizi yaralamamaq üçün bunu sizdən gizlədib.

- Ceki?!..

- Siz balaca oğlunuzla oynayanda mən ona fikir verirdim. Onun əksi pəncərəyə düşürdü – mən ora baxanda Cekinin üzündəki ifadəni görə bilirdim. Onun üzündə elə bir nifrət var idi ki, mən belə bir ifadəyə çox az rast gəlmişəm.

- Mənim Cekim!!

- Bu məsələyə bir az soyuqqanlı yanaşmağa çalışın, Ferqyuson. Ən kədərlisi budur ki, oğlunuzu bu dəhşətli cinayətə sövq edən şey, onun sizə olan ifrat, qeyri-sağlam, manyakal sevgisidir. Sizin balaca oğlunuzun sağlamlığı, gözəlliyi onu əsəbiləşdirir, o bu uşağa nifrət eləyir.

- İlahi! Buna inanmaq dəhşətdir!

- Mən düzmü dedim, missis?

Qadın üzünü yastığa dirəyərək, ağladı. Sonra ərinə tərəf çevrildi.

- Mən bunu sənə necə deyə bilərdim, Bob? Sənə belə bir zərbəni necə vura bilərdim! Mən kiminsə, yad adamın bunu sənə deməyini gözləyirdim. Bu centlmen – o əsl sehrbazdır, - mənə hər şeyi bildiyini yazanda, mən elə sevindim!

- Gənc Cekki məsələsinə gəlincə, mənm məsləhətim budur, - onu bir il müddətinə dəniz səyahətinə çıxarın. - Holms, bunu deyib, ayağa qalxdı. – Amma mənə qaranlıq qalan bi məsələ var, missis. Cekini vurmağınızın səbəbini mən başa düşürəm – ana səbrinin də sonu var. Amma bu iki-üç gün ərzində siz körpənizi necə başlı-başına buraxa bildiniz?

- Mən missis Meysona arxayın idim. O, həqiqəti bilir, ona hər şeyi demişəm.

- Mən belə də bilirdim.

Ferqyuson çarpayının yanında dayanmışdı, onun arvadına tərəf uzatdığı əlləri əsirdi.

- İndisə, Uotson, məncə, biz səhnəni tərk eləməliyik. - Holms qulağıma pıçıldadı. – Bu həddindən artıq sədaqətli Doloresin qollarından yapışıb, onu burdan çıxartmaq lazımdı.

Qapı arxamızca örtüləndə, Holms dedi:

- Məncə bundan sonra onlar münasibətlərinə özləri aydınlıq gətirməlidirlər.

Mənim son işim isə oxucunu daha bir məktubun mətni ilə tanış etməkdir. Holms həmin kağızı bu hekayətin başlanmasına səbəb olan məktuba cavab olaraq yazmışdı:

"Beyker-strit,
21 noyabr

Vampirlərə dair

Ser!

Noyabrın 19-da mənə yazmış olduğunuz məktuba cavab olaraq bildirirəm ki, mən Missinq-leyndəki "Ferqyuson və Myuirhed, çay tacirləri" şirkətinin şəriki mister Robert Ferqyusonun işini araşdırmağa başladım və araşdırmalarım müsbət nəticə verdi. Məni ona məsləhət gördüyünüz üçün sizə təşəkkür edirəm, ser,

Dərin hörmətlə,
Şerlok Holms".



____________

Qeydlər

1. London yaxınlığında, Riçmondda idman klubu.
2. Çizmen (cheeseman) – pendirçi.

Günün bütün mövzuları

XS
SM
MD
LG