Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16
-
«Zerkalo» qəzeti 24 noyabr sayında böyük müharibə iyi gəldiyini yazır. Qəzetə görə, ətrafdakı geosiyasi vəziyyət həddən artıq partlayış təhlükəsi vəziyyətindədir. Qəzet hesab edir ki, Dağlıq Qarabağda hava limanının açılması münaqişə tərəfləri arasında gərginliyi artıra bilər. Yazı müəllifi indiki mərhələdə hakim elitanın sülhə hazır olmadığını da diqqətə çatdırır:

«Heç kim də ATƏT-in Minsk qrupunun regiona səfərindən də nə isə ciddi nəticə gözləmir».

«Oliqarxlar prezidentin sərəncamını açıq sabotaj edirlər». Bunu «Yeni Müsavat» yazır:

«Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı 5 ay öncə yaradılan komissiya cəmi 2 dəfə yığışa bilib. Təkliflər isə prezidentə ən geci sentyabrın 27-də təqdim edilməli idi».

Qəzet yazır ki, hazırda sənədsiz evlərin sənədləşdirilməsi, ona mülkiyyət şəhadətnaməsi verilməsi 15 min manata başa gəlir:

«Prezidentin sərəncamı icra olunacaqsa, bu pullar əldən çıxacaq. Ona görə də, məmurlar açıq şəkildə sərəncamı sabotaj edirlər…».

«Mən seçkidə iştirak etməsəm, hazırkı hakimiyyət qalib gələcək». «Ayna» qəzeti yazır ki, ABŞ-da mühacirətdə olan Rəsul Quliyev bunu yaydığı video-müraciətində səsləndirib:

«Sözsüz, mən prezident seçkilərində iştirak etməliyəm. Çünki mən seçkilərdə iştirak etməsəm, hakimiyyət qalib gələcək. Bunu nəzərə alaraq gərək mən seçkilərdə mütləq iştirak edəm».

Foto: Arxiv

Foto: Arxiv

Müxalifətin indidən vahid namizəd məsələsindən danışmasını isə Rəsul Quliyev «biabırçılıq» adlandırıb.

«Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana 300 milyard dollar dəyərində ziyan vurulub». «Azərbaycan» qəzeti yazır ki, bu fikirləri İspaniya Senatında Azərbaycana həsr edilmiş konfransda Baş nazirinin müavini Əli Həsənov deyib. Əli Həsənov Dağlıq Qarabağ münaqişəsini təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə mənbəyi olduğunu deyib.

«Exo» qəzeti Azərbaycanda mənzillərin 65-66 faizinin yaşayış üçün təhlükəli olmasından yazır. Qəzetə görə, Bakıdakı əhalinin 70 faizə qədəri 30 il bundan əvvəl tikilmiş evlərdə yaşayır, hansı ki, həmin evlər öz istifadə müddətini çoxdan bitirib. «MBA Konsaltinq» şirkətinin direktoru Nüsrət İbrahimov hesab edir ki, problemlər olmasın deyə, əhali həmin evlərdən köçürülməlidir.

«Bizim yol» qəzeti yazır ki, Gəncənin ali məktəblərində iki aydır tələbələrə təqaüd verilmir. Qəzetə görə, artıq həmin təhsil ocaqlarında tələbə etirazları baş qaldırıb. Tələbələr təqaüdlərinin tez bir zamanda verilməsini istəyir.

Qəzet artıq təqaüd ala bilməyən tələbələrin ali məktəblərin rəhbərliklərinə bu barədə xəbərdarlıq etdiklərini yazır.

Şərhləri göstər

XS
SM
MD
LG