Keçid linkləri

Təcili xəbərlər

Son pərdəni hamı dram aktyoru kimi oynamağa çalışır...


Yaşar Nuri
Yaşar Nuri
-

Bu vaxta qədər eşitdiyim ən dəhşətli fikir «İnsanı ölümə hazırlamaq lazımdır» sözləri olub. Onu televiziyadan, bir keşişin söhbətindən eşitmişdim.

O vaxt bu, mənə çox dəhşətli görünmüşdü. Elə indi də bu haqda düşünəndə, özümü birtəhər hiss edirəm.

Kim hazırlamalı, kim bu funksiyanı öz üzərinə götürməlidir?

Başqaları bizi həyata kökləyəndə, yaşamağa həvəsləndirəndə bundan daha çox xoşumuz gəlir. Bəli, belə çıxır ki, bunu insan özü etməlidir. Artıq sonun yaxınlaşdığını hiss edib ölümün gəlişini və özünün bu dünyadan gedişini asanlaşdırmaq üçün. Bu, bir taledir.

Fikirləşirsən ki, həqiqətən də bu dünyanın labüd sonluğu ilə barışmamaq asandır, çətini barışmaqdır.

Barışmaq çətindir, amma buna çatanda özünü harmoniyada hiss edirsən. 21-ci əsrin tempi o qədər sürətlidir ki, başqa şey haqqında fikirləşməyə vaxt qalmır. Tutaq ki, mən hələ də başa düşmürəm ki, nədən Napoleon bu qədər böyük bir şövqlə Senanın sahillərində, Şevçenko isə Ukraynada, «Yüksək bir təpədə, bir dağ başında» uyumaq istəyirdi?

ÖZÜNDƏN SONRA GÜLÜŞ QOYUB GEDƏN ADAM…

Mənə həmişə elə gəlib ki, komediya artistləri dünyanın ən kədərli adamlarıdır. Deyilənə görə, rəhmətlik Eldəniz Zeynalov deyirmiş ki, əşi, ağlatmağa nə var ki, çətini güldürməkdir! Mənim Yaşar Nurini xatırlamadığım vaxtlar yadıma düşmür. Elə bil həmişə onu görmüşdüm, həmişə eşitmişdim.

Bir aktyor kimi ona münasibətimdə İncəsənət İnstitutunda təhsil almış qohumumun söhbətləri də az rol oynamamışdı.

Bir aktyor kimi Y.Nurinin sevdiyim cəhəti bu idi ki, o, güldürürdü, amma heç vaxt şitlik etmirdi. Digərləri güldürmək üçün dəridən-qabıqdan çıxır və yaman şitlik edirlər. Şitlik həmişə gülüş əvəzinə ikrah yaradır, hətta klounlar da bunu etmir. Görünür, bir vaxt tapıb gülüş haqqında da oxumaq lazım gələcək. Sizə adi görünməsin bu. Nə isə, mövzudan bir az uzaqlaşdım deyəsən. Y.Nuri mənə elə gəlir ki, dünyanın ən xoşbəxt adamlarındandır.

Ondan nə qaldı? Təkcə gülüş. Bundan sonra bəlkə əlli, yüz il sonra da onun adı çəkiləndə, dodaqlara təbəssüm qonacaq, insanlar güləcəklər. Teatr və ya ümumiyyətlə, sənət haqqında yəqin çox yazılıb. Elə Y.Nuri haqqında da çox danışılıb, çox yazılıb. Bura daha bir ştrix əlavə etmək çox çətindir. Yəqin, teatrın öz yeri, kinonun öz məziyyətləri var.
«Yol Əhvalatı» filmindən kadr. Yaşar Nuri Makintoş rolunda
«Yol Əhvalatı» filmindən kadr. Yaşar Nuri Makintoş rolunda
Y.Nuri elə kinoda da əvəzsiz, təkrarsız idi.

Mənə elə gəlir ki, kinoda aktyoru Aktyor edən rol, ssenaridir. Y.Nuri üçün uğurlu rollar tapılmışdı. Elə aktyorlar var ki, bu, onlara nəsib olmur, böyük potensialları olmasına baxmayaraq, özlərini bir kino aktyoru kimi təsdiq edə bilmirlər. Mənim üçün Y.Nuri daha çox kino aktyoru idi.

Başa düşürəm, bu, bir qədər mübahisəli görünəcək, çünki onun çox uğurlu teatr taleyi də olmuşdu. Amma nə olsun? Biri digərini inkar edirmi? Məncə, yox. Sadəcə, kinonu daha çox sevdiyimdən vurğunu onun üzərinə yönəltdim. Amma mən bilmirəm, o, özü nəyi daha çox sevirdi? Kinonu, yoxsa teatrı? İndi bu sualın cavabını onun müsahibələrində axtarmaq lazım gələcək. Bəlkə də bu sualın heç cavabı yoxdur. Bəlkə də bu cavab heç vaxt tapılmayacaq və biz jurnalistlər özümüzü qınayacağıq ki, nədən vaxtında ondan bu haqda soruşmadıq?... Amma soruşmadığımız təkcə bu idimi? Bir də onun həyata keçməyən arzuları haqda soruşa bilmədik. Bizim komediya artistlərimizin hamısının arzusu Məşədi İbadı oynamaqdır. Görən, Y.Nuri də bunu arzulayırdımı?...

SONUNCU PƏRDƏ

Əsl teatrdan savayı, bir həyat adlı teatr da var. Onun son pərdəsi ölümdür.

Pərdə enir və bununla da hər şey bitir. O, alqışlara alışmışdı.

Əgər dünyadan alqışla getməsəydi, bu, yaxşı olmazdı. Mənə elə gəlir ki, vida mərasimində onun çıxışını vermək, onu bir daha tamaşaçı alqışları altında son mənzilə yola salmaq yaxşı düşünülmüşdü. Sərkərdəni, dövlət adamını atəş sədaları altında son mənzilə yola salırlar. Nədən sonuncu pərdə elə əsl teatr kimi oynanılmasın, alqış sədaları ilə bitməsin?

Bəli, bu, onun sonuncu rolu idi.

Bu son pərdəni hamı dram aktyoru kimi oynamağa çalışır. Amma hamı öz rolunu oynasa, daha yaxşı olmazmı? Ona görə də pərdəni qaldırın, səhnədə aktyor və yaxud da artist (bilmirəm, hansını daha üstün tuturdu…) Yaşar Nuridir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG