Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:50

Sevinc el Sevər. Yeni şeirlər


-

Sevinc el Sevər


YENİ ŞEİRLƏR


Atasız cocuqlar

aldığın dönəri
büküldüyü kağızla birgə
ağzına təpər atasız çocuqlar
bəlkə də dönər nədi bilməyib onlar
sən gülərsən:
-“kağızı yemə, kağızı da yeyərlər?” deyərsən...
dönər uşağın boğazında qalar...
başına sığal çəkmək istərcəsinə
əl uzadarsan
geri atar başını
sığal nədi bilməz ki o tellər
onlara acıqla toxundu əllər həmişə.

qapımın kandarında
üzüqoylu yerə uzanmış
süpürgənin üstündə
özünə yer eləyən pişik qədər
canlarının qədrini bilməzlər...
bir bax,
ayaqyalın, başıaçıq
yağışın altında
necə qaçırlar o yan-bu yana
bəlkə kimsə
ayaqqabısını boyatdıra
maşınının təkərini təmizlətdirə...
hərdən mənim də işim düşür onlara
bəlkə bir yaxşılıq edəm
vicdanımı təmizlətdirəm...
sonucda özünü düşünür hamı

analarını sorsan
həsrət boylanar gözlərindən
-anam var!- deyə
sinələrini gərərlər
amma bütün günü
rəngbərəng marketlərin
işıqları sayrışan kafelərin
restoranların
sahiblərinin qorxusundan
yaxın düşməzlər analarına
şüşə arxasından baxarlar
sanki anaları bu dünyada
ən bahalı
satılıq oyuncaqmış kimi...

axşamlar
məktəb çantalarını gizlədikləri yerdən çıxarıb
kirayə evlərinə dönərlər
qapısında ev sahibinin danlağı
qarğışı asılmış evlərə...
isti ocaq yox
çay-xörək yox
ana yox!
məktəb çantasından
kitab-dəftərdən küsmüşlər
bu dünyada sanki
başqa heç kim
başqa heç nə yoxmuş
acıqlarını çıxmağa...
müəllimlərinə nifrət edərlər
adamı heç anlamaz ki onlar
dayanmadan öyüd-nəsihət verərlər
başqa da bir şey bilməzlər!

yoxsul əyinlərinin
cırıq ayaqqabılarının
göm-göy, qabarlı əllərinin hayıfını
lovğa sinif yoldaşlarından çıxarlar
avara deyərlər onlara
küçə uşağı
yetimçə
kəndçi deyərlər
acıqlı, kinli çocuqluqları
rəngbərəng marketlərin
işıqları sayrışan kafelərin qarşısındakı
səkilərdə
analarını gözləməklə keçər...

o uşaqlardan biri rastına çıxsa
ərinmə
dönər al
vicdanını təmizlə sən də
kağızını aç ver
bəlkə də heç dönər yeməyiblər...


Pəncərələr

(Röyaya ithaf)

Bayılın çıxışında
beşmərtəbəli evin ikinci mərtəbəsindəki
pəncərələrdən birində
gözəl qız oynayardı
nə vaxt avtobusla keçsəm
qız ordaydı...
tıxac olardı həmin dayanacaqda həmişə
darıxan sərnişinlər qıza baxıb əylənərdilər
darıxmadan çıxarırdı tıxacdan bizi qızcığaz...

bir gün pəncərədə kimsə olmadı
nə vaxtsa ağlını itirmiş
ürəyi bütöv qız getmişdi
bütün yolçular qızı soruşurdu bir-birindən
hamımızdan çox bilən bədağız sürücü
hırıldaya-hırıldaya demişdi:
- “dəli qız oynaya-oynaya
pəncərədən yıxılıb öldü dünən...
deyirlər əvvəllər ağıllı-başlı qızmış
ağlını sonradan itiribmiş
nə olubsa indi
babalı öz boynuna”

qızın tamaşası bitmişdi
tıxac darıxdırıcı olmuşdu hamıya

təkcə nəfəs almağımız
günəşə baxmağımız üçün deyilmiş pəncərələr
hər kəsin pəncərəsi
onun mavi ekranı həm də
ordan verilişlərini sunar iyirmi dörd saat
pəncərəsi qapandımı həmişəlik
həyatı bitdi demək...

etiraz aksiyasını küçələrdə yox
pəncərələrində deyinə-deyinə
keçirər qadınlarımız
asdığı pərdələrin rəngindədi qadınların inqilabları
dəli dedikləri qızın qaraydı pərdələri
həmişə çalıb-oxumağına rəğmən
əvvəl ağlını
sonra özünü uçurtdu çərpələng kimi
hələ də yel vurub yengələr oynayır
qara pərdəli pəncərəsində.


Gec saatlarda...

uşaqların yuxuya müqaviməti
kiçik ölümdən qaçmaq istəmələri
elə ölümdən qaçış bir az da
hamı ayaq üstəykən
yatağa çəkilməyə
könüllü qol qoymazlar...

gün bitir
beləcə ayrılmaq çətin olur sevgililərə də
axşam süfrəsində gözləyən
ata-analar yada düşməz
gülüb- oynamaqdan
şıltaqlıqdan doymamış
yatağa göndərilən uşaqlar kimi
ayrılarlar dayanacaqlarda
sevgililər hər axşam...

işdən gec qayıdan ərlər
uşaqlarını yatmağa göndərən qadınlar
gec saatlarda yatarlar
erkən oyanarlar
yuxu saatlarından oğurlayıb
eşqə zaman yığarlar...
dəyərli olan hər şeyə
gizlinlərdə
köşə-bucaqda saxladığımız
kisəmizdən çıxarıb vaxt ayırarıq
oğrun-oğrun...
gecələr anasını yuxuya verib
həyətdəki pişiyi evə buraxan
qarnını doyurub
yatağına soxan uşaq kimi...


Aidənin toydan qabaq tərəddüdü

(toy zarafatı)

mən yumruq davalarında
özümdən balaca qardaşlarımı
burnu fırtıqlı
siqaret tüləyi çəkən
məktəbsiz-kitabsız
məhlə uşaqlarından qoruya-qoruya
böyüdüm...
əyriburun doğmamışdı məni anam
gör nə gözəl düşmüşəm
uşaqlıq şəkillərimdə
təqvim kağızlarına şəkilləri vurulan
əcnəbi balalarına oxşayıram lap...
yupyumruyam
adamın yeməyi gəlir...

ayaqyalın basdım sinəsini küçələrin
səndəlim oldu
tuflim olmadı
tuflim oldu
səndəlim olmadı
ondan böyükdü ayaqlarım
ayağımın ölçüsünə ayaqqabı tapınca
ürəyin üzülür, aşkım...
piştaxta altından satılan
bahalı ayaqqabılarda böyümədi ki ayaqlarım...

incidirmi əllərim toxunanda üzünə
mən bu əllərlə heçdən konfet düzəltmişəm həmişə...
seçdiyimiz nişan üzüklərinin heç birini
qabarlı barmaqlar üçün düşünməyiblər
mən nə edim?

çeçələ barmaq boyda
hündürəm boyda
uzun çörək növbələrində boylana-boylana
uzandım bu qədər
sənə görə dünyanın bütün dikdabanlarından
vaz keçərəm
səninçün hələ okeanları yarıb keçərəm.

mən çox belə danışarsam
səy-səy
sevməzsən məni, təzə bəy
xəbərçi ürəyimə deyərəm sussun!
yalnız ölmüş adamların
mutlu şəkilləri
xoşbəxtlik hekayələri qibtə doğurmur
qoy çatlasın paxıllar
desinlər:
əyriburun qızlar qəşəng oğlanları
hardan tapırlar?
- Odu ey, okeanın o tayında töküb satırlar!


Sayıqlama

bu dünya Tanrımın
yuxuyla ayıqlıq arasında pıçıldadığı
anlamsız şeirdi...
yazıb bəyənməmiş
yumrulayıb bir kənara atmış
varlığını özü də unutmuş
əminəm daha gözəl şeirləri vardır Tanrımın
daha anlamlı
amma biz o şeirlərin heç birində yoxuq.
yuxuyla ayıqlıq arasında yaşamaqdayıq
burda
yumrulanıb
qaranlıq bir köşəyə atılmış
şeirin içindəyik...
Tanrımın yazı masasının üstündəki
lampadı o
günəş sandığımız
bütün yazdıqlarını bitirəndə
bir gün əlbət
əl atıb o lampanı
həmişəlik söndürəcək
onda bizi oxumayacaq mələklər
çoxlu ağ hərflər kimi dağılmışıq
qara vərəqin bağrına
hərdən ikimiz
hərdən üçümüz
hərdən beşimiz əl-ələ tuturuq
anlamlar daşıyırıq güc-bəla
adımız sevgi olur
dostluq olur
insanlıq olur!
elə bu anlamlara görə
Tanrımın yazı masasına
qayıtmaq ehtimalımız var
bükülüb atılan şeirlər
alova təslim edilməmiş
onlara son şans verilər
əlbət açıb baxar onlara müəllif yeni gözlə bir də
bəlkə içində bir anlam vardır deyə...
əl-ələ tutaq dostlar
dünya adlı
bu şeir oxunsun!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG