Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:02

Rafiq Tağının qətlindən 1 il keçdi, anıldı, adına mükafat verildi [Video]


-
Dalğa Gənclər Hərəkatının təsis etdiyi Rafiq Tağı mükafatı 3 yazara verilib: hazırda xaricdə sığınacaq alan Ağalar Məmmədova, Elnur AstanbəyliSeymur Baycana.
Birinci yerin qalibinin – Ağalar Məmmədovun 1000 kitabı çap ediləcək. Elnur Astanbəyli 300, Seymur Baycan isə 200 manat pul mükafatı alacaqlar.

Bir qrup yazar, jurnalist Rafiq Tağının məzarını ziyarət edib.

Qardaşı Alim Tağıyev deyib: «Biz prezidentdən və qardaşımın ölümünü araşdıran hüquq-mühafizə orqanlarından Rafiq Tağının qatilinin və sifarişisini tez bir zamanda tapmasını tələb edirik».

Noyabrın 23-də Reportyorların Azadlığı və Təhlükəsziliyi İnstitutunda yazıçı Rafiq Tağı ilə bağlı anım tədbiri keçirilib.

Bu tədbir Beynəlxalq Cəzasızlıq gününün qeyd olunduğu eyni tarixdə baş tutub. Tədbir iştirakçılarından buna diqqət çəkənlər olub.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çıxışında bildirib ki, Rafiq Tağının qətli ictimaiyyət tərəfindən də diqqətdə saxlanmalıdır və bu ölüm hadisəsinin üstü mütləq açılmalıdır.

MƏN İNANMIRAM Kİ...»

«Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib ki, Azərbaycanda indiyədək öldürülən və ya başqa zorakılığa məruz qalan söz adamları ilə bağlı cinayətlərin üstü heç vaxt açılmayıb.

«Mən inanmıram ki, bu qətlin də üstü açıla»- deyə Şahbaz Xuduoğlu çıxışına davam edib: «Bir şeyi də deyim ki, Elmar Hüseynov qətlə yetiriləndə istintaq daha çevik davrandı, isti-isti izə düşməyə çalışdı, az sonra qatilin fotorobotu hazırlandığı deyildi. Ancaq Rafiq Tağının istintaqı bu cür olmadı. Bu da onu göstərir ki, hakimiyyət bu qətlin üstünü açmaqda maraqlı deyil».

Tədbirdə çıxış edənlərdən bəzisi qətlin sifarişçisinin İran siyasi və ya dini dairələrindən olması haqda fakir söyləyiblər. Azad Yazarlar Ocağının üzvü Rasim Qaraca deyib ki, Rafiq Tağı təkcə İran siyasi hakimiyyətinə yox, çox şeylərə tənqidi yanaşıb. O cümlədən də Azərbaycan Yazıçılar Birliyinə. Onun fikrincə, yazıçının bıçaqlanma səbəbi araşdırılarkən bu məqam da yaddan çıxmamalıdır.



MƏZAR, MÜKAFAT, KİTAB

Tədbir iştirakçıları daha sonra yazıçının məzarını ziyarətə etməyə yollanıblar.

Noyabrın 23-də Rafiq Tağı adına mükafatın və yazıçının «Yanaşı ulduzlar» kitabının təqdimatı da olub.

RAFİQ TAĞININ ÖLÜMÜNDƏN 1 İL ÖTÜR

Yazıçı-publisist Rafiq Tağının ölümündən 1 il ötür. O, 2011-ci noyabrın 19-u axşam saatlarında işdən evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. Çoxsaylı bıçaq xəsarətləri alan yazıçı noyabrın 23-də xəstəxanada keçinib.

Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı.

Yazıçı ölümündən az əvvəl baş verənlərdə İran hakimiyyətini günahkar bilmişdi. Bu hadisədən bir qədər əvvəl onun İran siyasi rejimini tənqid edən məqaləsi çap olunmuşdu.

Rafiq Tağı Şərqi, xüsusən də islam aləmini tənqid edən «Avropa və biz» yazısına görə bir neçə il öncə uzun müddətə azadlıqdan məhrum edilmişdi. Amma az sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdı. O, yazıçılıqla yanaşı həkim kimi də fəaliyyət göstərirdi.

Media Hüququ İnstitutu (MHİ) Rafiq Tağının qatillərinin ən qısa zamanda tapılmasını təmin edən addımlar atmağa çağırır. Noyabrın 23-də yaydığı bəyanatında MHİ eyni zamanda qətli araşdıran hüquq mühafizə qurumlarını istintaqın məxfiliyinə xələl gətirməyən bilgiləri ictimaiyyətlə bölüşməyə, hesabat verməyə dəvət edir.

Rafiq Tağının ölümü ilə bağlı bir il əvvəl Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət açılıb. Hələki qətlin icraçıları və sifarişçiləri tapmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG