Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:11

SSRI-nin çöküşü əslində bu romandan başlandı...


bbc.com
bbc.com
-

Aleksandr Soljenitsının “İvan Denisoviçin həyatında bir gün” romanı düz 50 il əvvəl - 1962-ci ilin noyabrında çap olunmuşdu.

Yazıçı sovet həbs düşərgələrinin dəhşətlərindən həm SSRİ əhalisini, həm də dünyanı xəbərdar etdi.

QULaq – Qlavnoye upravleniye ispravitelno-trudovıx lagerey i koloniy, İslah-əmək düşərgələri və kaloniyaları baş idarəsi deməkdir.

Stalinin hakimiyyəti dövründə - 1929-cu ildən 1953-cü ilə qədər QULaq-a 14 milyon insan salınmışdı, onların 1,4 milyon nəfəri ölmüşdü.

Aleksandr Soljenitsının özü də QULaq-a salınmışdı.

1945-ci ildə Stalin haqda tənqidi fikirlərinə görə o, 8 illik həbsə məhkum edilmişdi.

(Sovet QULAQ-ından fotolar)

Yazıçı gördüklərini yazmışdı

Insanlar yayın istisində, qışın soyuğunda yarıac kanal tikintisində, dəmiryol çəkilməsində işlədilirdi.

Bəzən gündə 20 saatacan.

Əsərin baş qəhrəmanı İvan Denisoviç QULaq-da ölməmək, sağ qalmaq uğrunda mübarizə aparır.

Əsər SSRİ-də Stalin dövrünün cinayətləri haqda açıq danışıldığı, “Xruşşov istiləşməsi” adlanan dövrdə çap edilmişdi. Elə QULaq da o dövrdə - 1960-cı ildə tamamilə ləğv edilmişdi.

Stalin repressiyaları dövründə həmin düşərgələrə milyonlarla günahsız insan göndərilmişdi, sadəcə rejimə sərfəli olmadıqları, yaxud sərbəst düşündüklərinə görə.

O dövrün senzurası isə QULaq dəhşətlərinin mətbuata çıxmasına imkan vermirdi.

Yazıçı Vitali Korotiç romanın çapını xatırlayır, deyir ki, əsər insanların gözünü qulaqlarının dibində baş verən dəhşətlərə açdı:

“Mən əsəri oxudum, sonra bir də oxudum. Sadəcə düşündüm ki, o necə də cəsarətli yazıçıdır. O zaman çoxlu yazıçılar vardı, amma onun kimi cəsarətlisi yoxdu”.

Romanın çap edilməsinə sovet lideri Xruşşov şəxsən icazə vermişdi. O düşünürdü ki, kitabın çapı Stalinin ölümündən sonra da yaşamaqda davam edən Stalin kultunu, onun şəxsiyyətinə pərəstişi məhv edəcək.

Soljenitsının romanı bir qığılcım olur, eyni mövzuda başqa əsərlər də yazılır.

Korotiç deyir ki, düşərgələrdə olan başqa adamlar da əsərlərində QULaq-da baş verənləri xatırlamağa başlayır.

Onun fikrincə, Sovet dövləti qapalı rejim olduğu, informasiyadan qorxduğu və insanları buna görə doğru xəbərdən məhrum etdiyi üçün Soljenitsının romanı bu mənada bir çevriliş oldu və əslində

Sovet İttifaqının çöküşü də o nöqtədən başlandı

Yəqin elə Stalinə qarşı nifrətin Sovet hakimiyyətinə qarşı nifrətə çevrilməsindən ehtiyatlanan mühafizəkar kommunistlər tezliklə Xruşşovu hakimiyyətdən saldılar. Stalin şəxsiyyətinə pərəstiş əleyhinə kampaniya dayandırıldı və Soljenitsının özü 1974-ci ildə həbs edildi, sovet vətəndaşlığından məhrum edildi və ölkədən qovuldu.

(Soljenitsın başqa bir əsəri “QULaq arxipelaqı” haqda)


Amma bunun da xeyri olmadı, 1991-ci ildə SSRİ dağılanda Stalin dövrünün cinayətləri bütün çılpaqlığı və müdhişliyi ilə faş oldu.

İndi “İvan Denisoviçin həyatında bir gün” əsəri Rusiyada orta məktəblərdə keçirilir.

Amma təzad ondadır ki, Stalin şəxsiyyətinə pərəstiş indinin özündə də yaşamaqdadır.

Son sorğulara görə, rusiyalıların 48 faizinin Stalinə münasibəti yaxşı, yalnız 22 faizininki pisdir.

SSRİ dağılandan sonra vətənə dönən və 2008-ci ildə vəfat edən Nobel mükafatlı Soljenitsının həyat yoldaşı Natalya Dmitriyevna isə müasir Rusiyanın liderlərini, o cümlədən Mixail Qorbaçov və Boris Yeltsini ittiham edir, deyir ki, onlar Stalin cinayətlərinə lazımi qiymət verilməsi üçün yetərincə iş görmədilər.

“Bizdə de-Stalinizasiya olmayıb. Dövlət səviyyəsində kommunizmin cinayətləri ifşa edilməyib, Stalinin öz xalqına qarşı müharibə aparmış diktator olduğu təsbit edilməyib” – deyə Natalya Dmitriyevna bildirir.

Yazıçı Korotiç isə deyir ki, Rusiya SSRİ dağılandan sonra kommunizmi ifşa etmiş və o cür idarəçilikdən imtina etmiş Polşa, Almaniya və başqa ölkələrdən nümunə götürməlidir.

“Biz hələ də yarım-Stalin rejimində yaşayırıq və öz keçmişimiz haqda informasiyadan qorxuruq” – deyə yazıçı təəssüflənir.

BBC-nin materialları əsasında oxuzalı.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG