Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:14

Pamukun gündəlik iş qrafiki: "Saat 1-dək e-mail-lərə baxmıram..."


Orxan Pamuk
Orxan Pamuk
-

Nobel mükafatlı türk yazarı Orxan Pamukun Britaniyanın “Financial Times” qəzetinə müsahibəsi (ixtisarla)


- Sizin həyatınızı dəyişmiş kitab hansıdır?

- Bu, bir kitab olmayıb... bunlar Dostoyevski, Borxes, Mann, Kalvino, Nabokovun bütün əsərləridir... Mənim həyatımı bu yazıçılar dəyişib...

- Gündəlik yazı qrafikiniz necədir?

- Günorta saat 1-ə qədər e-mail-lərə, İnternetə, yaxud qəzetlərə baxmıram. Yuxudan səhər saat 7-də dururam, meyvə yeyir, çay, yaxud kofe içir və dünən yazdığım mətnə baxıram ki, alınıb, yoxsa yox. Daha sonra duş qəbul edir və günorta saat 1-ə qədər növbəti cümləm üzərində işləyirəm. E-maillərə cavab və s. işləri görəndən sonra isə yenidən – saat 3-dən 8-cən yazıram. Daha sonra isə cəmiyyətə qarışmaq, canlı ünsiyyət vaxtı gəlir.

- Sizin üçün harda yazmaq daha rahatdı?

- Mənim yaşadığım mənzillə iş kabinetim fərqli yerlərdə deyillər, faktiki olaraq evim elə mənim iş kabinetimdir, yatmaq üçün kiçik bir otağım da var. Yazmaq üçün küçəyə, yaxud hansısa mənzərəyə baxmağım gərəkir. Reallığı müəyyən məsafədən seyr etmək mənə həyata romantik baxış imkanı yaradır...

- Ziyafətdə ən çox kiminlə yanaşı oturmaq istərdiniz?

- Qarsia Markes, Borxes, yaxud Dostoyevski ilə, bir də dünyanın ən füsunkar, yaxud intellektual qadını ilə yanaşı.

- Bəs qorxduğunuz şey nədir?

- Mütəşəkkil qəddarlıq və mütəşəkkil nadanlıq.

- Gecə sizi nə oyaq saxlayır?

- Mənə atamdan keçmə bir xüsusiyyət var, gecənin bir aləmində özümdən asılı olmayaraq oyanmaq. Amma mən günün həmin hissəsini sevirəm. Bu, mənə bəşəriyyətə və öz həyatıma fərqli baxış imkanı yaradır.

- Özünüzlə bağlı nəyi dəyişmək istərdiniz?

- Kaş ki bir həb icad olunaydı və mən onu içməklə hövsələsizlik, ovqatdan asılı olma, arabir əsəbiləşib özündən çıxma kimi xüsusiyyətlərimdən qurtula biləydim. Amma bunu etsəydilər, mən roman yazmaq, rəsm çəkmək qabiliyyətimi də itirərdim.

- Kaş ki elə bir kitab yazmış olaydım – deyə bir arzunuz varmı?

- Mən yazdığım kitablardan məmnunan. Başqa kitablar yazmağı arzulamaq başqa inanc, dil, düşüncə arzulamaq kimi bir şeydir.
XS
SM
MD
LG