Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:57

İlham Əliyev etirazçılara qarşı polis zorakılığını yolverilməz sayır


İlham Əliyev
İlham Əliyev
-
«İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir».

Bu fikirləri Prezident İlham Əliyev noyabrın 16-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdəki çıxışında deyib.

Prezident inkişaf etmiş ölkələri aksiyaların qarşısını alınmasında daha təmkimli olmağa çağırıb:

«Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha da təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz».

İlham Əliyev daha sonra deyib ki, buna dözmək olmaz. Onun fikrincə bu, demokratik normalara zidd olan hərəkətlərdir:

«Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik. Azərbaycan bu baxımdan nümunə ola bilər. Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər».

İlham Əliyev Azərbaycanda bütün bu məsələlərin sivil, mədəni qaydalarla həllini tapdığını deyib:

«Səbəb olmasa, bu qədər insan küçələrə axışmaz. Səbəb də aydındır və bəllidir. Uzun illər iqtisadi əsaslar olmadan böyük xərclər etmiş, borclanmış və ondan sonra borcları qaytara bilmirlər. Bir-birini əvəzləyən iqtidarlar populist vədlər verməklə faktiki olaraq gələcək nəsillərin ciblərinə girmiş və böyük dərəcədə borclanmışlar. İnkişaf etmiş bəzi ölkələrin xarici dövlət borcu ümumi daxili məhsulun 100 faizinin üstündədir. Bu, əslində o deməkdir ki, bu ölkələr artıq iflasa uğrayırlar. Azərbaycanda isə bu rəqəm 7-8 faizdir».

Prezident deyib ki, o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı və Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkənin inkişafı tam başqa istiqamətdə gedə bilərdi:

«Hansı istiqamətdə gedə bilərdi? Bunu bu gün biz özünü müxalifət adlandıran elementlərin hərəkətlərində görə bilərik. Onlar iqtidarda qalsaydı, bəlkə də Azərbaycan dünya xəritəsindən çoxdan silinmişdi. Çünki onların cəmi bir il ərzində talançı, rüsvayçı, biabırçı hərəkətləri artıq Azərbaycan xalqını o həddə çatdırmışdı ki, bir il də dözə bilməyərək onları süpürüb tarixin arxivinə göndərdilər».

«İLHAM ƏLİYEVİN AZAD DÜNYAYA TÖVSİYƏ VERMƏSİ TRAGİKOMİK HADİSƏDİR»

«Bu, çox təəccüb doğuran çıxışdır. Belə görünür ki, İlham Əliyev reallıq hissini itirir».

Müsavat Partiyası başqanı İsa Qəmbər İlham Əliyevin çıxışına belə münasibət bildirdi. Onun fikrincə, dövlət başçısının bu cür çıxış etməyə mənəvi haqqı yoxdur:
İsa Qəmbər
İsa Qəmbər

«Başqa ölkələrdəki bu tipli hadisələrə münasibət bildirməyə o siyasətçilərin, dövlət adamlarının haqqı var ki, onlar öz ölkələrində bu haqlara, azadlıqlara hörmətlə yanaşsınlar. Öz ölkələrində sərbəst toplaşmaq azadlığı qüvvədə olsun. Halbuki Azərbaycanda bütün bu azadlıqlar kobud şəkildə pozulur. O cümlədən sərbəst toplaşmaq azadlığı yoxdur. Faktiki ölkədə fövqəladə vəziyyət elan olunub. Nəinki böyük yürüşlərə, mitinqlərə, hətta əllicə nəfərlik piketlərə də hakimiyyətin dözümü yoxdur. Bunlar hamısı hakimiyyət tərəfindən zorakılıqla dağıdılır. İnsanlar döyülürlər, həbs edilirlər, işgəncələrə, bəzən uzun müddətə həbs cəzasına mərz qalırlar. Bütün bunlardan sonra İlham Əliyevin azad dünyaya tövsiyə verməsi, məncə, tragikomik hadisədir. Bir tərəfdən gülüncdür, o biri tərəfdən faciəvidir. Dediyim kimi, reallıq hissinin itirilməsinin təzahürüdür».

O ki qaldı, inkişaf etmiş ölkələrdə aksiyaların zorakılıqla dağıdılmasına, İsa Qəmbər deyir:

«Aydın məsələdir ki, Qərb ölkələrində bəzən nümayişlərin dağıdılması, aksiya iştirakçılarının polis tərəfindən zorakılığa məruz qalması konkret situasiyalarla bağlıdır. Yəni o hallarda ki, nümayişçilər özləri zorakılığa yol verir, maşınları vurub dağıdırlar, mağazalara, ofislərə hücum edirlər. Bilirsiz ki, anti-qlobalist hərəkatı var. Onlar böyük dövlətlərin, beynəlxalq təşkilatların liderlərinin toplantıları zamanı sərt etiraz aksiyaları keçirirlər, polislə qarşıdurmaya gedirlər. Bu halda polis də qüvvə nümayiş etdirməyə məcbur olur. Amma Qərbdə, azad dünyada hər gün, hər saat sərbəst toplaşmaq azadlığı qüvvədədir. Hər gün, hər saat dünyanın əsas mərkəzlərində, prezident saraylarının qabağında, parlamentin önündə, meydanlarda piketlər, yürüşlər keçirilir. Hamısı da dinc şəraitdə baş tutur. Görünür, Azərbaycan dövlət başçısı əksəriyyət təşkil edən bu cür aksiyalara diqqət etmir. Amma qarşıdurma olan kadrlar onun diqqətini cəlb edir. Azad dünyada sərbəst toplaşmaq azadlığına, fundamental azadlıqlara nə qədər önəm verildiyinin fərqində deyil».
XS
SM
MD
LG