Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:10

Qaçqınlar yeni mənzillərə köçmək istəmirlər


Dövlət Bədən Tərbiyə İnstitutunun yataqxanası

Dövlət Bədən Tərbiyə İnstitutunun yataqxanası

-
Bakıda Dövlət Bədən Tərbiyə İnstitutunun yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni mənzillərə köçmək istəmirlər. Noyabrın 16-da yataqxananın qarşısına toplaşan köçkünlər Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin orada olan nümayəndəsinə etiraz ediblər.

Köçkünlər deyirlər ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində onlar üçün tikilmiş yeni binalar yaşamaq üçün əlverişli deyil. Bir müddət əvvəl orada yerləşdirilmiş məcburi köçkünlər işığın, qazın olmamasından narazılıq edirlər.

Kəlbəcər rayonundan köçkün düşmüş Kənan Musayev bildirir ki, 20 ilə yaxındır yataqxanada məskunlaşıblar. Pis-yaxşı özlərinə şərait düzəldiblər. İndi də onları buradan köçkün düşməyə məcbur edirlər:

«İş yerimiz buradadır. Hərəmiz bir iş tapıb işləyirik. Uşaqlarımız burada məktəbə gedir. Belə çıxır ki, indi də gedib bir neçə il ora uyğunlaşmaqla məşğul olacağıq. Heç olmasa, bura yaxın bir yerdə ev tikib verəydilər bizə».

Məcburi köçkünlər deyirlər ki, «Qaçqınkom» köçməklə bağlı təzyiq göstərsə, onlar etiraz aksiyası keçirib yataqxananın qarşısındakı yolu kəsəcəklər.

Qeyd edək ki, yataqxanada məskunlaşmış köçkünlərdən yeni mənzillərə köçmək istəyənlər də var.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov izə AzadlıqRadiosuna bildirib ki, yataqxanada 180-ə yaxın ailə məskunlaşıb.

Onların köçürülməsi nəzərdə tutulan çoxmərtəbəli binalar Mehdiabad qəsəbəsinin Binəqədi rayonuna yaxın ərazisində yerləşir. Yəni, şəhərdən heç də uzaq olmayan yerdə:

«Bu binaları «Qaçqınkom» tikməyib. Onlar dövlət ehtiyacları üçün alınmış ərazilərdə tikilən binalardır. Mənzillər yaşayış üçün zəruri olan bütün şərtlərə cavab verir. Hamısı təmirli mənzillərdir. İndiyədək həmin məhəlləyə 800 ailə köçürülüb».

Elçin Qədimov deyir ki, ərazidə normal yaşayış üçün bütün xidmətlər yaradılıb. Sakinlərin şəhərə rahat gəlib getmələri üçün nəqliyyat problemi də həll edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG