Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42
-
Türkiyə dünyanın 7 möcüzəsindən biri olan Eşqin məbədini--Mausolleum-u geri almağa hazırlaşır.

Türkiyənin əksər media orqanı son günlər bu hadisədən yazır.

Vəkil Remzi Kazmaz və dostları bununla bağlı 9 ildir ki, hüquqi çalışmalara başlayıb və Avropadan bu məbədin qalıqlarını rəsmən istəməyi qərarlaşdırıb.

2013-cü ilin yanvarında bu məsələyə Avropa İnsan Haqları Məhkəməsində baxılacaq.

BALIQÇI...İNGİLTƏRƏ KRALİÇASINA MƏKTUB YAZDI VƏ MƏBƏDİ GERİ İSTƏDİ

Maraqlıdır ki, ingilislər tərəfindən savaş gəmiləri ilə İngiltərəyə aparılan və bir çox parçası British Museum-da saxlanılan məbədin Anadoluya aid olduğunu və Bodruma geri gətirilməsi təşəbbüsünü ilk dəfə Halikarnas balıqçısı Cevat Şakir Kabaağaçlı başlayıb.

Balıqçı hətta İngiltərə kraliçasına bir məktub da yazıb, ancaq istehzalı bir cavabla istək rədd edilib.

Vəkil Remzi Kazmaz qoca balıqçının işini davam etdirməyə və artıq o dünyada olan balıqçının arzusunu gerçəkləşdirməyə söz verib:

«Məzarı başına gedəndə söyləyirəm: Ən böyük eşq Anadoluda yaşanıb. Sənə söz verirəm, balıqçı, Eşqin məbədini aid olduğu torpaqlara gətirəcəyik».

SƏNƏDLİ FİLM ÇƏKDİ, ROMAN YAZDI

Remzi Kazmaz və dostları Anadoluya aid olan tarixi qazıntıları Vətənə gətirmək üçün 9 il əvvəl dünya miqyaslı bir kampaniya başladıb. 120 min imzanın toplandığı kampaniya Mədəniyyət Nazirliyinə təqdim olunub.

Bu illər ərzində vəkil Kazmaz boş dayanmayıb.

Mausolleum-dan «Antik Halikarnasos Bodrum» adlı sənədli film çəkib, «Eşqin məbədi» romanını yazıb.

4 MİNƏ QƏDƏR TARİXİ ƏSƏR GERİ GƏTİRİLİB

Xatırladaq ki, Türkiyə indiyə qədər 4 minə yaxın tarixi əsəri bir neçə il ərzində ölkəyə geri gətirə bilib. Bunların arasında Truva xəzinələrinin bir qismi, Yorğun Herakl heykəli, Sinan Paşa Camisindən qaçırılan İznik çiniləri və s. var.

Növbə Eşq məbədinindir.

BU EŞQİN TARİXÇƏSİ: BƏS DEYİRLƏR KRALLAR SEVİB EVLƏNMİRLƏR?

Miladdan öncə 377-353-cü illər arasında yaşayan Karia Kralı Mausolos-un paytaxtı Bodrum (Halikarnassos) idi.

Kral Maussolleum-un antik Halikarnasos-u quran adam olduğu deyilir.

Kral həyat yoldaşına duyduğu eşqi əbədiləşdirmək üçün bir məbəd inşa etdirir.
Amma iş elə gətirir ki, tikinti tamamlanmamış kral dünyadan köçür... Onda kralın həyat yoldaşı Artemisia tikintini davam etdirir...

Məbəd uzun əsrlər, ta XV əsrə kimi sevgi simvolu kimi yaşayır.

Arada zəlzələdən damı və yan divarları uçur. XV əsrdə Malta cəngavərləri Bodrum bölgəsinə hakim olur və məbədi söküb yerinə qala tikirlər. Deyilənə görə, o qala Bodrumda indi də durur və yıxılan məbədi xatırladır.

MƏBƏDİN QALIQLARINI İNGİLİS ARXEOLOQU TAPIR

İngilis arxeoloq Newton 1856-57-ci illər arasında Bodrumda gerçəkləşdirdiyi qazıntılar vaxtı məbədin qalıqlarını tapır.

Beləcə Mausolos və Artemisia-nın heykəlləri, dörd atlı arabanın parçaları British Museum-a aparılır.

Deyilənə görə, bundan əvvəl də--1846-cı ildə İngiltərənin Türkiyədəki səfiri Lord Stratford Canning padşah Abdülmecit-dən icazə alıb Bodrum Qalasının divarlarına həkk olunmuş Mausolleum qabartmalarını Londona aparır...

MAVZOLEYİN TƏSVİRİ

Mavzoley 40x30 metrə ölçüsündə bir düzbucaqlı şəklində tikilibmiş.

Hündür podiumun üzərində imiş.

Ətrafı heykəllə əhatə olunubmuş.

Yuxarısında dörd atın çəkdiyi nəhəng bir savaş arabası varmış. Məbədi daha da gözəlləşdirən insan, aslan və at heykəlləri 4 ünlü yunan sənətkarı-- Bryaxis, Leochares, Scopas ve Timothues tərəfindən yaradılıbmış...

GÖRÜŞ YERİNİ DƏYİŞMƏK OLMAZ!

Beləliklə, bu eşq məbədinin—dünyanın 7 möcüzəsindən biri sayılan abidənin taleyinə 2013-cü ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsində qərar veriləcək.

Son görüş yeri—balıqçının məzarı başıdır.

Əgər müsbət nəticə alınsa, vəkil Kazmaz balıqçının məzarı başına gedib ona müjdəsini verəcək...

Şərhləri göstər

XS
SM
MD
LG