Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:08

Azərbaycan Uruqvaya nota vermək niyyətindədir


-

«Azərbaycan Uruqvay nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfə nota vermək niyyətindədir».

Bunu noyabrın 14-də jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

«Bir-iki deputatın Azərbaycanın işğal altında olan ərazilərinə səfəri heç nəyi dəyişmir. Bura Azərbaycanın tarixi torpaqlarıdır. Lakin bu səfər təxribat xarakteri daşıyır və regionda situasiyanı gərginləşdirir».

Elman Abdullayevə görə, bu səfəri təşkil edən dairələr, xüsusilə erməni diasporu danışıqlar prosesinə zərər vurmaqdan başqa heç nə əldə etmirlər.

«Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi həssas bir andadır və Ermənistan bu kimi addımlarla bu prosesə zərbə vurur. Rəsmi Yerevan bilir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrə sahibdir. Təəssüf ki, bunu bilə-bilə məqsədyönlü şəkildə belə addımlar atırlar. Bəzi parlamentarlar erməni diasporunun maliyyəsi hesabına onların əlində alətə çevrilir. Uruqvay dövləti bilməlidir ki, bu kimi addımlar sülh prosesinə zərər yetirir».

Noyabrın 13-də Uruqvay Nümayəndələr Palatasının (parlament) sədri Jorge Orrico-nun başçılıq etdiyi nümayəndə heyəti Dağlıq Qarabağa gəlib. Nümayəndə heyəti erməni separatçılarının lideri Bako Sahakyan-la görüşüblər.

Ermənistan mətbuatının məlumatına görə, görüşlərdə ikitərəfli münasibətlər müzakirə edilib.

Görüşdən sonra Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun həmsədri Ruben Martinez Elmo jurnalistlərə bildirib ki, «Ururvay nəzəri cəhətdən Dağlıq Qarabağı tanıyan ilk ölkə ola bilər». Deyib ki, «bu, siyasi prosesdir və tədricən getməlidir».
XS
SM
MD
LG