Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:23

Məktəblər necə qızdırılır?


Tovuzda məktəblilər odun daşıyırlar, fevral 2012
Tovuzda məktəblilər odun daşıyırlar, fevral 2012
-
52 yaşlı Əlisa Həsənovun ötən ilki xəstəliyi hələ də canından çıxmayıb. Saatlı rayonunun Novruzlu kənd orta məktəbində müəllim işləyən həmsöhbətim xəstəliyi də dərs dediyi məktəbdə tapdığını bildirir. Xəstələnməsinə məktəbin həddən artıq soyuq olmasını səbəb gətirir:

«Əgər müəllim xəstələnirsə, görün, şagird nə vəziyyətə düşür».

MÜƏLLİMLƏRİN HƏRƏSİNDƏN 5-10 MANAT

Ə.Həsənov deyir ki, problemi həll etmək üçün müəllimlərin hərəsindən 5-10 manat pul yığaraq yanacaq problemini həll ediblər:

«Bizi narahat edən odur ki, dövlət büdcəsindən pul ayrılırsa, niyə bu, məktəblərin qış mövsümündə isidilməsi üçün xərclənmir? Təkcə bizim məktəb deyil, rayonda xeyli belə məktəblər var. Harasa şikayət edirsən, bilirlər ki, kimsə bu məsələ ilə maraqlanacaq, elə həmin gecə yanacaq məsələsini həll edib müraciət edəni yalançı çıxarırlar. Deyirlər ki, baxın, yanacaq da var, istilik də. Amma bir nəfər yuxarıdan xəbərsiz məktəbə gəlsə, görər ki, məktəblərdə istiliklə bağlı vəziyyət necədir. Ötən il martın 19-da bu barədə Təhsil və Maliyyə nazirliklərinə yazdım, amma bundan sonra mənə elə təhdidlər oldu ki, guya, hər şeyi yalandan yazmışam».

TƏZƏ MƏKTƏBƏ ODUN VƏ TƏZƏKLƏ GEDƏN ŞAGİRDLƏR

Zahir Əmənov
Zahir Əmənov
Masallı rayonunda çıxan «Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, onlar da orta məktəblərin istilik sistemi haqda araşdırma aparanda, xeyli korrupsiya halları üzə çıxıb. Zahir Əmənova görə, köhnə məktəblər bir yana, yeni tikilən məktəblərdə də istiliklə bağlı problemlər mövcuddur:

«Təzə tikilən məktəblər var ki, onlara qızdırıcı sistemlər quraşdırılıb, amma həmin sistemlər işləmir. Baxırsan ki, uşaqlar yenə də özləri ilə məktəbə odun, təzək aparılar».

Baş redaktor deyir ki, elə məktəblər var onlara vəsait duru yanacaq üçün ayrılıb, amma həmin vəsaiti mənimsəmək üçün bəzi məktəblər həmin pulun bir hissəsinə odun almaqla qalan vəsaiti mənimsəyirlər. Bununla əlaqədar Baş Prokurorluq rayonun iki kənd məktəbində araşdırmalar aparır.

TƏHSİL NAZİRLİYİ: BÜTÜN MƏKTƏBLƏR QIŞA HAZIRDIR

Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bəzi istisnaları çıxmaq şərti ilə ölkədəki bütün məktəblərin qışa tam hazır olduğunu bildirir:

Təhsil Nazirliyi
Təhsil Nazirliyi
«Ölkədə 4500-dən çox təhsil müəssisəsi var. Bunlar müxtəlif cür qızdırılır. Misal üçün, Bakıda 180 məktəb mərkəzləşmiş istilik sistemi vasitəsilə qızdırılır. Bir çox məktəblərin özünün qazanxana sistemi var. Rayon məktəblərində çox az sayda məktəb odun və digər yanacaqla qızdırılır. Ancaq ümumilikdə, bizə verilən məlumata görə, bütün məktəblərimizin istilik sistemi qışa tam hazırdır».

TƏHSİL NAZİRLİYİ QAZ, İŞIQ İSTEHSAL ETMƏDİYİ ÜÇÜN...

Bayram Hüseynzadə deyir ki, qaz və elektrik enerjisi ilə bağlı problemlər yaşanan yerlərdə məktəblər isidilmirsə, bu, Təhsil Nazirliyinin günahı deyil:

«Biz Təhsil Nazirliyi olaraq qaz və elektrik enerjisi istehsal edən qurum deyilik. Məktəblərimizə təbii qaz və elektrik enerjisi veriləcəksə, o məktəblərin istilik sistemində problem olmayacaq».

«MƏKTƏBLƏRİN İSİDİLMƏSİNƏ BÜDCƏDƏN PUL AYRILIR Kİ?»
Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev deyir ki, onların ötən il bəzi rayonlarda apardıqları araşdırmalar zamanı yanacağa ayrılan vəsaitin məktəblərə gedib çatmadığı üzə çıxıb:

«Nəinki vəsaitin az və çoxluğu, ümumiyyətlə, məktəblərin çoxu o vəsaiti görə bilmir. Məktəblərin isidilməsi xərci müəllim və valideynlərin üzərinə düşür. Misal üçün, mən Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayıram. Bizdə ibtidai sinif məktəbinin istilik sistemi yox idi və biz valideynlər pul yığıb məktəbə elektrik cihazları aldıq. Hətta bir müddət əvvəl Açıq Cəmiyyət İnstitutunun maliyyəsi ilə layihə həyata keçirirdik. Biz deyəndə ki, məktəblərin isidilməsi üçün büdcədən pul ayrılır, Tərtər, Ağcabədi rayonlarında bizə təəccüblə baxırdılar ki, elə bir şey doğrudanmı var?».

R.Ağayev deyir ki, ötən il məktəblərin qızdırılması üçün dövlət büdcədən 5 milyon 600 min, 2012-ci ildə isə 6 milyon manat pul ayrılıb.

Amma iqtisadçının fikrincə, bu vəsaitin 4 mindən çox məktəbin qızdırılmasına yetərli olub-olması haqda konkret bir şey demək çətindir.
XS
SM
MD
LG