Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:36

Şeyx İbrahim Gülşəninin türk divanı çapdan çıxdı


«Şeyx İbrahim Gülşəni Bərdəi və türk divanı»
«Şeyx İbrahim Gülşəni Bərdəi və türk divanı»
-
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Azadə Musabəylinin «Şeyx İbrahim Gülşəni Bərdəi və türk divanı» adlı 2 cildlik kitabı çapdan çıxıb.

Xəbəri MEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun saytı yayıb.

«Elm və təhsil» nəşriyyatında çıxan kitaba Azərbaycan təsəvvüf poeziyasının görkəmli nümayəndəsi Şeyx İbrahim Gülşəni Bərdəinin həyat və yaradıcılığı haqqında tədqiqat, onun türkcə divanının mətni daxil edilib.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur.

Şeyx İbrahim bin Məhəmməd bin Şəhabəddin Gülşəni XV əsrin tanınmış şairlərindən biri olub.

O, təxminən 1426-1427-ci illərdə Bərdədə doğulub.

Gənc ikən Bərdədən Təbrizə gəlib, burada XV əsr filosofu Seyid Yəhya Şirvani Bakuvinin yetirməsi Dədə Rövşəninin tələbəsi olub.

Şair müəlliminin məsləhəti ilə əvvəlki təxəllüsü «Heybəti»ni «Gülşəni»yə dəyişdirib.

«Xəlvətiyyə» sufi təriqətinin görkəmli nümayəndələrindən olan Rövşəni sonralar bu təriqətin «Rövşəniyyə» qolunu yaradıb.

GÜLŞƏNİNİN OĞULLARI, NƏVƏ VƏ NƏTİCƏSİ DƏ ŞAİR İMİŞ...

Gülşəninin ədəbi irsi «Ruznamə», «Qədəmnamə», «Simurqnamə», «Pəndnamə», «Məsnəviyi-xəfi», İbn-Əl-Farizin «Qasideyi taiyyə»sinə yazdığı cavabdan və Azərbaycan, ərəb, fars dillərində olan divanlardan ibarətdir.

Gülşəni Bərdəinin əsərləri dünyanın müxtəlif əlyazma xəzinələri və kitabxanalarında mühafizə edilir.

Misirin Xidviyyə, İstanbulun Universitet və Millət, Rusiyanın Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq bölməsi kitabxanalarında Gülşəni Bərdəinin divanları saxlanılır.

Maraqlıdır ki, Gülşəninin oğulları Şeyx Əhməd Xəyali, Məhəmməd Zəfi, nəvəsi Şeyx Siffəti, nəticəsi Haləti də şair olub.

Gülşəni 100 ildən çox yaşayıb. 1533-cü ildə Misirdə vəfat edib.
XS
SM
MD
LG