Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11
-
BÜDCƏNİN KİMƏ XEYRİ OLACAQ?

«Oqtay müəllim, mən çox danışmayacam. Ancaq məni çox maraqlandıran bir sual verəcəm. Bilmək istəyirəm, bu büdcənin həkimlərə, müəllimlərə, alimlərimizə, pensiyaçılarımıza, əlillərə xeyri olacaq, ya yox?».

Bu, deputat Zeynəb Xanlarovanın Milli Məclisin sədri Oqtay Əsədova verdiyi sual idi. Spiker sualların sonda cavablandırılacağını bildirib.

Noyabrın 13-də parlament 2013-cü ilin dövlət büdcəsi layihəsini müzakirə edib. Üç gün davam edəcək müzakirələrdə deputatları daha çox birləşdirən məsələ layihədə elmə, təhsilə ayrılan vəsaitin azlığı olub. Onlar büdcənin ümumilikdə yüksək səviyyədə hazırlandığını və ona səs verəcəklərini bildirsələr də, çıxışlarını «amma»sız da yekunlaşdırmayıblar.

İPOTEKA KREDİTİNDƏN MƏHRUM ELMİ İŞÇİLƏR

YAP-dan olan deputat İsmayıl Hacıyev deyir ki, əhalinin bir qismi, xüsusilə də elmi işçilər orta maaş həddindən aşağı maaş alırlar. Deputat fikrini əsaslandırmaq üçün deyir ki, elmi işçilər ipoteka krediti almaq şansından məhrumdurlar. Bu da onların maaşlarının səviyyəsinin göstəricisidir:

«2013-cü ilin dövlət büdcəsində elm sahəsinə 219.1 milyon manat vəsait ayrılıb. Müqayisə aparılaraq da qeyd olunur ki, bu, 2012-ci illə müqayisədə 5.7 milyon manat artıq vəsaitdir. Bu da 4.6 faiz artım deməkdir. Təbii ki, 2013-cü ilin dövlət büdcəsində ümumi vəsait artıq olduğu üçün elmə ayrılan vəsait də bir qədər artıq olacaq. Ona görə maliyyə və iqtisadi inkişaf nazirlərindən xahiş edirəm ki, gələcəkdə bu məsələdə büdcədə elmə Fəzail Ağamalı

Fəzail Ağamalı

ayrılan vəsaitin neçə faiz artması yox, dövlət büdcəsinin neçə faizinin elmə ayrılması prinsipi nəzərə alınsın».

«ELMİ İNKİŞAF ETDİRMƏK MÜMKÜN DEYİL»

İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bu il olduğu kimi, 2013-cü ilin büdcəsində də elmə az vəsaitin ayrıldığını və bunun onu narahat etdiyini bildirib:

«Elmə kifayət qədər az vəsait ayrılır. Bununla elmi inkişaf etdirmək mümkün deyil. Biz elm sahəsində ciddi islahatlara getməliyik. Kifayət qədər vəsait sərf etmədən də bu, mümkün deyil».

BDU-nun rektoru Abel Məhərrəmov da deputat həmkarları kimi hesab edir ki, bu sahəyə büdcədə nəzərdə tutulan vəsait artırılmalıdır.

Adətən büdcədə elm, təhsil, səhiyyə və digər sahələrə vəsaitlərin artırılması məsələsini bəzi deputatlar qaldırırlar. Sonda Maliyyə naziri bütün suallara və təkliflərə münasibət bildirir və bəzi təkliflərin nəzərə alınacağını da istisna etmir. Bununla da parlament büdcəni təsdiq edir. Sonda hansısa sahələr üzrə vəsait artımı baş verir. Amma o qədər də ciddi artımlar olmur.

BÜDCƏNİ ƏSLİNDƏ KİM MÜƏYYƏNLƏŞDİRİR?

Qubad İbadoğlu

Qubad İbadoğlu

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki əslində Azərbaycanın dövlət büdcəsini bir neçə nəfər tərtib edir. Bu məsələ Maliyyə Nazirliyi ilə Prezident Administrasiyasında həll olunur. Digər qurumlarla və parlamentdə keçirilən müzakirələr isə sadəcə mövcud prosedurların yerinə yetirilməsi məqsədi daşıyır:

«Həm Milli Məclisin nüfuzunu qorumaq üçün, həm onun elmə, təhsilə, səhiyyəyə olan qayğısını nümayiş etdirmək üçün deputatlara daha çox bu mövzulardan danışmağa icazə verilir. Onlar da adətən belə danışırlar. Sonda da ola bilsin ki, bu və digər sosial istiqamətlərdə hansısa dəyişikliklər baş versin. Yəni, bu, mümkündür. Amma köklü dəyişikliklərdən söhbət gedə bilməz».

Qubad İbadoğlu deyir ki, əslində büdcənin parlamentdə müzakirəsi oktyabrın 25-dən başlayaraq dekabrın 20-dək davam edə bilər. Amma bu müddətə Milli Məclisdə büdcəni müzakirə etmək mümkün deyil. Heç belə müzakirələri aparası parlament də yoxdur Azərbaycanda. Ona görə də, büdcənin müzakirəsini çox qısa müddətə təyin edirlər. Əvvəllər parlament büdcəni bir həftə müzakirə edirdi. İndi daha da azaldıb üç günə endiriblər bu müddəti. Belə az vaxta isə, Qubad İbadoğlunun fikrincə, normal dövlət büdcəsi formalaşdırıla bilməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG