Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:49
-

KƏNAN HACI


ƏTİ YEYİLMİŞ MAŞIN

(hekayə)

Səhər yuxudan duranda fikirləşdi ki, görəsən intihar etməyə cəsarəti çatarmı? Hər halda intihara psixoloji hazırlıq mərhələsini keçmək lazım idi. O isə bu “mərhələ”ni intihar haqqında didaktik tonda yazdığı məqalə ilə keçmişdi. Deyən gərək, ay əbləh, camaata dərs keçirsən, özününsə könlündən intihar keçir, xeyr ola?

Hardasa oxumuşdu ki, I Pyotr intihar edənlərin ölüsünü it leşi kimi şəhərin küçələrində sürütlətdirirmiş ki, özünə qəsd etmək istəyənlərə görk olsun. Yaşamaq cəhənnəm əzabına dönsə də intihar etməyə özündə təpər tapa bilməyəcəkdi, onsuz uzun və əzablı bir ölümə məhkum edildiyindən xəbərdar idi; həkimlər qanında hepatit C virusu aşkarlamışdılar və üzünə demişdilər ki, pənah Allaha, nə qədər yaşadın qənimətdi... Qanındakı mikrobların durmadan çoxaldığını, qara ciyərinə daraşıb onu hey-həkətdən saldığını sanki gözlərilə görürdü və kənar müşahidəçi kimi soyuqqanlılıqla, sakitcə, bir az da maraqla bu mənzərəni seyr edirdi.

Sonra fikirləşmişdi ki, hər kəsin alnına bir şey yazılır, mənim də alnıma bu yazılıbmış, mən də bu həyatı ağrıya-ağrıya yaşamalıyammış... Əlbəttə, yəqin bilirdi ki, bu xəstəliklə çox yaşamayacaq-uzağı, 6-7 il. Ondan o yanası qənimətdi.

Əslində ondan daha çox arvadı intihara meylli idi; aralarında mübahisə düşən kimi tez xalatının belbağısına əl atırdı, onda da cumub arvadının nazik, şümşad qollarını tutub özünü boğmasına mane olurdu. Qarışqa kimi canına daraşmış xırda-xuruş qayğılara birtəhər dözmək olurdu, amma ərinin az qala hər gün başına qapaz kimi dəyən tənəsinə dözə bilmirdi. Evləndiklərindən neçə il ötsə də ailə elə iki nəfərdən ibarət idi, getmədikləri yer qalmamışdı, iynə-dərmanların da heç bir səmərəsi olmurdu. Axırda onlara məsləhət görmüşdülər ki, süni mayalanmadan istifadə etsinlər. Çox əcəb, bununçün pul hardaydı? Evlənəndən bəri ha əlləşib hıqqansa da əyninə bir dəst kostyum ala bilməmişdi.

Son vaxtlar əsəbləri büsbütün pozulmuşdu. Həmişə azad, sərbəst yaşamağa öyrəşmiş bir adam birdən birə ümumi həyətli, ümumi tualetli, ümumi hamamlı bir yerə gəlib düşmüşdü və bu dar-düdək həyətdə qəfəsdəki quş kimi çırpınırdı. Adicə hamamda yaxalanmaq onun üçün problem idi; gün ərzində su iki-üç saat gəlirdi, vaxtı-vədəsi də bilinmirdi, su gələn kimi çimmək üstündə boğuşma gedirdi və o da belə şeylərdən iyrənirdi, kənardan baxa-baxa qalırdı və köksünü ötürüb qətvəsi çiynində cırıldayan çürük taxta qapını arxasınca bərk çırpıb daxmasına çəkilirdi.

Bu həyətdə hamı sakit dolanmağa məcbur idi, çünki evdə normal tempdə danışanda da səs bütün evlərə yayılırdı, hamı bir-birinin sirrini bilirdi. Hər şeydən çox buna əsəbiləşirdi, -bu necə ailədir, evimdə arvadımla rahat danışa bilmirəmsə, bu ailə mənim nəyimə lazımdır?-deyə gileylənirdi. Bir balaca səsləri ucadan çıxan kimi o biri evlərin qapısından arvadların başı zürafə başı kimi uzanırdı. Səs-küy bu evdən o evə adlayırdı və kişilərdən hansınınsa arvadını söyməyi və ya döyməyi hamıya agah olurdu. Gəl indi bu xarabada yaşa görüm, necə yaşayırsan!

Daha evdən çıxanda güzgüyə-zada da baxmırdı, arvadı yadına salmasa, saçına daraq, ayaqqabılarına maz da çəkmirdi. Bu cür yaşayış onu zinhara gətirmişdi, intihar etməyi də bacarmırdı, həyatla ölümün arasında vurnuxa-vurnuxa qalmışdı. Fikirləşirdi ki, bu xəstəlik də özünü naza qoyub, çəkilib dinməzcə bir kənarda durub, onu bu it əzabından qurtarmır ki, qurtarmır. Görünür, bu ciyər tezliklə yaxa ələ vermək istəmir, amma sahibinin halından xəbər tutsa tezcənə təslim olar.

Düşünürdü ki, bu dünyanın işləri niyə belə kəllə-mayallaq qurulub? Niyə dünya birinə qucaq açır, birinə isə arxa çevirir? Görürsən ki, vücudu bir qara qəpiyə dəyməyənin birisi şah balası kimi yaşayır, bir neçə yerdə evi, xarici maşını, vəzifəsi, pulu, bir sözlə, hər şeyi var, ömür boyu vicdanla, halallıqla yaşayan başqa birisi isə yaşamır, elə hey sürünür, arabir də şükür edir ki, nə yaxşı soxulcan doğulmayıb. Bəs Allah niyə kasıba da bir ağ gün qismət eləmir? Niyə? Axırda cavabsız suallardan təngə gəlib öz bəxtini söyürdü, öz-özünə deyirdi: “nahaq özünü belə mənasız fikirlərlə yorursan, öl öldüyün yerdə, necə ki, ölürsən!..”

Gəncliyində çoxlu eşq macəraları yaşamışdı, amma indi ailəsinə xəyanət etmək ağlından belə keçmirdi. İşdə onun belə qəfildən dəyişməsini sinirə bilmirdilər, -bir balaca gözəgəlimli qız görən kimi bütün bacarığını işə salıb ovunu ələ keçirməsəydi rahat ola bilməzdi, birdən-birə buna nooldu görəsən? Curları belə fikirləşirdilər. O isə fikirləşirdi ki, ailə qurana qədər nə olubsa, olub keçib, innən belə mənə yaraşmaz. Çox da deyirdi, axı o, kişi idi, gözəlliyə biganə qala bilməzdi.

Bir dəfə dostları ilə möhkəm yeyib-içəndən sonra kimsə dedi ki, gəlin, bara gedək. Getdilər və tərslikdən həmin barda köhnə tanışıyla rastlaşdı. Qız uzaqdan onu görən kimi alıcı quş kimi başının üstünü kəsdirdi və açıq sinəsini padnos kimi gözlərinin qabağında yüngülcə yırğaladı. İcazə istəmədən böyründə əyləşib ona qısıldı:- Niyə görünmürsən?- deyərək gözlərini süzdürdü.

Laqeydcəsinə siqaretini sümürüb:-iş-güc başdan aşır, yadıma elə bar düşür...-deyə mızıldandı. Qız hiss etdi ki, köhnə tanışı onun bu gəlişindən narazı qaldı, yerində qurcuxub o biri masalarda əyləşmiş potensial müştərilərini tilova keçirmək məqsədilə baxışlarını işə saldı.

Kişi fikirləşdi ki, deyəsən əməlli-başlı qocalıram, yoxsa bu nə biganəlikdir?! Arvadı son dərəcə ehtiraslı idi; evliliklərinin ilk günlərində büsbütün hovunu almışdı, bu qadın öz gözəlliyi ilə ərinin baxışlarına hər tərəfdən canlı bir hasar çəkmişdi. O, çox gözəl bilirdi ki, xəyanət kişilərin mayasındadır, imkan vermirdi ki, əri ondan soyusun və nəticədə xəyanət eləsin. Xəyanəti heç vaxt bağışlamayacağını ərinə demişdi, əri də ömrünün sonuna qədər ona sadiq qalacağına söz vermişdi. Hələ ki, sözünün üstündə durmuşdu.

Amma hərdən fikirləşirdi ki, görəsən xəyanətin dadı necə olur? Ekzotik meyvə kimi turşməzə. Bu bənzətməyə özlüyündə gülürdü. Bəlkə bibər kimi acı olur, nə bilmək olar?

Təəssüf ki, onlar gəncliyin təzə-tər çağında deyildilər, amma digər tərəfdən, hələ qocalıqdan qupquru qurumamışdılar; qadının dərisi elə bil hormonların coşqunluğundan qığılcım saçıb çırtıldayırdı. O, lap yeniyetməliyindən, özünü tanıyandan bəri bədəninə xüsusi qulluq edirdi, ona görə də yaşından xeyli cavan görünürdü. Kişinin isə xəstə olmağına baxmayaraq qədd-qaməti hələ ki, yerindəydi, arvadı hərdən onun boy-buxunuyla aşkarca öyünürdü. Zahirən çox xoşbəxt görünürdülər.

Eh... Zahirən gözəl görünən bu şəhərin həndəvərində, künc-bucağında o qədər bəxtsizlər, biçarələr sürünür ki!.. Onlar yaşamırlar, onları ancaq sürünənlər fəsiləsiylə müqayisə etmək olar. Onların məlul baxışlarının dikildiyi uzaq üfüqdə ölkəni başına götürmüş iqtisadi inkişafın izi-tozu belə görünmürdü. Öz-özünə dedi ki, elə sən də onlardan biri! Sən məgər yaşayırsan? Sənin yaşamağın da elə intiharın bir növü deyilmi?!

Günlərin bir günü ər-arvad fikirləşdilər ki, bəlkə bir maşın alaq, xeyrə-şərə, yayda dənizə, istirahətə getmək üçün lazım olur. Arvad daha çox onu fikirləşdi ki, əri xəstə adamdır, ictimai nəqliyyat onu həddən artıq yorur, işə də maşınla rahat gedib-gələr. Evdəki pullarını bir yerə cəm edəndə gördülər ki, əldəki pulla babat bir “Jiquli” ala bilərlər. Kişi də çox sevindi, fikirləşdi ki, bacanaqların, qayınlarının hər birinin maşını var, sağlıqlarına qismət, onunku niyə olmasın? Hansından əskik kişidi?

Dostlarına maşın almaq istədiyini deyəndə ona məsləhət gördülər ki, nəbadə, bazardan maşın alasan, bazarda ancaq dəllallar at oynadır. Yaxşısı budur, səbrini basıb gözləsin, onlar üçün əlimyandıda satılan maşınlar düşür. Bu gözünə döndüyümü isə anası elə bil altıaylıq doğmuşdu, səbr, hövsələ deyilən şey büsbütün ona yaddı. Dəfələrlə səbrsizliyinin güdazına getsə də, özündə heç cür bu xüsusiyyəti inkişaf etdirə bilmirdi. Səbr, hövsələ hələ də onun qanında ölü rüşeym halında idi. Yəqin ölən gününəcən o rüşeym dirilməyəcəkdi, fikirləşirdin ki, bu adam öləndə də hövsələsizliyi ilə Əzrayılın işini yüngülləşdirəcək.

Növbəti bazar günü arvadını yerindən oynatdı ki, haydı, qalx, gedək bazara, bir maşın alaq, gələk. Elə bil yarmarkaya kartof-soğan almağa gedirdilər. Arvadı ərinin qırımından gördü ki, mübahisə etməyin yeri yoxdu, əks halda yenə evdə qanqaraçılıq düşəcək. Kəmali-ədəblə geyinib-keçindi, bəzənb-düzəndi və ərinin əmrini gözlədi.

Pulları o qədər də çox deyildi, o fikirləşirdi ki, görəsən, bu az pulla babat bir maşın ala biləcəkmi? Bəlkə hamı kimi, kreditə birdəfəlik təzə maşın götürsün? Hamı kimi... Hamının qazancı var, hər ay bankın pulunu ödəyə bilir, ödəyə bilməyənlərin də tutub əlindən maşını alırlar, it də gedir, ip də. Onun qazandığı qəpik-quruşla hər ay banka pul ödəmək olardımı? Bir neçə gün bundan öncə “Bakı” kinoteatrının qarşısında düzülmüş “07”lərə də gedib baxmışdı, arendaya verilən bu maşınlar zahirən təptəzə görünürdü. Həndəvərdə dolanan qoca bir kişi ilə söhbət əsnasında məlum olmuşdu ki, o köhnə şoferdi, özünün də nimdaş bir “Opel”i var. Qoca əlini sırayla düzülmüş təzə maşınlara tuşlayıb:- bu maşınları görürsən?-dedi,- bunların hamısının ətini yeyiblər, anasını ağladıblar, sonra gətirib bura qoyublar. Ağlı olan bunlara pul verməz, hamısı avtoş altından çıxmış maşınlardır. Qoca bir də onu dedi ki, oğul, çalış, heç vaxt köhnə maşın alma, kasıbın evini yıxan köhnə maşındı. Köhnə maşın alınandan günü təmirxanalarda keçəcək.

O, çarəsizliklə dilləndi:

-Dayı, axı təzə maşın almağa pulum çatmır.

-Yoxdu, onda alma!- Qoca kəsə dedi.

Qocanın sözlərini sonralar tez-tez xatırlayacaqdı.

...Geyinib Badamdar yolundakı maşın bazarına üz tutdular. Yol boyu heç biri dinmədi.

Arvad fikirləşirdi ki, əri sürücülük vəsiqəsi olmadan alacağı maşını necə sürəcək? Maşın almaq ideyası ortaya gələndə arvadı ona məsləhət gördü ki, tələsmə, əvvəlcə “prava”nı al, sonra maşın götürək. Kimə deyirsən? Əri anasından oyuncaq istəyən höcət uşaqlar kimi iki ayağını bir başmağa dirədi, “maşın!” deyib durdu. Bu da maşın!
Maşın bazarını dörd dövrə vurduqdan sonra çarəsizlikdən ağ bir “Jiquli”nin böyründə ayaq saxladılar. Maşının yiyəsi ilə qiymət sövdələşməsi də çox uzun çəkmədi, o nə dedisə bunlar da inandılar və pullarını sayıb maşını “Notarius”a gətirdilər ki, sənədləşmə aparılsın. Heç deyilən məbləğin hamısı üstlərində yox idi, arvadı iki daşın arasında gedib öz bacısından da beş yüz dollar borc götürdü və nəhayət maşın qapıya gəldi. Bu maşın həmin o qocanın dediyi “əti yeyilmiş” maşınlardan idi.

Qonum-qonşular “mübarək” sözünün böyrünə hökmən bir əmma qoşdular, hərə özünə, öz ağlına uyğun məsləhət verdi; biri dedi ki, qardaşoğlu, yaman baha almısan, o birisi dostunu tələsməkdə qınadı, guya bundan da ucuz qiymətə avtomat qutulu “inomarka” ala bilərmiş.

Bir səhər yuxudan qalxıb maşını işə salmaq istəyəndə açar sınıb kiliddə qaldı. Yaxınlıqdakı ustanı çağırıb açara əncam çəkdi. Sən demə, zırıltı hələ qabaqda imiş. Akkumulyator dəyişildi, karbürator yuyuldu, bir neçə gündən sonra gördü ki, əyləci basanda maşın sürüşür, onu başa saldılar ki, təkərlər keçəldir, ona görə tormoz verəndə maşın sürüşür. Razval, balansirovka, daha nə bilim, nə. Maşın təmirdən çıxıb təmirə getdi. O, hər gün maşını ona satanın nəslini, əcdadını qəbirdən çıxarıb sümüklərini “şaqqıldadırdı.” Bədbəxtin oğlu, bilmirdi ki, xəstə canıyla əlləşsin, yoxsa maşını usta yanına sürüsün. Hər gün evlərində mərəkə qopurdu; arvadı gözünün odunu əməlli-başlı almışdı:

-Cəhənnəm olsun sənin o cındır maşının! Evdə çörək tapılmır, soyuducu bomboşdur, ət yox, yağ yox, kartof-soğan yox, sən isə əlinə düşən qəpik-quruşu dəmir-dümürə verirsən. Evə pul verəcəksən, ya yox?

Beləcə, arvadın hikkəsi yeri-göyü dağıdırdı. Yenə zürafə boyunlar qapılardan, pəncərələrdən uzanırdı, qulaqlar şəklənirdi, bir ailənin sözü-söhbəti beş ailənin evində əks-səda verirdi. Üstəlik, o evdə olmayanda həyətdəki cavanlar altdan-altdan arvadını fitvalayırdılar ki, ərin maşının üstünə pul-zad qoyub eləmir, o pulu harasa, başqa yerə xərcləyir. İşdən qayıdandan sonra evdə qopan fırtınaya isə kənardan göz qoyub xısın-xısın gülürdülər.

Günlərin bir günü növbəti atışmadan sonra o, açarları divanın üstünə tolazlayıb: - anam-bacım, mən bu maşını sürəsi olmadım, əl çək məndən, qoy rahat yaşayaq!-deyərək əsəblərini soyutmaq üçün bazarın yanındakı pivəxanaya yollandı. Bilirdi ki, ona içmək olmaz, bununla həyatını göz-görəti təhlükəyə atır, amma belə vəziyyətdə heç olmasa bir-iki parç pivə içməsəydi, partlamaya düşərdi.

İndi qapıda gördüyünüz toz basmış nimdaş “06”-nın uğursuz tarixçəsi bundan ibarətdir. Əslində indi bu maşın yox kimidir. Hərəkətini çoxdan saxlayıb. Ümumiyyətlə o maşına artıq maşın demək olmaz. Çünki boyası artıq çoxdan tökülüb, keçəlləşmiş təkərləri lap çoxdan boşalıb. Bir sözlə, həmin maşının indi müqəvvası qalıb. Uzaqdan nəhəng böcəyə oxşayan bu müqəvva ayların, illərin yağışı, qarı altında rəngini tamam itirib, çopurlaşıb...

Allahın ver günü arvadı bir ucdan hüdüləyib tökür:

-Heyif o maşına verdiyimiz puldan, heç-puç oldu. O pula iki sot torpaq alıb bu arı yuvasından xilas olardıq...

O isə hələ də intihar haqda düşünürdü və yenə intihar etmək üçün özündə təpər tapa bilmirdi...

01 iyul, 2010,
04 iyun, 2011

Günün bütün mövzuları

XS
SM
MD
LG