Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43
-

Kənan Hacı


Qəribə məktub


Qarı təndirəsər yerinə yığdığı odundan bir –iki girdin götürüb sobaya atdı. Lampanın işığını azaltdı, evin qapısının rəzəsini vurub-vurmadığını bir də yoxlayıb arxayınlaşdı. Gecə uzandıqca- uzanırdı – qarının yuxusu ərşə çəkilmişdi, ha illah eləyirdi, yuxu gəlmirdi ki, gəlmirdi. Elə bil gecə qarının yuxusunu oğurlayıb qaranlıq qoynunda gizləmişdi və qarı inildəyə- inildəyə qalmışdı –gecəyə yalvarırdı.

Qarı oyaq qaldığı gecələrin sayını- hesabını çoxdan itirmişdi; gözünü ağı- qarası bircə oğlunu əsgərliyə yola salandan bəri qarının gözdolusu rahatcana yatıb yuxusunu aldığı yadına gəlmirdi. Bütün günü dörd divar arasında fikirli –fikirli otururdu, oğlunun yazdığı məktubları dönə-dönə oxuyurdu, oğluyla xəyali söhbətlər edirdi, əprimiş kağızları yenə səliqəylə büküb sandıqçaya qoyurdu. Qarının bir ayağı poçtdaydı, arada oğlunun məktubları kəsilirdi, onda qarı bilmirdi canını hara qoysun, saysız suallarla poçt işçilərini zinhara gətirirdi. Hətta bir dəfə kəndin poçtalyonu Rafiq qarıya müxtəsərcə sataşmışdı: Ay arvad, oğlundan məktub aldığın heç bir həftə döyül, nə özüvi yeyib- tökürsən? Deyirsən indi məktubu mən yazıb verim sənə?

Qarı dinməmişdi, eləcə bir müddət dayanıb matdım-matdım poçtalyonun üzünə baxmışdı, sonra yüngülcə köksünü ötürmüşdü, poçtdan çıxıb xəyalında oğluyla danışa-danışa qayıtmışdı komasına, yenə məktubları tökmüşdü qabağına, az qala yüz dəfə oxuduğu cümlələri təzədən ilk dəfə oxuyurmuş kimi oxumuşdu.

...Külək pəncərəni cingildədirdi, içəri dəm çalırdı, çırta-çırtla yanan odunların işığı evin divarlarında titrəşdikcə qarı xoşhallanırdı, bu işıq qarının ürəyini oxşayırdı, ötüb keçmiş günləri gözü önünə gətirirdi. Soba qarının həyanı, qulaqyoldaşı idi, qarı özünün hər “sirrini” bu ocaqda bişirirdi; dəmir soba qarının isti göz yaşlarını az cızıldatmamışdı, isti sinəsində az qovurmamışdı. Ocaq qırmızı dilini işə salıb qarıya təsəlli vermişdi, incik qəlbini ovutmuşdu.

Ocaq indi də sədaqətlə qarıya xidmət edirdi –ürəyini isidirdi, üz-gözünü işıqlandırırdı, təkliyi qarının həndəvərinə buraxmırdı. Uzun gecələri yuxusu ərşə çəkiləndə bu ocaq dadına yetirdi. Doğmalardan, yaxınlardan vəfalıydı bu ocaq...

Oğlunu əsgər aparanda qarı çox yerə ayaq döymüşdü ki, əlsiz- ayaqsızam, ondan savayı baxıb-eləyənim yoxdu, tək oğuldu, qoca vaxtımda barı əlimdən tutur. Çifayda...

“Voenkom” qarını heç dinləmək belə istəməmişdi. Biləcəri toplanış məntəqəsində Kamrana demişdilər ki, 300 dollar ver, səni Bakıda saxlatdıraq. Cibində heç üç qəpiyi də yox idi. Yiyəsiz uşaqları seçib ayırmışdılar – əksəriyyəti cəbhə bölgəsinə ya da Naxçıvana göndəriləcəkdi. Əlinin üstünə nömrə yazmışdılar, ordakı əsgərlərdən birinə nömrəni göstərib hara olduğunu soruşmuşdu. Əsgər nömrəyə baxıb: - proşay, Baku! –demişdi, - Naxçıvan xoroşo!

Aeroportda imkan eləyib valideynlərdən biriylə anasına xəbər yollamışdı ki, Naxçıvana düşmüşəm. Biçarə qarı oğlunun yanına getmək məsələsini birdəfəlik bir tərəfə büküb qoymuşdu. Düz iki ay qarı səksəkə içində yaşamışdı, gecələr balıncını göz yaşlarıyla islatmışdı, bir hovur dincəlməmişdi, çırpınmışdı, vurnuxmuşdu, özünə divan tutmuşdu. Nəhayət iki ayın tamamında Kamrandan bir əlcə kağız gəlib çatmışdı və qarı sevincdən bayılmışdı, məktubu öpüb- oxşamışdı, köksünə sıxmışdı, oxumuşdu, hər sözünü az qala əzbərləmişdi. Quş kimi yüngülləşmişdi və o isti yay günü həyətin ot-əncərini təmizləmişdi, göy-göyərtini suvarmışdı, ərik ağacının dibinə tökülmüş sulu meyvələri yığmışdı, axırıncı dəfə rəhmətlik əri Gülbalanın od saldığı samovarı taxçadan çıxarıb tozunu almışdı və eyvandaca samovara od salmışdı. Ürəyində əhd eləmişdi ki, bir də bu samovara Kamran əsgərlikdən qayıdanda od salacağam, inşallah!

Qarı tədbirini həmişə qabaqcadan görürdü – sandıqçasında bolluca alma, heyva, nar, üzüm saxlamışdı. Güc-bəla ilə ilan-qurbağa xətlə oğluna yazdığı məktublarda bu cümlələr heç vaxt əskik olmazdı:

“Gözümün işığı! Səninçün həyətin bütün meyvələrindən saxlamışam, hər cür mürəbbə bişirmişəm, səni səbirsizliklə gözləyirəm, mənim balam!”

Qarı qohum- əqrabadan yaman gileyliydi. Kamranın əsgərliyə getdiyi az qala bir il olacaqdı, yaxınlardan biri də qapısını açıb qarının kefini soruşmamışdı, əlindən tutmamışdı, işinə -gücünə yarımamışdı. Elə bil qarı aydan gəlmişdi, kimsənəsi yox idi... Qonşuluqda yaşayan Baba kişi bir gün axşam arvadına “bu qarının qapısını heç açıb-eləyən yoxdu” deyəndə qadına elə gəlmişdi ki, əri hansısa bir sirrin üstünü açır.

Qarı darvazanın döyüldüyünü eşidib əvvəlcə qulaqlarına inanmadı, günlərlə gözünü dikdiyi və üstünə haçansa bir Allah bəndəsinin əli dəyəcəyinə, onda gül kimi, çiçək kimi açılacağına inandığı boz rəngli taxta qapıya ürəyi uçuna- uçuna cummuşdu. Özünü doqqaza yetirəndə nəfəsi təngimişdi.

-Kmdir? – Qarının səsi titrəyirdi.

...və qapı arxasından səs gəlməmişdi. Həyəcanı səngimişdi, sevincinə soyuq su ələnmişdi. Ağaclar həmişəki yerindəydi, gözləyirdilər. Ayaqlarını sürüyə-sürüyə daxmasına çəkilmişdi, ocağı yandırmadan buz kimi soyuq yorğanın altına girmişdi, zar- zar ağlamışdı...

O il yaz gələnə qədər qarının yeganə həmsöhbəti oğlunun məktubları oldu- o məktublar olmasaydı, çətin ki, qarı o qışdan çıxa biləydi.

Qarı çarpayısından qalxdı, sobaya bir ovuc qamqalaq atdı. Otağın küncündəki sandıqçanın açarını taxçadan götürdü. Sandıqçanı açıb içindən damalı şagird dəftəri və bir də yaşıl qələmi axtarıb tapdı. Lampanın işığını artırdı, eynəyini taxdı və dəftərdən qoşa vərəq qopardı. Yerə çöküb kətili qarşısına çəkdi.

...Və birdən qarının qulağına çağa səsi gəldi; gecənin bir aləmində görəsən bu, nə sirri-xuda idi?! Qarı bir anlıq düşündü ki, yəqin onu qara basır və dinşədi- körpə qığıltısı bu dəfə lap aydın eşidilməyə başladı. Bu səs dünyanı ağappaq işığa boyadı, dünyanın itmiş rənglərini yenə özünə qaytardı. Bu səs qarını çəkib gəlin çağlarına apardı, o qığıltıya həzin bir gəlin laylası da qarışdı, bu layla illərin tozunu aldı, qara gözlü körpənin başı üstündə bir əlçim nur topasına döndü. O işıq seli qarının qaranlıq daxmasına axdı, qarı o işığı ovuclayıb üz-gözünə çəkdikcə ağac kimi çiçəklədi, o işığı belinə dolayıb sıxdıqca beli incəldi.

Anasının bu dəfəki məktubu Kamrana bir qədər qəribə gəldi, birinci dəfəydi ki, anasından bu cür məktub alırdı – şəkilli məktub. Ağ vərəqdə bir cüt yaşıl yarpaq şəkli çəkilmişdi, qoşa yarpağın üstündə iki bülbül öpüşürdü. Şəklin altında bu sözlər yazılmışdı:

“Səni səbirsizliklə gözləyən anan”.

20 yanvar 2004

Günün bütün mövzuları

XS
SM
MD
LG