Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:31
-

Kənan Hacı


EZAMİYYƏT

Ürək dostum Sahibə


İçəridə səslənən həzin musiqinin zəif dalğası elə bil duyğularına sərinlik gətirdi və bu dalğa çəkilib gedəndə onun içində vurnuxan narın kədəri də özüylə apardı. Düşündü ki, özünü aldada- aldada xoşbəxt yaşamaq olarmış...

Siqaret yandırdı. Əlinin üstünə yağış damcıları düşdü. Yağış elə narın- narın başlamışdı ki, elə bil nə vaxtsa yaşanılmış o sevginin şirinliyini qaytarmaqçün yağırdı. Məhz o anda hiss elədi ki, otuz illik ömründə hələ heç vaxt belə dadlı, isti yağış görməyib.

Barın həyətinə daxil olan kimi yenidən içində köhnə və amansız bir nisgil baş qaldırdı, bura gəldiyinə görə özünü söyüb- yamanladı. Az qala on ildən çox idi ki, bu bara gəlib- gedirdi, buranın bütün işçiləri, müştəriləri onu tanıyırdı. Burada dostlarıyla, tanışlarıyla keçirdiyi kef məclislərinin sayını- hesabını çoxdan itirmişdi. İndi o dost- tanışların bir qismi bir parça çörək dalınca Urusetin müxtəlif yerlərinə yollanmışdılar və çoxdandı ki, səs- soraqları eşidilmirdi, bəziləri haqq yoluna gəlib avaraçılığın daşını atmışdı və heç bu tərəfin həndəvərinə belə üzükmürdülər. O dostların içində lap yaxın bir dostu da vardı – Zakir- neçə illər idi ki, öldüsündən- qaldısından xəbər yox idi. Hər dəfə Zakir yadına düşəndə artıq ondan çox- çox uzaqlarda qalmış dəlisov yeniyetməliyinin əbədi itkisini bütün varlığıyla hiss edirdi. Amma bununla belə Zakirin nə vaxtsa getdiyi yerdən qayıdacağına möhkəm inanirdi.

On altı yaşı olanda bir gün Zakir qoluna girib onu kənara çəkdi və sirli- sirli:- səni yaxşı bir yerə aparacağam, - deyə qulağına pıçıldadı. Həmin gün onun dodaqları həyatında ilk dəfə qız dodağına toxundu və yadındadı ki, həmin gündən siqaret çəkməyə başladı.

Dünyanın o genişliyindən, hüdudsuzluğundan əsər-əlamət qalmamışdı. Xəyallar sanki xəyal olmaqdan bezmişdi, gerçəkləşəcəyi günü səbirsizliklə gözləyirdi...

Barın divarları arxasında asfalt boyu gecə sərinliyini gətirən axşam küləyi əsirdi və bu külək içəridə səslənən mahnını qabağına qatıb ətrafdakı hündür binaların üzünə çırpırdı...

mən sənsiz hər zaman
xəyallarınla yaşadım, inan,
sən yoxsan, sevgilim,
yalnız mənəm bu sevgidən yanan,
bircə sözünlə dönərəm sənə,
sevgim bitməz yenə...

İçəri keçən kimi gözünə dəyən birinci adam piştaxtanın qarşısında fırlanan hündür kətildə əyləşmış qız oldu. İşə bax! Bu qızı neçə il bundan öncə həmin bu fırlanan kətildə oturduğu yerdə qoyub getmişdi. Ona elə gəldi ki, o vaxtdan bu qız heç hara tərpənməyib. Yaddaşın, kədər dolu uzaqlığın dumanı içindən sıyrılıb çıxan Rəna – bu zərif çiçək hələ də öz təravətini itirməmişdi. Amma qara gözlərində yurd salmış həsrət qocalmışdı və bu amansız həsrət olmasaydı, Rəna dünyanın ən xoşbəxt qadını ola bilərdi. O, buna layiq idi.

Hə, o, bədənini satırdı, təkcə bədənini. Həmişə də son nəticənin pis, kədərli olacağını bilə - bilə hansısa bir nağıl şahzadəsinin ardınca onun qəsrinə getməyə hazır idi. Onun qüssə dolu həyatı da zahirən çox asudə, rəvan axarıyla davam etməkdəydi.

Qızın qəlbi həyəcandan uçunmağa başladı. Sanki uzun axtarışdan sonra onu işıqlı dünyaya aparan yolu tapmışdı. Kəpənək kimi kətildən hoppanıb oğlanın sinəsinə qondu. Yusif onun həyatında yeganə kişiydi ki, yeni il axşamını və daha sonra ad gününü çox bahalı, göz oxşayan gül buketi ilə təbrik etmişdi. O zaman bardakı qızların gözlərində yanıb- sönən yanıb- sönən həsəd hissi də nəzərindən yayınmamışdı.

Rəna onun həyatında yeganə qız idi ki, şəhərin bahalı restoranlarından birində keçirdiyi ad gününə taksiylə uzaq bir yolu qət edib gəlmişdi. Bu gəliş Yusif üçün doğrudan da əsl sürpriz olmuşdu. Yadındadı, məclis yenicə başlamışdı ki, dostu Sahib yaxınlaşıb qulağına pıçıldadı:

-Qapıda bir qız səni gözləyir, içəri dəvət elədim, ancaq gəlmir.

Dərhal bildi ki, gələn Rənadı. Ancaq son ana qədər onun gələcəyinə inanmırdı.

Ömründə heç bir axşamı belə səbirsizliklə gözləməmişdi. Bu gərginlik, səbirsizlik dözülməz olduğu qədər də ləzzətli idi; bu, təsəvvürəgəlməz dərəcədə gözəl, şirin, həm də yeni bir şey idi.

Yusif restoranın əsas giriş qapısından çıxan kimi taksinin arxa şüşəsindən ona əlini yelləyən Rənanı gördü. Yaxınlaşıb arxa qapını açdı, tanış ətir qoxusu hisslərini oxşadı, görüşdülər. Rənanın gözlərindəki ifadə “görürsən, gəlmişəm...” deyirdi. Yusif gözləyirdi ki, o, maşından düşsün. Qız isə maşından düşmək istəmirdi.

- Gəldim səni təbrik edim. Sən yaxşı oğlansan, Yusif!

Niyə axı, niyə belə olmalıydı? Niyə bu günahsız qız son ümid yeri kimi Tanrının ona bəxş etdiyi gözəlliyinə sığınmalıydı? Yəni bir Allah bəndəsi tapılmayacaqdı ki, bu gözəlliyə, bu zərif, füsunkar xilqətə sahib çıxsın?

“Gəldim səni təbrik edim.” İlahi, bu sözləri o qədər zərif, incə bir ahənglə dedi ki, Yusif az qala bayılacaqdı. Qızın alışıb- yanan gözlərində mənalı bir kədər süzürdü. Yusif onun qolundan tutub maşından düşürmək istədi:

- Düş gəl, keçək zala.

-Yox ey, gedim... – fikirləşdi ki, bəlkə zalda elə adamlar var ki, onun orda görünməyi münasib deyil.

- Bu nə sözdü, Rəna? Mənim xətrimi istəyirsən?

- Ya lyublyu tebya!- bu dəfə rusca dedi və dodaqlarına zərif bir təbəssüm qondu.

- Onda düş gəl. Səni heç yerə buraxan deyiləm.

Həmin məclisdə Rənanı görüb təəccüblənənlər də, xısın- xısın pıçıldaşanlar da olmuşdu. Heç nəyə məhəl qoymadan qızı yuxarı başda – öz yanında əyləşdirmişdi və qoşa şəkil çəkdirmişdilər. Həmin şəklin arxasına bircə cümlə yazıb qıza vermişdi: “Mən yadına düşəndə bu şəkilə baxarsan...”

...Rəna qarşısındakının Yusif olduğuna hələ də inana bilmirdi.

- Yaman dəyişmisən, kökəlmisən...- sonra sinəsini içəridən döyəcləyən ürək atışlarını öz səsilə batırmaq üçün söhbətə başladısa da, səsindəki titrəyiş içindəki təlatümü vurub yanaqlarına çıxardı.

- Sən isə daha da gözəlləşmisən...- kompliment xatirinə dediyi sözlərdən Yusif özü də utandı. Qızın üzündəki istehzalı təbəssüm əriyib itənəcən heç biri dinmədi.

Nəhayət, sükutu yenə Yusif pozdu:

-Gəl, həmişə oturduğumuz o küncdəki masada əyləşək.

Qız həvəslə razılaşdı və Yusifin sinəsinə sığındı. Həmişə küncdəki masada əyləşərdilər və bax, elə həmin bu ofisiant o vaxt da burada işləyirdi. Tanış cütlüyün uzun ayrılıqdan sonra yenə öz daimi yerlərini tutduğunu görüb hay- küylə onların masasına yaxınlaşdı:

- Ooo, mən yuxu görürəm,nədi!.. Sizi yenə birlikdə görmək olarmış. O ləzzətli günlər yadıma düşdü, hayıf o günlərdən, hayıf. Vallah, bir- birinizə elə yaraşırsınız ki...Yaxşı, nə içəcəksiniz?

Yusif qıza baxdı. Qız dilləndi:

-Çaxır olsa, pis olmaz.

Yusif “İvanovka” çaxırı, meyvə, təbii şirə sifariş verdi. Bir müddət heç biri dinmədi, eləcə baxışdılar. Yer üzündə bütün yarımçıq sevgilərin hardasa bir gerisi, davamı olmalıydı, ayrılıqdan başlanan yollar hardasa, yenidən kəsişməliydi.

...Qızın kibrit qutusu boyda mobil telefonuna zəng gəldi, üzr istəyib qalxdı və danışmaq üçün çölə çıxdı. Belə anlarda Yusif az qalırdı telefonu qızın əlindən qapıb var gücüylə harasa çırpsın. Büsbütün əhvalı dəyişirdi və qız bundan sonra ha dəridən- qabıqdan çıxırdısa, onu əvvəlki halına qaytara bilmirdi. Əslinə qalsa, burda qısqanmağa elə bir əsas yoxdu; zəng edən qızın atası da ola bilərdi, anası da, qardaşı da, rəfiqəsi də. Rəna bar qızı olsa da, hər halda onun məhəbbəti Yusifin ürəyində yuva salmışdı. O, burda olduğu müddətdə Rəna nəinki kişilərlə, heç qızlarla da kəlmə kəsə bilməzdi, hətta mobil telefonunu da söndürüb yalnız və yalnız ona məxsus olmalıydı. Rəna onun üçün qoyulmuş bu qadağalardan sonsuz bir ləzzət alırdı, məhz bu anlarda hiss edirdi ki, o, yalnız bir kişiyə, sevdiyi insana məxsusdur, məhz bu anlarda özünü xoşbəxt sayırdı və bu bəxtiyarlıq içində təslimçilik aktına qol çəkirdi...

Həyəcan və təşvişlə tez də geri döndü, günahkar təbəssüm bir anlıq üzünə kölgə saldı.

- Bacım idi, deyir uşaq nasazdı, bu gün bir az evə tez gəl, - Yusifin dinmədiyini görüb ona sığındı, əlini onun alnına, üzünə çəkib saçlarını qarışdırdı, - yaxşı da, mısmırığıvı sallama, onsuz da bu gün heç hara getməyəcəyəm.

Yusif əlini pencəyinin qoltuq cibinə salıb sənədlərinin yerində olub- olmadığını yoxladı. Sübh tezdən birinci reyslə Ankaraya uçacaqdı, qürbətin acı havası qatı duman kimi içinə çökməkdəydi. Əlacı olsaydı, heç getməzdi. Amma... getməliydi. Nüfuzlu bir qəzetin Türkiyə üzrə təmsilçiliyini ona həvalə etmişdilər. Oraya kimi göndərmək məsələsi müzakirə olunarkən bir neçə peşəkar jurnalistin namizədliyi ortaya atılsa da, son anda Yusifin adı üzərində dayanmışdılar. Onun vaxtilə Türkiyədə təhsil alması bu seçimdə həlledici rol oynamışdı.

Bu iş ona təklif olunanda “yox” deyə bilmədi. Baş redaktorun kabinetindən çıxandan sonra özünü söyüb- yamanladı. “Ə, sən nə əfəl adamsan, de ki, getmirəm, evdə xəstəm var, min cür bəhanə var, indi bə necə olacaq?”

Xəstə anasını evdə tək qoyub uzaq səfərə çıxmaq onun üçün çox çətin idi. İş burasındadır ki, bu xəbəri anasına deyəndə arvadın bulanıq gözləri bir andaca işıqlandı, quruyub qaxaca dönmüş titrək əllərini oğlunun təzəcə dən düşmüş saçlarına çəkib xeyir – duasını verdi:

- Nə yaxşı, səni təbrik edirəm, oğlum! Get, məndən qəti nigaran qalma, canım bərkdir. Rəhmətlik atan məni o qədər gözü yollarda qoyub ki... Artıq təkliyə öyrəşmişəm.

Başını qaldıranda anasını tanımadı, onun qırışmış üzündə bir cüt bulaq çağlayırdı. Bu qadının təsəlliyə ehtiyacı yox idi, çünki indiyədək ona təsəlli verən olmamışdı, vaxtsız- vədəsiz gələn hər dərdin gözünün içinə dik baxmışdı. Yusif anasını bircə dəfə də olsun, taleyindən gileylənən görməmişdi. Yusif evin yeganə övladı olmuşdu, atası dünyasını dəyişdikdən sonra onun bütün ümidi, pənahı, dini- imanı yalnız anası olmuşdu. Anası onu heç nədən korluq çəkməyə qoymamışdı, Yusif geyinib evdən çıxanda bütün kəndin gözü onda olardı, kənd içində ən son dəblə geyinən üç- beş cavan vardısa, biri də Yusif idi.

Beləcə, universitet illəri arxada qaldı. Yusif boy- buxuna dolduqca ana qocaldı, yuxaldı. Yenə də Yusifi ütüsüz köynək geyməyə qoymadı, hər gün yeməyini- içməyini ana sevinci, ana fərəhiylə hazırlayıb əlləri qoynunda pəncərə qarşısında durub oğlunun işdən evə dönməyini gözlədi. Yusif işdən qayıdan kimi tezcənə uşaq kimi başını anasının sinəsinə qoyub onun ürək döyüntülərini dinləyirdi, pilə kimi ağ saçlarına sığal çəkirdi, balacalaşmış qadını yüngülcə köksünə sıxırdı, onun isti nəfəsi canına hopurdu, belə anlarda qollarına güc gəlirdi, məcrasından çıxmış düşüncələri öz azarına düşürdü.

İndi o, gedirdi və ana taleyin bu sınağına da səssizcə boyun əyib oğluna “yaxşı yol” arzulayırdı. Hiss edirdi ki, daha yorulub, amma oğlunun yanında özünü sındırmadı və yaşına uyuşmayan qəribə bir arxayınlıqla qollarını onun boynuna dolayıb özünə tərəf çəkdi, başını tumarladı, dərisi qurumuş büzük dodaqlarıyla hər iki üzündən öpdü (o, heç vaxt Yusifi öpməzdi, heç onu əsgərliyə yola salanda da öpmədi, sadəcə, arxasınca bir parç su atdı və “sağ get, salamat qayıt!” deyə xeyir- dua verdi.) Yusifin ürəyi titrədi.

- Bax, darıxmayasan ha, mən hər gün sənə zəng vuracağam. Həmişəlik getmirəm ki...

Bu vaxt ananın ürəyində illərin o tayında qalmış solğun xatirələr dolaşırdı. Ana oğlunu bir daha görə biləcəyinə inanmırdı və onu da bilirdi ki, heç vaxt Yusifə “getmə!” deyə bilməyəcək.

- Sənə nə olub, Yusif?

Qızın incə səsi onu bir andaca xəyaldan ayırdı və bir müddət key- key onun üzünə baxa- baxa qaldı.

- Nə oldu ey, birdən- birə?

- Heç, - Yusif mızıldandı.

Qız narazı baxışlarını piştaxtaya tərəf çevirib əlindəki alışqanın işığını sifariş gözləyən ofisiantın üzünə saldı. Ofisiant dərhal masaya yaxınlaşdı.

- Bizə yüz- yüz araq gətir, limonla.

Ofisiant çevrilib iti addımlarla uzaqlaşdı.

Yusif qızın boynunu qucaqlayıb özünə çəkdi və gülümsədi.

- Neynirsən arağı? Çaxırımız var da...

- Mən sərxoş olmaq istəyirəm, - qız başını onun çiyninə qoyub yayxandı, gözaltı Yusifi süzüb qəfildən dikəldi;- axı sənə nə olub, niyə belə birtəhərsən, bəlkə mənimlə oturmağına peşiman olmusan?

- Dəlisən, nədi... Bu xoş təsadüfə görə taleyimə minnətdaram. Nə yaxşı ki, görüşdük. İnnən belə bəlkə heç vaxt görüşə bilməyəcəkdik. – Yusif dedi.

- Niyə ki? Niyə görüşə bilməyək?

- Səhər mən uzaq səfərə yola düşürəm, işdən yollayırlar. İndi isə bütöv bir gecə bizim ixtiyarımızdadı.

Qızın gözlərinin altı kölgələndi, Yusifə elə gəldi ki, onun dizləri qatlanır və indicə yerə çökəcək. Qəfil hərəkətlə qızın qollarından tutub özünə tərəf çəkdi və bu an bircə damla göz yaşı saplağından qopan yarpaq kimi ağır- ağır yanağı boyu iz sala- sala Yusifin əlinin üstünə düşdü. Bir cüt ala gözün aynasında xəyaldan tikilmiş xoşbəxtlik sarayı kərpic- kərpic sökülürdü. Anladı ki, tanışlıqlarının ilk anından bu günəcən uzanan yolu yenidən - bütöv bir gecə boyu – keçməlidirlər. Yusif uçmaqda olan bir sarayın kövrək divarlarını saxlamaqdan ötrü bir dirək axtarıb tapa bilmirdi.

Rəna onun yeknəsəq həyatına yaz günəşi kimi doğmuşdu, birdən- birə elə bil gücü, qüvvəsi anbaan vücuduna qayıtmışdı. Dünyadan büsbütün üz çevirmiş bir adam bu sevgiyə tuş gələn gün düşünmüşdü ki, yox, həqiqətən dünya gözəl dünyadı və bu gözəl dünyada yaşamağa dəyər.

İki qədəh araq masanın üstündəydi.

- İcazə ver, sənin sağlığına içim! Ancaq bu gecəni mənə çox görmə, səndən sonuncu xahişim budur... – qədəhini Yusifin qədəhinə toxundurub cavab gözləmədən başına çəkdi. Üstdən bir qurtum çaxır içib sınayıcı baxışlarla onu süzməyə başladı..

Yusif həmişə olduğu kimi, bu dəfə də qədəhi yüngülcə qızın balaca, zərif burnuna toxundurub əlavə sağlıq demədən içdi.

- Eşitmişəm anan bərk xəstədir.

- Hə, indi bir az yaxşıdı, müalicədən sonra daha ağrıları olmur. Həkim tapşırıb ki, nəbadə dietanı pozasan. Yaxşıdı, maşallah! – Yusif fikirləşdi ki, görəsən Rəna anasının xəstələnməyini hardan eşidib.

- Bəs ananı o vəziyyətdə qoyub gedirsən?

Ay səni, qız! Gör necə yaralı yerdən vurdu. Yusif hiss etdi ki, aləm dağılsa da, bu sualın cavabını izah etməyə özündə güc və cəsarət tapmayacaq.

Uzun müddətli sükut yarandı. Əlbəttə, ikisinin arasında. İçəridə isə vur- çatlasın idi, yarıçılpaq qızlar piştaxtanın qarşısındakı stola yığışıb intizarla müştərilərin dəvətini gözləyirdilər. Masalara dəvət olunan qızlar hələ də müştəri gözləyən gözəlçələrə yandıq- qındıq verirdilər. Səsgücləndiricinin guppultusundan qulaq tutulurdu. Hərarət, coşqun musiqi, sayrışan rənglər, qızların çılpaq çiyinlərindən yayılan xoş ətir, alışıb- yanan gözlərin parıltısı Yusifi qoynuna alıb yırğaladıqca beyni dumanlanırdı.

Rənanı bərk- bərk qucaqladı, qızın dodaqları qızılgül kimi pardaqlandı. Doyunca öpüşdülər.

- Gəl medlennı oynayaq. – qız dodaqlarını Yusifin qulağına söykəyib pıçıldadı. Onun isti, yandırıcı nəfəsi oğlanın hisslərini oxşadı.

Yusif barmenə yaxınlaşıb mahnı sifariş verdi:

- Özün bilirsən də, bizim mahnımızı...

- Hə, aydındır, - barmen baş əyib gülümsədi.

Onlar həmişə bu mahnını oynayırdılar və aradan xeyli vaxt keçməsinə baxmayaraq barmen bunu unutmamışdı.

Mahnının həzin, bihuşedici dalğası hər ikisini qoynuna aldı.

mən sənsiz hər zaman
xəyallarımla yaşadım inan...

Rəna Yusifin qucağında alov kimi çırpınırdı, şam kimi əriyirdi. Çoxdan unutduğu o xoş anların həyəcanından Yusifi birdən- birə elə bil sübh yuxusu kimi şipşirin bir duyğu çulğadı; dəlicəsinə sevdiyi qadın qolları arasında idi, özü də elə - belə yox, bitib- tükənməyən ayların, saysız- hesabsız günlərin ayrılığından sonra... Bu qəfil səadət payından az qala dəli olacaqdı.

...Bayaqkı əhval- ruhiyyədən bir şey qalmamışdı. Qızın narahat, səksəkəli, dağınıq baxışları heç cür özünə yığıla bilmirdi. Daha özünü saxlaya bilmədi:

- Bura bax, sənin getməyin belə vacibdir? Dörd divar arasında tək- tənha qalan arvada Allah eləməmiş, bir şey olsa, kim xəbər tutacaq, hə? Onun haqq- sayını itirmək olar?

Yusif başını əlləri arasına alıb susurdu. Artıq müqaviləyə qol çəkmişdi, təyyarəyə bilet alınmışdı, səhər yola düşməliydi. Bəs indi neyləsin?

- Vallah, özümə görə demirəm, elə bir iş tutaram ki, ömür boyu üzümə baxmazsan. Lap biryolluq çıxıb gedərəm bu yerlərdən. Amma burda ana var axı, onu qoyub getsən, Allah o dünyada günahından keçməyəcək.

Yenə gözlərində yaş gilələndi. Yusif bilirdi ki, Rəna onun üçün “uf” da demədən hər şeyindən keçər. Çünki Yusif onun dağılmış dünyasının yeganə ümid yeri, üz tutacağı sonuncu ünvan idi. Onu yaşadan da elə o ünvanın yer üzündə varlığına inanması idi.

- Dur çıxaq, başqa yerə gedək, - Yusif dedi və qızın zərif, hamar biləyindən yapışdı.

Qız dartındı və biləyini onun əlindən çəkib çıxardı.

- Heç yerə getmirəm. De, yüz qram araq versin, – küskün ədayla dilləndi.

Yusif hiss etdi ki, qız dolub, bir himə bənddir ki, gözünün yaşı sellənsin. Onun ətir qoxuyan şabalıdı saçlarına sığal çəkdi və üzündən öpdü.

- Yaxşı, heç yerə getməyəcəyəm, qalıb elə burada işləyəcəyəm.

- Hm...- qız istehza ilə gülümsədi, - gedirsən, get, mənə yazığın- zadın gəlməsin, bildin? Mən kiməm ki... Ananı fikirləş.

Hər şey bir anın içində baş verdi. Rəna bir vaxt başını qaldırıb gördü ki, Yusifin təyyarəyə aldığı bilet tikə - tikə olub stolun üstünə səpələnib.

- Dedim, getməyəcəyəm, vəssalam! İndi inandın?

Rəna sevinc və çaşqınlıq içində qalmışdı. Handan- hana özünə gəlib Yusifin boynunu qucaqladı və şirin bir ədayla pıçıldadı:

- Daha mən də bu bara gəlməyəcəyəm. Məni axtarma...

Qan- tər içində yuxudan ayıldı. Anası başının üstündəydi.

- Rəna kimdi, a bala? Bayaqdan onun adını çağırırsan...

Yusif yuxu ilə gerçəkliyin sərhədlərini itirmişdi...

Anası hələ də fikirləşirdi ki, axı Yusifin ezamiyyəti niyə birdən- birə “təxirə” salındı?..

Günün bütün mövzuları

XS
SM
MD
LG