Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:03

Ayağı dahinin başından cəlbedici olan tumsatan


Şöhlət
Şöhlət
-

Hər gün səhər tezdən oğlumu məktəbə aparanda metronun “28 may” stansiyasının yaxınlığında, dəmir yol vağzalının tinində oturub tum satan bir kişi görürəm.

Əslində həmin ərazidə tum satan yalnız o deyil.

Amma bu kişini başqalarından fərqləndirən, tumu insanlar üçün deyil, göyərçinlər üçün satmasıdır....

Adı Şöhlətdir. 64 yaşı var. Dünyaya Qazax rayonundan gəlib. Paytaxta qədər irəliləyə bilib. Özü də hansısa ənənəvi nailiyyətlər üçün yox, sadəcə göyərçinləri yemləmək üçün.

Bir sözlə, onun yaradıcılığı kitablarda yox, asfaltın üstündədir. Yəni ortalıqda...

Deyir 16 ildir Bakıda yaşayır. Hər gün səhər tezdən gəlib oturur vağzalın qarşısında, göyərçinlər üçün tum satır.

Kənardan dayanıb müşahidə edirəm.

Ətrafında göyərçinlər gəzişən bu ağsaçlı adam hərdən yanındakı torbadan bir ovuc tum götürüb yerə səpələyir. Quşlar da elə belə olmalıymış kimi dənlənməyə başlayırlar.

Oradan keçib gedənlər, hələ reysə çıxmağa bir neçə dəqiqəsi qalmış avtobus sürücüləri tez-tez Şöhlətə yaxınlaşıb 20 qəpik verir, tum alıb göyərçinlərə atırlar.

Şöhlətin ətrafında göyərçinlər insana o qədər etibar edirlər ki, bəzən hətta adamın əlinə qonub arxayıncasına ovcundakı tumları yeməkdən də çəkinmirlər....

Tələsənlər yanından keçəndə, sadəcə, pulu verib ötürlər. Şöhlət də məbləğə uyğun olaraq quşlara tum səpir...

Yaxınlaşıb göyərçinlərin hesabına bir manat da mən köçürdürəm.

Stəkanı beş dəfə tumla doldurub tələsik yerə səpir. Deyir hamısını səpməsəm, Allah mənə qənim olar.

Bir də deyir ki, illərdi hər gün səhər tezdən gəlib axşam saat onun yarısınadək burada oturur.

O, göyərçinləri yedirdir, göyərçinlər də onu dolandırır...

- Bəs qışda, o qarda çovğunda nə edirsiniz?-soruşuram. Cavab verir ki, heç nə, üşüyürəm...

- Nə vaxtadək belə olacaq?

- Hələ ki, gəlib gedirik də....

Qulağı çox ağır eşitdiyi üçün onunla rahat söhbət eləmək olmur.

Halallaşıb ayrılıram. Bir qədər gedəndən sonra Cəfər Cabbarlının əzəmətli heykəlinin yanında dayanıram.

Baxıram və düşünürəm ki, Cabbarlının başında və ciynlərində oturan göyərçinlərin Şöhlətin ayaqlarının altındakı kefdən xəbərləri yoxdu...

Bu da sizə adı bir insanın ayağını dahinin başından daha cəlbedici edən hadisə...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG