Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:58
Ermənistan prezidenti Serj Sarkisyan Wall Street Journal qəzetinə müsahibə verib.

Həmin müsahibə əsasında Joe Parkinson qəzetdə çıxan məqaləsində yazır ki, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın hərbi münaqişəyə girmək istəyindən getdikcə daha çox narahatdır.

XƏBƏRDARLIQ EDİR

Öz müsahibəsində Sarkisyan hətta xəbərdarlıq edib ki, iki qonşu arasında münaqişə düşsə, erməni qüvvələri “qeyri-mütənasib” cavab verməli olacaq.

Sarkisyan “dünyanın ən vacib enerji dəhlizlərindən birində gərginliyin artmasını” qeyd edib.

O deyib: “Təəssüf ki, mənim fikrimcə, Azərbaycan münaqişəyə başlamağa fürsət axtarır. Mən əminəm ki, bu halda Dağlıq Qarabağ və Ermənistan xalqlarına zərbə dəyəcək. Ancaq ən böyük zərbə Azərbaycan xalqına dəyəcək”,
“Biz dayanıb baxa bilmərik ki, Dağlıq Qarabağ əhalisi necə məhv edilir”.

FANATİK ŞAHMAT HƏVƏSKARI

Parkinson yazır ki, Sarkisyanın belə odlu-alovlu danışması bəzi təhlilçilərin fikrincə, daxili auditorayaya və çoxsaylı erməni diasporuna ünvanlanıb.
Çünki onlar Dağlıq Qarabağda Ermənistanın sərt mövqeyinə tərəfdardırlar.

Qəzet işarə edir ki, fanatik şahmat həvəskarı olan Sarkisyan əslində oynayır- o gələn ilin fevral seçkilərində ikinci dəfə prezident olmağa hazırlaşır.
Ona görə belə danışır.

İQTİSADİYYATDAN SÖZARASI

Ermənistan prezidentinin müsahibəsində iqtisadiyyata da toxunduğunu, bu il Ermənistan iqtisadiyyatının ildə 7 faiz sürətilə artdığını, bununla da ölkənin iqtisadi böhrandan çıxdığını desə də, qəzet yazır ki, iqtisadi böhran vaxtı xaricdəki ermənilərin göndərdiyi pullar azaldı və ümumiyyətlə, Sarkisyanın iqtisadiyyatdan danışmasına baxmayaraq Dağlıq Qarabağ əsas mövzu olaraq qalır.

RAMİL SƏFƏROV MƏSƏLƏSİ HAQDA

Ramil Səfərov ətrafındakı vəziyyətlə bağlı Sarkisyan müsahibəsində Azərbaycanı ittiham edərək deyib: “Ermənilərə qarşı Azərbaycanın yaratdığı bu nifrətin səbəbi nədir? Belə mühiti yaratmaq asandır, nəinki onun nəticələrini aradan qaldırmaq”.

Ancaq bunun ardınca qəzet Azərbaycanın Ramil Səfərovla bağlı arqumentlərini gətirir ki, Ramil Səfərovun ailəsi Dağlıq Qarabağdan köçkün düşüb, onun gənc qohumu öldürülüb, buna görə o, emosional stress altında olub.
Bundan başqa qəzet İlham Əliyevin dediklərini qeyd edir ki, O, Ramil Səfərovu əfv edəndə Azərbaycan konstitusiyasına əsaslanıb.

DANIŞIQ OLMAYANDA DÖYÜŞ MEYDANI OLUR

Ancaq qəzet təhlilçilərə istinadla yazır ki, Sarkisyanın bəyanatları beynəlxalq aləmin bu münaqişınin həllinə daha fəal qoşulmasının vacibliyini göstərir.

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz Proqramının direktoru Sabine Friezer deyir ki, “heç bir əhəmiyyətli danışıqların olmaması vəziyyətə döyüş meydanının diktə edəcəyi şansını artırır”. “Bu çox təhlükəli məqamdır”.

Qəzet sonda yazır ki, son 5 ildə Azərbaycan silaha 11 milyard dollar. Ermənistan 2 milyard dollar xərcləyib.
Bu, İsveçdəki Sipri institutunu rəqəmləridir.
Beynəlxalq Böhran Qrupunun məlumatlarına görə, hər iki tərəf texnoloji silahlar alır, o cümlədən, təxminən 60 km məsafəni vuran Rusiya raketlərini.

ERMƏNİSTAN BİRİNCİ VURA BİLƏRMİ?

Qəzet yazır ki, bəzi hərbi təhlilçilər güman da edirlər ki, Ermənistan Azərbaycanın zərbəsini qabaqlamaq üçün özü zərbə endirəcək.

Sarkisyan isə əmin ədir ki, Ermənistan yalnız o halda Azərbaycana cavab verəcək ki, Dağlıq Qarabağı və ya Ermənistanı Bakı vuracaq. Ancaq bu halda Ermənistanın cavabı qeyri-mütənasib olacaq, yəni Azərbaycanın zərbəsindən qat-qat geniş və güclü.

Yerevandakı Regional Təhlil Mərkəzinin direktoru Richard Giragosyan isə deyir ki, Sarkisyan Qarabağ barədə belə kəskin danışmaqla diasporadakı tənqidlərə qabaqlayıcı zərbə endirmək istəyir, onların tənqid meydanını əlindən almaq istəyir.

İRANA ZƏRBƏNİN QƏTİ ƏLEYHİNƏ ÇIXIB

Sarkisyan İrana zərbə məsələsinə də toxunub. O deyib kiI, bu, “ifrat narahatlıq” məsələsidir.
O deyib ki, belə zərbə bir çox hadisələr törədə bilər, o cümlədən Bakı ilə Yerevan arasında münqişəyə təkan verə bilər.

Sarkisyanın fikrincə, beynəlxalq aləm regiona daha yaxından cəlb olunmalıdır. Çünki “təcrid olunmuş, beynəlxalq aləmin təsiri olmayna regionda yaşayırsansa, hesab elə ki, müharibə artıq başlayıb”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG