Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06

Çində hakimiyyət dəyişikliyi qurultayı


Çinin prezidenti Hu Jintao, keçmiş prezident Jiang Zemin və Baş nazir Wen Jiabo qurultayda, 8 noyabr 2012

Çinin prezidenti Hu Jintao, keçmiş prezident Jiang Zemin və Baş nazir Wen Jiabo qurultayda, 8 noyabr 2012

-
Çində Kommunist partiyasının 5 illik qurultayı öz işinə başlayıb. 7 gün davam edəcək qurultayda Çin Xalq Respublikası Kommunist Partiyasının sədri, İdarə Heyəti və Siyasi Bürosu – “Politbüro”nun dəyişməsi, siyasi islahatlar və korrupsiya ilə mübarizə məsələləri müzakirə ediləcək.

Qurultayda 2 min nümayəndə iştirak edir. Pekindəki Xalq Məclisində keçirilən qurultayı partiyanın sədri və ölkənin prezidenti Hu Jintao açıb və korrupsiyadan danışıb:

“Korrupsiyanın qarşısının alınması və səmimi və təmiz hökumətin formalaşması həmişə partiyanın can atdığı hədəf olub və hər kəsin diqqət yetirməli olduğu çox vacib siyasi məsələdir. Əgər biz bu məsələni yaxşı öhdəsindən gələ bilməsək, bu partiya üçün ağır nəticələr doğura bilər, hətta partiyanın və dövlətin dağılması ilə nəticələnə bilər”.

Hu Jintaonun qurultayda korrupsiyadan danışması təsadüfi deyil. Çünki 20 il ölkənin Chongqing əyalətinə rəhbərlik edən, xüsusi inkişaf modeliylə ad çıxaran və partiyanı rəhbərliyinə gətirilməsi gözlənilən Bo Xilai bu ilin fevral ayında iri miqdarda korrupsiyada, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq partiyadan uzaqlaşdırılmışdı.

Hər şeysə ondan başlamışdı ki, əyalətin keçmiş polis rəisi Wang Lijun Fevral ayında ABŞ konsulluğuna qaçmışdı və orada bildirmişdi ki, 63 yaşlı yerli partiya rəhbərinin arvadı Gu Kailai Heywood adlı Britaniyalı iş adamını öldürüb və ondan bu cinayəti ört-basdır etməsi tələb olunub.

Həm polis rəisi, həm də yerli partiya sədrinin arvadı həbs edildilər, Bo Xilai isə hazırda məhkəməsini gözləyir.

Ötən həftə isə Amerikadakı “New York Times" Çinin Baş naziri haqda korrupsiya iddialarını yayımlayıb. Bildirib ki, Baş nazir Wen Jiabaonun ailəsi Çində gizli şəkildə 2.7 milyard dollarlıq sərvət toplayıb.

İndi Çinin hüquq-mühafizə orqanları bu iddiaları araşdırırlar.

Çin Prezidenti Hu Jintao adları çəkməsə də, heç kimə güzəştə gedilməyəcəyini vurğulayıb:

“Heç bir şəxs və ya qrup Konstitusiya və ya qanunlardan yuxarıda dura bilməz. Biz heç vaxt nə sözlərin və ya şəxsi iradənin qanunları əvəzləməsinə imkan verməyəcəyik, nə də şəxsi mənafeyini güdərək qanunların qulaqardına vurulmasını”.

Çin prezidenti 2002-ci ildə hakimiyyətə gələndə etdiyi çıxışında da deyirdi ki, korrupsiya problemləri ilə mübarizə aparmamaq partiyanın ölüm fərmanı ola bilər. İndi prezidentin odlu alovlu çıxışına baxmayaraq, bu onun ölkə rəhbəri kimi 5 illik qurultayda son çıxışı olacaq. Çünki 10 ildən bir Kommunist Partiyasında rəhbərlik dəyişir. Elə bu qurultayda da Hu Jintaonun partiya sədri səlahiyyətlərinin vitse-prezident Xi Jinpingə verilməsi və mart ayında onun prezident olması gözlənilir.

Baş nazirin Birinci müavini Li Keqiang isə Baş nazir Wen Jiabaonun yerinə keçəcək.

Bu qurultayda Çində siyasi islahatlar haqda da müzakirələrin getməsi gözlənilirdi. Ancaq Hu Jintao çıxışlarında deyib ki, siyasi islahatlar Çinin sosialist təmayüllü inkişaf modeli üçün qaçılmaz olsa da, Qərb dövlətlərinin siyasi modelindən – demokratiyanın təqlidindən söhbət belə gedə bilməz.

Ölkənin iqtisadi nailiyyəti ilə bağlı danışan partiya sədri 2020-ci ildə 2010-cu ilin ÜDM-in 2 qatına çıxmağı və adambaşına düşən milli gəlirlərin də 2 dəfə artırılmasını hədəf qoyub.

Ancaq müstəqil regional ekspertlər deyirlər ki, Çin Kommunist partiyası artan korrupsiya, sosial narazılığın yayılması kimi problemləri vaxtında həll eləməsə, iqtisadi artım da zəifləyə bilər, hətta durğunluq da açılmaz olacaq, bu isə partiyanın hakimiyyətinin zəifləməsinə səbəb olacaq.

XS
SM
MD
LG