Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31
-
Ermənistan tərəfi bu yaxınlarda Azərbaycanın işğal altında olan ərazisində - Xankəndi yaxınlığında, daha dəqiq desək, Xocalı şəhərində tikilib bərpa edilmiş hava limanının istifadəyə verilməsi barədə məlumat yayıb.

XİN-İN MÖVQEYİ

Artıq ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar da adıçəkilən hava limanının istifadəyə verilməsinə münasibət bildirib. O, deyib ki, «Xankəndi hava limanının fəaliyyəti sülh prosesinə mənfi təsir göstərəcək. Tərəflər bu məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməlidir».

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev AzadlıqRadiosuna bildirib ki, Xocalı aeroportunun bərpası, eləcə də hər hansı uçuşların həyata keçirilməsi birmənalı şəkildə sülh prosesinə ciddi zərbə vuracaq. Rəsmi Yerevan bu cür təxribatçı addımlardan birmənalı şəkildə çəkinməli və öz səylərini təxribata yox, münaqişənin həllinə yönəltməlidir:

«Azərbaycan bu cür addımları təxribat kimi qiymətləndirir və təbii ki, Azərbaycanın reaksiyası beynəlxalq qanunvericilik çərçivəsində tənzimlənir. Ona görə də, belə təxribat xarakterli addımlar heç bir müsbət nəticəyə gətirib çıxartmayacaq».

BEYNƏLXALQ HÜQUQ NƏ DEYİR

Elman Abdullayev deyir ki, ATƏT-in Minsk qrupu həmsədrlərindən olan ABŞ-ın bəyan etdiyi kimi, məsələ beynəlxalq qanunvericilik çərçivəsində öz həllini tapmalıdır.

XİN sözçüsü qeyd edir ki, 1994-cü ildə qəbul edilən mülki aviasiya üzrə Çikaqo Konvensiyasına əsasən, ərazinin aid olduğu ölkənin razılığı alınmadan hər hansı uçuşların keçirilməsi mümkün deyil. Hal-hazırda da Azərbaycan işğal olunmuş əraziləri üzərində uçuşları yasaqlayıb. Rəsmi Bakı artıq bunu beynəlxalq təşkilatlara da Elman Abdullayev

Elman Abdullayev

bildirib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə AzadlıqRadiosuna bildirib ki, Ermənistan bu yanlışlığa yol versə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə ciddi əngəl yaradacaq:

«İlk növbədə Azərbaycan bu məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşacaq və belə bir addımın qarşısını almağa çalışacaq. Əks təqdirdə, qətiyyətlə bildiririk ki, Azərbaycan buna yol verməyəcək».

«LAÇIN DƏHLİZİ» VARKƏN

Ermənistanda orta aylıq əmək haqqı 126 min dramdır (310 dollar). Yerevan-Xankəndi hava reysinin biletinin qiymətinin isə 18-20 min dram olacağı bildirilir. Əlbəttə ki, bu istiqamətdə uçuşlar həyata keçirilsə. Yerevandakı yerli müşahidəçilər deyirlər ki, «Laçın dəhlizi»ndən Dağlıq Qarabağa yaxşı yol çəkilib. İstəyənlər bu yolla çox rahat və sürətlə gedib gəlir. Təyyarə reysləri yalnız vaxt baxımından sərfəli ola bilər. Amma bu, əhali üçün nə dərəcədə maraqlı olacaq, bəlli deyil.

BEYNƏLXALQ MƏHKƏMƏ PERSPEKTİVİ YOXDUR

Hüquqşünas Erkin Qədirli deyir ki, Azərbaycan onsuz da işğal altında olan ərazilərində İran və Ermənistanla sərhədlərinə nəzarət etmir. Həmin istiqamətlərdən quru yolu ilə, demək olar ki, hər gün sərhəd pozuntusu baş verir. Amma indiki halda söhbət hava sərhədindən gedir və onun pozulması daha təhlükəlidir. Çünki bu, əraziyə hərbi texnika, silah sursat daşınması üçün daha əlverişli yoldur. Erkin Qədirli

Erkin Qədirli

Ona görə də, Azərbaycan bunun qarşısını almaq üçün diplomatik üsullardan istifadə etməlidir:

«Azərbaycanla Ermənistan Beynəlxalq Məhkəmənin yurisdiksiyasını qəbul etmiş olsaydılar, təbii ki, Azərbaycan Ermənistandan ora şikayət edə bilərdi. Amma qəbul etməyiblər. Hətta Azərbaycan bu yurisdiksiyanı birtərəfli qəbul etsə belə, bu istəyi gerçəkləşməyəcək. Çünki Ermənistan da bu addımı atmasa, bu işin Beynəlxalq Məhkəmədə baxılması perspektivi yoxdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu məsələni orada qaldıra bilər. Çünki təyyarədə nə daşınacağına nəzarət edə bilmir və bu region üçün də təhlükəlidir. Yəni, diplomatik və siyasi təzyiq alətləri var. Ancaq məsələnin sırf hüquqi həllinə, məhkəmə çözümünə nail olmaq da asan deyil. Çünki hər şey gəlib dirənir əsas səbəbə. Yəni, işğala».

Erkin Qədirli bilmir ki, Ermənistan bu istəyini həyata keçirməkdə və ya Azərbaycan ona mane olmaqda nə qədər qətiyyətlidir. Amma hesab edir ki, Azərbaycan Yerevan-Xankəndi reysinin reallaşmasına mane olsa, öz hüquqi haqqını təmin etmiş olacaq. Düzdür, təyyarəni vurmaq olmaz, amma uçuş zolağını partlatmaq mümkündür. Çünki bu vəziyyətin yaranmasında, onun fikrincə, əsas faktor işğaldır və müharibə hələ qurtarmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG