Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:57
-
«Regionun irsinin qorunması gələcək sülh üçün mühümdür. Dağlıq Qarabağ münaqişəsi nəticəsində regionda həddindən artıq çox sayda abidələr zədələnib və dağıdılıb».

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar «Mədəni irsin qorunması haqqında» yaydığı bəyanatda bildirib.

O, yazır ki, Azərbaycana səfir təyin olunandan sonra ölkənin bir çox şəhər və rayonlarına səfər edib. O cümlədən, Naxçıvana gedib:

«Naxçıvanda olanda Culfadakı, etibarlı mənbələrdən alınan məlumatlara əsasən, təhqir olunmuş və dağıdılmış qədim erməni qəbiristanlığı barədə yerli rəsmilərlə ətraflı müzakirələr apardım. Təəssüf edirəm ki, rəsmilər təhlükəsizlik səbəblərini əsas gətirərək mənim oranı şəxsən görməyimi mümkünsüz saydılar».

R.Morningstar bildirir ki, Bakıdakı müqəddəs Maarifçi Qriqori adına erməni kilsəsinə də səfər edib:

«Mənə kilsənin tarixi, kilsə kitabxanasındakı kitab və erməni dilində olan əlyazmaların qorunması barədə məlumat verdilər».

Səfir bəyanatında qeyd edir ki, ABŞ Azərbaycan və Ermənistanın hər iki ölkədəki tarixi arxivlərin qorunması üçün göstərdikləri səyləri dəstəkləyir:

«Gələn həftə Ermənistan və Azərbaycanın arxiv mütəxəssisləri maddi mədəniyyət nümunələrinin qorunması barədə biliklərini artırmaq üçün Birləşmiş Ştatlarda olacaqlar. Bu cür səylər təqdirəlayiqdir və biz bu cür səyləri gələcəkdə də dəstəkləmək üçün əlimizdən gələni edəcəyik».

Şərhləri göstər

XS
SM
MD
LG