Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:34

Deputat «Azadlıq» qəzetindən ABŞ səfirliyinə şikayət edir


Fazil Mustafa
Fazil Mustafa
-
«Deputat Fazil Mustafa bir neçə jurnalistlə bacarmadığı üçün parlamentdən kömək istəyir. Halbuki, deputat bir neçə jurnalistlə öz arasında olan mübahisəni Milli Məclisə daşıyıb bütün jurnalistlərə və azad mətbuata problem yaratmamalıdır».

«Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimli belə deyir:

«Mən düşünürəm ki, Fazil Qəzənfəroğlunun parlamentdəki çıxışı onun yazarlar qarşısında duruş gətirə bilməməsini göstərir. Millət vəkili Milli Məclisdən jurnalistlərə qarşı kömək istədi. Milli Məclis sədrinin də bununla bağlı müvafiq tapşırığı oldu. Hesab edirəm ki, bu, parlamentin jurnalistlərə, azad mediaya qarşı hər zamankı basqısının davamıdır».

ABŞ SƏFİRLİYİNƏ MÜRACİƏT MƏKTUBU

Milli Məclisin noyabrın 2-də keçirilən iclasında deputat Fazil Mustafa deyib ki, Azərbaycanda diffamasiya haqqında qanunun qəbul olunması üçün prezident müəyyən addımlar atıb. Amma Azərbaycan mətbuatı bu qanunun qəbuluna hazır deyil. Mətbuatda təhqir, böhtan, şantaj kampaniyaları getdikcə artır. Onun fikrincə, mətbuat Milli Məclisi də təhqir edir. Amma parlamentin mətbuat xidməti buna görə Mətbuat Şurasına müraciət etmir:

«Ola bilsin, bir deputata kiminsə münasibəti mənfidir. Hamını söyməlisiniz? Xüsusilə də «Azadlıq» qəzetinin bu istiqamətdə fəaliyyəti cəmiyyətdə kifayət qədər ikrah doğurur.
Siyavuş Novruzov
Siyavuş Novruzov
Mən bu qəzetin fəaliyyəti ilə əlaqədar Mətbuat Şurasına yox, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət məktubu hazırlamışam. Yazmışam, yetişdirdiyiniz uşaqlara heç olmasa öyrədin ki, cəmiyyətdə insanları bu qədər aşağılamaq olmaz. O baxımdan da, məncə, Milli Məclis haqqında gedən təhqir xarakterli yazılara dərhal münasibət bildirməlidir, bu qəzetlərin reket, böhtançı qəzet olduğunu ortaya qoymaq lazımdır».

Spiker Oqtay Əsədov Fazil Mustafanın dedikləri ilə razı olduğunu bildirib bu barədə parlamentin mətbuat xidmətinə müvafiq tapşırıq verəcəyini deyib.

«NƏ VAXT DÜZƏLƏR, PARLAMENTƏ BURAXILAR»

YAP-dan olan deputat Siyavuş Novruzov isə məsələni bir az da konkretləşdirib:

«Oqtay müəllim, ilkin intizam tədbiri ondan ibarət olmalıdır ki, parlamentin əleyhinə yazan mətbuat orqanı müəyyən müddət ərzində akkreditasiyadan məhrum edilməlidir. Nə vaxt düzələr, ondan sonra onları parlamentə yenidən buraxmaq olar».

İqbal Ağazadə
İqbal Ağazadə
«BİR AZ DA ÖZÜMÜZƏ BAXAQ»

Deputat İqbal Ağazadə isə bu fikirdə olanlarla razılaşmayıb. Deyib ki, demokratik cəmiyyət quruculuğu dözümlülük, səbir tələb edir:

«Hesab edirəm ki, mətbuatın üzərinə getməkdən, kimlərisə daha sərt danışmaqda, təhqirdə ittiham etməkdənsə, bir az da özümüzə baxaq. Burada çıxış edən deputatların böyük əksəriyyəti Azərbaycan müxalifəti, onun fikir və düşüncələri haqqında dəfələrlə təhqiramiz ifadələr işlədiblər. Bəs bunu kimin ayağına yazaq?».

İqbal Ağazadə hesab edir ki, parlamentdən, deputatlardan hansı mövqe ifadə edilirsə, mətbuatda da ona uyğun, adekvat mövqe ifadə olunur.

ABŞ SƏFİRLİYİNİN CAVABI

Deputat Fazil Mustafanın dediklərinə ABŞ səfirliyinin mətbuat katibi Jonas Stewart-ın cavabı belə oldu:

««Azadlıq» qəzeti ABŞ hökumətindən tam müstəqildir. Biz «Azadlıq» qəzetinin məqalələrinin məzmununu müəyyənləşdirmirik. Biz müntəzəm olaraq Azərbaycan hökumətini, mətbuatı, vətəndaş cəmiyyətini və müxalifəti söz və fikir azadlığını dəstəkləmək üçün cəlb edirik. Biz inanırıq ki, azad mətbuat və azad fikir hər bir demokratik cəmiyyətin fundamental dayaqlarıdır».
XS
SM
MD
LG