Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:20

İranın Milli Orkestri fəaliyyətini dayandırmalı oldu


İran Milli Orkestri
İran Milli Orkestri
-
İran mətbuatının yazdığına görə, ölkənin ən mötəbər mədəni təsisatlarından biri – Milli Orkestr ləğv edilir.

Onun “ləğv edildiyini” yarırəsmi IRNA agentliyinə orkestin üzvləri bildiriblər. Çünki bir neçə aydır dövlət büdcəsindən onlara maaş verilmir, “buna görə də nə məşq edirlər, nə də çıxış edirlər”.

Orkestrin bir çox üzvlərinin müqavilə müddəti bitib, amma təzələnməyib.

Yarırəsmi “Mehr” agentliyi isə xəbər verir ki, orkestr üzvləri dövlət idarələrinə şikayət yazıblar.

“Mehr” adının çəkilməsini istəməyən dövlət rəsmilərinə istinadla yazır ki, orkestri saxlamaq üçün, sadəcə olaraq pul yoxdur.

Hazırda mübahisəli nüvə proqramına görə İrana tətbiq edilmiş sərt iqtisadi sanksiyalar dövlətin gəlirlərinin azalması ilə nəticələnib. Bundan başqa, İran pulu kəskin dəyərdən düşüb və qiymətlər rekord həddə qalxıb.

Hələ ki orkestrlə bağlı rəsmi açıqlama verilməyib

Hollandiyada mənzillənən “Radio Zamaneh”in məlumatına görəsə, dövlət rəsmiləri orkestrin ləğv olunmasını inkar edir, deyirlər ki, sadəcə, Milli Orkestr dövlət büdcəsindən birbaşa maliyyələşməyən Tehran Simfonik Orkestri ilə birlikdə eyni dövlət orqanına tabe etdirilir.

Milli Orkest ənənəvi İran musiqisi ifa edir.

London Universitetində İran musiqisi üzrə mütəxəssis olan Jane Lewisohn deyir ki, orkestrin niyə bağlanmasına birmənalı izah vermək çətindir, amma onun fikrincə, bunun mədəni təsisatlara qarşı təzyiq kampaniyasının bir hissəsi olduğu da istisna deyil.

Onun sözlərinə görə, adətən mədəni təsisatlarda çalışanlar digər vətəndaşlara nisbətən daha azad olurlar və yeri gələndə hökuməti tənqid də edirlər.

İranın Milli Orkestri
İranın Milli Orkestri
Bu da hakimiyyətdəki mühafizəkar qüvvələrdə onların müxalifətə simpatiya bəsləməsi haqda təsəvvür yaradıb.

Iranla Qərb ölkələri arasında davam edən gərginlik isə bu şübhələri daha da artırır.

Milli Orkestrin əsasını qoyan tanınmış bəstəkar Farhad Fakhredini 2009-cu ildə öz postundan istefa vermişdi.

Orkestr 1998-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaranıb

İran mətbuatının yazdığına görə, Fakhredini son prezident seçkilərindən sonra dövlətin dəvəti ilə Tehrandakı konsertlərdə iştirak etməkdən boyun qaçırmışdı.

O zaman seçkidə uduzan, Mahmud Əhmədinejadın saxtakarlıqla ikinci dəfə prezident seçildiyini deyən müxalifətə qarşı repressiyalar başlanmışdı.

Fakhredini o zaman “indi musiqi ifa etmək və musiqiyə qulaq asmaq vaxtı deyil” demişdi.

Lewisohn onu da bildirir ki, iranlı musiqiçilərin maddi vəziyyət ağır olaraq qalır. Onların maaşı çox aşağıdır.

Dövlət işi – onlar üçün ikinci iş yeridir, gəlirlərinin əsas hissəsini kənarda qazanırlar.

İranın mühafizəkar prezidenti Mahmud Əhmədinejad (sağda) ali dini lider Xamneyi ilə
İranın mühafizəkar prezidenti Mahmud Əhmədinejad (sağda) ali dini lider Xamneyi ilə
Bundan başqa, İranda senzura olduğu üçün yazar, musiqiçi, rəssamlar əsərlərini çox vaxt öz pulları ilə qeyri-leqal şəkildə yayımlayırlar.

Lewisohn düşünür ki, indiki sərt sanskiyalar və pisləşən iqtisadi şəraitdə yeganə ümid xeyriyyəçilərədir, gərək zəngin iranlılar sənət adamlarına, o cümlədən Mili Orkestrə dəstək versinlər.

Onun bildirdiyinə görə, sənət yalnız dövlətdən asılı olmamalıdır, Qərbdə bu dəstəyin böyük hissəsi məhz xeyriyyəçilərin və özəl sponsorların payına düşür:

“Bu, bir imkandır ki, özəl sektor işə qoşulsun. Mədəni təsisatlar oturub gözləyə bilməzlər ki, dövlətin nə vaxt pulu olacaq və onları dəstəkləyəcək. Belə olsa məhv olub gedəcəklər”.

İslam inqilabından sonra...

1979-cu ildəki İslam inqilabından sonra mühafizəkar dinçilər hər növ musiqini qadağan etməyə cəhd eləmişdilər. Amma sonra geriyə çəkilmişdilər.

Mühafizəkarlar deyirlər ki, musiqi, xüsusən də Qərb musiqisi İslami dəyələrə uyğun deyil. 2005-ci ildə prezident Əhmədinejad dövlət televiziya və radiolarında Qərb musiqisini qadağan etməyə çalışmışdı, amma buna nail olmamışdı.

80 illik tarixi olan və əsasən Qərb bəstəkarlarının əsərlərini ifa edən Tehran Simfonik Orkestri də dəfələrlə mühafizəkarların tənqidlərinə tuş gəlib.

2009-cu ildə orkestrin Avropa səfəri zamanı onun bəzi üzvləri müxalifətin Yaşıl Hərəkatının simvolu olan yaşıl şərflər taxmışdılar. Bu da hakimiyyətdəki mühafizəkarlar tərəfindən tənqid edilmişdi.

Başqa mədəni təsisatlar da təzyiqlə üzləşib. Bu ilin yanvarında İranın Mədəniyyət Nazirliyi müstəqil film təbliği qurumu olan Kino Evini bağlamışdı. Hökumət kino sənayesini müxalifətə simpatiyası olmaqda günahlandırmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG