Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:45
-
Ölkəmizə qürurdu.
Zülmət içində nurdu.
Gözəl bir dünya qurdu.
Bizim Bakı metrosu.

45 İLLİYƏ TƏDBİRLƏR

Müğənni Səyyad Əlizadənin oxuduğu bu mahnı Bakı Metropoliteninin 45 illik yubileyinə həsr olunub. İdarədən bildirdilər ki, metronun yubileyi yüksək səviyyədə qeyd olunacaq və işlərlə birbaşa metronun rəisi Tağı Əhmədov özü məşğul olur.

Bəlkə də bu səbəbdən Tağı Əhmədov gün ərzində telefon zənglərimizə cavab vermədi, amma söhbətləşdiyimiz Bakı sakinləri metropoliten üçün yeni qatarların alınmasından tutmuş, metroda intervalların azalmasına qədər müxtəlif arzularını dilə gətirdilər. Şəhərin müxtəlif yerlərinə, xüsusilə aeroporta yeni stansiyanın çəkilməsini arzulayanlar da var.

«FÖVQƏLADƏ HALLARA HAZIR DEYİLİK»

3-cü kurs tələbəsi İbrahim Orucov isə Bakı metrosunun fövqəladə hallara hazır olmağını arzulayır. Deyir ki, bir dəfə metroda qəfildən işıqlar sönüb və yarım saatdan çox qatarda qalıb:

««Memar Əcəmi» stansiyasında yarım saata yaxın qatarda qaldıq. Sonradan generator qoşub bizi ordan çıxardılar».

Elə bir neçə Bakı sakini də metropolitenin fövqəladə hallarda necə işləməsi məqamına toxundu:

- «Təəssüflər olsun ki, hələ biz fövqəladə hallara tam hazır deyilik. Özü də bu 80-ci illərin sonundan davam edir».

- «Mənim fikrimcə, Bakı metrosu yaxşı işləyir. Elə bir problem görmürəm».

- «Bir dəfə biz metroda qalmışdıq. Nə sərnişinlərin özləri, nə də metronun işçiləri bu cür hadisələrə hazırdır. Qatarda hamı qışqır-bağır salmışdı».

«HƏR İŞÇİNİN ÖZ TƏLİMATI VAR»

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov isə metronun fövqəladə hallara hazır olduğunu deyir:

«Fövqəladə hallarda hər bir işçinin - qatar, elektrik-təchizat, santexnika dispetçerlərinin öz təlimatı var. Hər bir işçi fövqəladə vəziyyətlərdə həmin təlimatlara uyğun olaraq addım atır. O ki, qaldı elektrik enerjisi kəsilən zaman yaranan vəziyyətə, metropoliten birinci kateqoriyalı elektrik enerjisi ilə təmin olunası müəssisədir. Metronu «Azərenerji» elektrik enerjisi ilə təmin etməlidir».

KƏND EVİNDƏKİ KİÇİK GENERATOR

«Fövqəl» Assosiasiyasının prezidenti Həbib Ocaqov metropoliten kimi strateji əhəmiyyətli bir obyektdə hələ də avtomatik elektrik təchizat qurğularının quraşdırılmamasını anlamadığını deyir:
Həbib Ocaqov

Həbib Ocaqov


«Mənim kənddəki evimdə balaca bir generatorum var. İşıqlar sönən kimi o, avtomatik işə düşür. Metro, xəstəxanalar, televiziya, poçt, teleqraf və digər xüsusi obyektlər dizel elektrik stansiyaları ilə təmin olunmalıdır. İşıqların sönməsi təkcə hərəkətin dayandırılması ilə nəticələnmir. Bu zaman metroda bütün sistem dayanır. O cümlədən, hava təmizləmə sistemləri. Karbon qazının artması, oksigenin azalması insanların boğulmasına gətirə bilər. Ona görə də, bu məsələlərə diqqətlə yanaşılmalıdır. Bütün stansiyalarda dizel elektrostansiyalar quraşdırılmalıdır».

Həbib Ocaqov arzu edir ki, Bakı metropoliteni də Yaponiya, Koreya və digər ölkələrdəki səviyyəyə çatsın. Amma gülərək əlavə edir ki, insafən Bakıda metronun vəziyyəti digər nəqliyyat vasitələri ilə müqayisədə daha yaxşıdır.

NÖVBƏTİ 5 İLİN PLANLARI

Bakı Metropolitenindən bildirirlər ki, qarşıdakı 5 ildə başlıca məqsəd stansiyaları qırmızı və yaşıl xətlərə ayırmaqdır. Artıq Fransanın «Buiq» şirkətinin xətlərin ayrılması üçün hazırladığı layihə yekunlaşmaq üzrədir. Qırmızı Xəttə «İçərişəhər»-«Həzi Aslanov» üzrə 13 stansiya, Yaşıl Xəttə isə «Xətai»-«Dərnəgül» stansiyaları üzrə 10 stansiya daxildir.

Bundan başqa, «Xətai»- «Həzi Aslanov -2» sahəsində tunellərin və 3 stansiyanın inşası nəzərdə tutulur.

Metropoliten növbəti illərdə isə «Xətai» stansiyasından Yeni Günəşliyə qədər yeni xətti istifadəyə verməyi planlaşdırır.

Şərhləri göstər

XS
SM
MD
LG