Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:50

ABŞ seçkiləri: bunları bilmək maraqlıdır


Bu fotoda qeyri-adi nəsə görürsən? Ətraflı yazıda oxu
Bu fotoda qeyri-adi nəsə görürsən? Ətraflı yazıda oxu

Yuxarıdakı şəkildə qeyri-adi nədir?

Cavab: Vitse-prezident Bidenin gözündəki qara eynək. ABŞ-da seçkidə seçilmək istəyən heç vaxt gözünü adamlardan gizlətməməlidir.
Xüsusilə kütləvi mitinqlərdə, adamlar qarşısında çıxış edəndə.

Amerikanın imic məsləhətçiləri hesab edirlər ki, siyasətçi gözlərini gizlədəndə ona az inanırlar.

NİYƏ HƏFTƏNİN MƏHZ İKİNCİ GÜNÜ

ABŞ-da seçki noyabrın 6-dadır. Çərşənbə axşamı.
ABŞ-da seçki niyə həmişə çərşənbə axşamına düşür?

Bu çox qəribə görünür. Çünki ABŞ-da seçicilərin 25 faizi məşğul olduğunu deyib, səs vermir.
Onda niyə seçki şənbə, bazar günü keçirilmir?

Seçkinin həftəsonuna keçirilməsi təklifi ABŞ-da heç vaxt kifayət qədər tərəfdar qazana bilməyib.

Seçkinin məhz çərşənbə axşamı keçirilməsi qaydası isə 1845-ci ildə qoyulub.

O vaxt ABŞ kənd təsərrüfatı ölkəsi idi.

Fermerlər şənbə günü işləyirdilər.

Bazar günü kilsəyə gedirdilər.

Çərşənbə bazarlıq günü idi.

Bundan başqa fermerlərə at və ya araba ilə seçki məntəqəsinə gedib çatmağa xeyli vaxt lazım idi. Sonra da evə qayıtmalı idi.
Beləcə, bütün günləri araşdıranda fermer üçün ən əlverişli seçki gününə qalırdı bircə çərşənbə axşamı.

“BƏYƏNMİRSƏN, ALMA”

Siz, mağazada nəyisə bəyənməyəndə nə edirsiniz?
Almırsınız.
ABŞ-da bir ştatda – Nevadada hesab edirlər ki, iki namizəddən mütləq birini seçmək qaydası namizədi seçiciyə sırımaqdır.
Seçicinin bəyənmədiyi malı almamaq haqqı pozulmamalıdır!

Nevada ştatında seçki bülletenində “namizədlərin heç biri” sətri var.
Heç kimi seçmək istəməyən bura işarə qoyur.

HANSI TİTUL ÖMÜRLÜKDÜR?

Obama indiki seçkinin nəticəsindən asılı olmayaraq “Cənab prezident” olaraq qalacaq.
Çünki ona müraciətdə “Cənab prezident” ifadəsi ömürlükdür.

Demokrat partiyasının qurultayında Bill Clinton da iştirak edirdi. Orda səhnəyə Obama və Clinton yanaşı çıxanda aparıcı “Cənab prezidentlər Clinton və Obama “ dedi.

Bu, qəribə səslənir. Ancaq izah belədir ki, məsələn, həkim pensiyaya çıxanda da ona yenə “doktor” deyirlər.

ƏKSƏRİYYƏTİN SƏSİNİ ALAN SEÇİLMƏYƏ BİLƏR

2000 –ci ildə George Bush Al Goredan 500 min az səs topladı, ancaq prezident Gore yox, məhz Bush oldu.


George W. Bush
George W. Bush
ABŞ-da 4 dəfə seçicilərin əksəriyyətinin səsini qazanan prezident seçilə bilməyib.

Çünki ABŞ-da seçki iki pilləlidir. Prezidenti 50 ştatın və Vaşinqton dairəsinin Seçici Kollegiyası seçir.
Burda hər ştatın neçə səsi olmağı əvvəlcədən məlumdur.
Namizəd hansı ştatda udursa, o ştatın Seçici Kollegiyasındakı səslərinin hamısını qazanır.

KOLLEGİYADA HEÇ-HEÇƏ OLSA

Burda çox maraqlı məqam odur ki, məsələn, Romney və Obama Seçici Kollegiyasında eyni sayda səs toplasa, onda nə olacaq?

Seçici Kollegiyasında “heç-heçə” olsa, bu halda prezident seçmək Nümayəndələr Palatasına verilir.

Hazırda Nümayəndələr palatasında respublikaçılar əksəriyyətdədir, onlar da respubikaçı Romneyi seçəcək.

Bu halda vitse-prezidentin seçilməsi də maraqlı olur. Seçici Kollegiyasında “heç-heçə”dən sonra vitse-prezidenti seçmək Senata veriləcək.
Senatda isə demokratlar çoxdur. Onlar da Obamanın indiki vitse-prezidenti Bideni seçəcək.

Və beləliklə, prezident Romney, vitse prezident Biden variantı tamamilə mümkündür.

ƏN ÇOX İŞLƏNƏN SÖZ

Obama və Romney məsələn, “folks” sözünü o biri sözlərdən daha tez-tez işlədirlər.
Halbuki bu sözü belə tez-tez işlətmək onların sosial-etnik mənşələrinə və ya həyat tərzlərinə uyğun deyil.

Məsələ burasındadır ki, buz söz ABŞ-ın Cənubuna aiddir.
Obama və Romney isə Cənubdan deyillər.

Amerikanın siyasi slenginin Oxford lüğətinin redaktoru Grant Barret BBC-yə izah edir ki, Cənubda “folks” deyəndə, “adamlar”, “xalq” başa düşülür. Ancaq “folks” daha xoş, insanlara daha yaxın sözdür.

Barret deyir ki, “ABŞ-da siyasət daha çox cənubluların oyunudur. Çünki siyasət, seçki - danışmağı bacaranların işidir. Cənubdan olanların hamısı danışmağı sevir.”
Ona görə cənubdan olmayan da heç olmasa cənublu ifadələri seçir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG