Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50

Alpay Azərin ilk hekayələr kitabı çap edildi


-

Gənc yazar Alpay Azərin debüt kitabı - “Şax yeriyənlər” adlı hekayələr toplusu “MBM” nəşriyyatında çap edildi.


Şair, tərcüməçi Səlim Babullaoğlunun ön söz yazdığı kitabda müəllifin özündə şəhər həyatını, qadın-kişi münasibətlərini, uşaq və yeniyetmə psixologiyasının həssas məqamlarını, eləcə də bəzi adət-ənənələrimizə yumoristik-ironik yanaşmanı əks etdirən hekayələri ilə tanış olmaq olar.

Alpay Azər 2011-ci ildə www.kult.az Mədəniyyət Portalının keçirdiyi III “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində nəsr janrı üzrə 2-ci yeri tutmuş, 2012-ci ildə “Azadlıq” radiosunun “Oxu zalı” bölməsinin keçirdiyi “Ədəbi azadlıq” müsabiqəsində iştirak edən müəllifin hekayəsi “Ən yaxşı 10 hekayədən biri” mükafatına layiq görülüb.

Kitabı gələn həftədən etibarən “Ali və Nino” kitab mağazaları, eləcə də Akademiya Kitab Mərkəzində almaq olar.

Kitabda yer alan hekayələrdən birini "Oxu zalı"nda dərc edirik.


Alpay Azər


ŞAX YERİYƏNLƏR

Azər Abdullaya həsr olunur


Səhər hava işıqlanmamış Bakıdan çıxan təyyarə İstanbula endi.

İki xanım, iki kişi Amsterdama “Qloballaşma dövründə humanitar elmlərin rolu: Avropa modeli” mövzusunda elmi konfransa gedirdilər. İstanbulda dörd saat gözləməliydilər.

Vaxt az olduğundan şəhərə çıxıb gəzməyin mənası yox idi, - əsnəyə-əsnəyə, gərnəşə-gərnəşə məsləhətləşib aeroportda gözləmək qərarına gəldilər.

Sahilə və Yavər Elmlər Akademiyasının elmi işçiləri, İlhamə Bakı Dövlət İqtisad Universitetində baş müəllim, Murad isə BDU-da dosentdir.

Dörd azərbaycanlı İstanbulun beynəlxalq aeroportunun nəhəng zalında bəzən az qala addımlarını eyni vaxtda ata-ata, yavaş-yavaş gəzişirdilər.

Dördü də əvvəlcə parfyum malları satılan mağazaya girdilər. Sifətlərində gecəki yuxusuzluğun izləri yox olmuşdu, parıldayan gözləriylə ətirlərə baxır, qoxulayıb yerinə qoyurdular.

Ətirləri ən çox “dequstasiya” edən on ildən artıq akademiyada baş elmi işçi işləyən, hələ də əri, on iki yaşlı oğluyla köhnə, təmirsiz yataqxanada yaşayan Sahilə idi.

O, İstanbul aeroportunun dyuti-frisində* səksən avroluq məşhur fransız Jador ətirini götürüb burnuna yaxınlaşdıranda ondan beş-altı metr aralıda dayanmış çürbəcür ətirləri qoxulayan İlhamə:

- İysi gəlməyəcək, – dedi.

- Niyə?... Hmm, doğrudan iysi yoxdur.

- Götürdüyün duxinin yanında balaca ağ karton kağız var. Üstünə elə həmin duxidən vurublar, onu götürüb iyləyə bilərsən.

Sahilə ətir vurulmuş dördkünc ağ kağızı iyləyib yerinə qoydu. “Guya alacaq, gic qızı gic,” – İlhamə ürəyində Sahiləni söydü, - “Sənin kimiləri yaxşı tanıyıram, bütün maqazinləri gəzirlər, axırda bir çöp də almırlar. Ama maqazindən şah qızı kimi dik qamətnən çıxırlar, elə bil iki yüz dollarlıq alver eliyiblər”.

- Bakıda elə bu boyda Jador əlli manata olar, Torqovıda uzağı altmış ola ya olmaya. Səksən yevro ha, bunlar lap ağ eliyiblər, – Sahilənin əlacı olsaydı dyuti-fridəki bütün ətirlərin qiymətlərini Bakıdakı qiymətlərlə müqayisə edərdi.

- Ola bilməz, – Christian Diorun “Poison” ətirinə baxan İlhamənin səsində məzəmmət tonu o dəqiqə hiss olundu, – Bakıda gördüyünün milliqramı azdır. İkincisi də, Bakıdakı Jador orijinal mal deyil.

- Deyirəm Torqovıda İdealda öz gözlərimnən görmüşəm. İdealda geydirmə mal olmur, – bu dəfə Sahilə bir az əsəbi tonda cavab verdi.

“Guya elə İdealda sən altmış manata duxi alan zibilsən,” – İlhamə hirsini içində saxladı, başa düşdü ki, qabaqda üç gün bir yerdə olacaqlar, bir masa arxasında oturub söhbət edəcəklər, yemək yeyəcəklər, üstəlik nə vaxtsa Bakıda Sahiləyə işi düşə bilər, - elmi məqalələlərə, gələcəkdə doktorluq işinə rəy yazdırmaq-filan, - ona görə susmağa üstünlük verdi. Sahilə ətir vurulmuş dördkünc kağızları həvəslə iyləsə də heç nə almadı. “Elə də bilirdim,” – İlhamə özündən razı halda fikirləşdi. Sahilə arada tez-tez dərindən nəfəs alırdı ki, bir müddət burnunun ucundan getməyən bahalı ətirlərin bir-birinə qarışmış qoxusunu canına çəkib ləzzət alsın.

___________
*Adətən beynəlxalq aeroportlarda duty free mağazalarında gömrük və vergilərdən azad olan mallar satılır.



İlhamə akademiyanın böyük elmi işçisi Sahiləylə müqayisədə imkanlıdır, semestr imtahanlarında rüşvət almasa da, hər il stabil olaraq tam dərs yükünün maaşı üstəgəl aylıq maddi yardım (yüz on manat) otuz yaşlı subay müəlliməyə bəs edir.

Moskvada biznesmen işləyən qardaşı hərdən bacısına pul yollayır, anasına da deyib ki, dost, tanış-biliş, yaxın, uzaq qohum-əqrabanın arasında xəbər yaysın ki, kim qızı alsa, Moskvadakı biznesmen qardaşı Bakıda təzə tikilən binaların birindən evlənənlərə ikiotaqlı (təmirin pulunun yarısı verilməklə) mənzil hədiyyə edəcək.

Gözəl olmasa da diqqətiçəkən fiqurasına güvənən İlhamənin bir dərdi vardı, - qısa zamanda ürəyinə yatan, özü kimi nə çirkin, nə də qəşəng, işi-gücü olan səviyyəli bir oğlan tapıb ərə getmək. İlhamə yüz avro verib kişiləri ehtiraslandırıb-udqunduran “Poison” ətiri aldı.

Qırx beş yaşlı Yavər institutu qurtarandan indiyə kimi akademiyada işləyir, özünə gün ağlaya bilməyib. Şöbə müdiri işləsə də neçə illərdir meşin üzlüyünün yırtığı olan köhnə kresloda oturur.

Eyni otaqda özündən savayı iki kolleqası qocalmış, heydən düşmüş stullarda oturub Sovet dövrünün məktəb partasını xatırladan üstündə paket çayı ləkələri olan masada “dejurnı” məqalələr yazırlar. Evlənməyib, ermənilərin Bakıdan qaçdığı vaxt rayondakı evlərini satıb şəhərin babat bir yerində özünə ucuz, balaca həyəti olan ikiotaqlı təmirsiz ev alıb. Sovetin vaxtında “Yava” çəkirdi, Xalq Cəbhəsinin guruldayan vaxtlarında “Viceroy”, indi də “West” çəkir. Tələbələrə kurs, diplom işləri yazır, ordan əlinə gələn pula özünə ət, meyvə, kərə yağı, “talkuşka”dan pal-paltar ala bilir.

Hərdən azca qabağa çıxmış qarnını sığallamağı xoşlayan, saçlarını səliqə ilə yana darayan, işə qara BMV ilə gedib-gələn BDU-nun dosenti Murad müəllim adəti üzrə ildə iki dəfə əsas muradına çatmaqçün semestrlərin sonunu səbirsizliklə gözləyir: rüşvəti ancaq pulla alır, onunla toyuq-cücə, hinduşka, qoyun, şan balı, qaymaq, qaşıqbatmaz camış qatığı, təmiz Lənkəran çayı söhbəti keçmir. Bir az da xəsisdir, yəni ona nə əliaçıq demək olar, nə də xəsis. Ovqatıyla bağlı bir də gördün heç kimi əlini cibinə salmağa qoymadı, beş-altı adamın olduğu qonaqlığın pulunu verdi. Amma bu çox nadir hallarda baş verirdi.

Muradın Nokia E51-i, İlhamənin Samsunq D880-i rouminqə qoşulmuşdu, yəni xarici ölkələrdə olsalar da Azərbaycandan zəng qəbul edə, xaricdən də Azərbaycayana, dünyanın istənilən yerinə zəng edə bilərdilər. (Akademiya işçiləri isə rouminqə qoşulmayan köhnə mobil telefonlarını zəngli saat kimi özləri ilə götürmüşdülər ki, Amsterdamda konfrans proqramına uyğun vaxtında yuxudan oyana bilsinlər).

Yavər bir-iki ətirin yanında qoyulmuş karton kağızı qoxulayıb yerinə qoydu. Hamısı bir yerdə parfyum mağazasından çıxdılar.

- Deyirəm, vallah, burdan mal alanın ağlı yoxdu, - bunu ömründə ilk dəfə Sovetin vaxtında Moskvadan savayı başqa bir şəhərdə olmayan, (bir də Moskvaətrafı vilayətdə iki il əsgərlikdə olan) ilk dəfə duty-free mağazalarını gəzən Yavər gülə-gülə dedi.
Murad dinmədi, “Əşi, ala bilmirsən sus da. Hələ bir hırıldıyır da,” – ürəyində Yavəri yamanladı. Dördü də aeroportun zalında şax qamətli yerişlə yan-yana gedirdilər. Sahilə, kişilər ortaboylu, İlhamə onlara nisbətən hündürboyluydu. Qıraqdan bir az təkəbbürlü görünürdülər. Bizimkilər təkəbbürlü yerişləri ilə ətraflarında ağır-ağır gəzişən uzun ağ əba geymiş, cürbəcür tünd ətirlərdən bol-bol vurmuş varlı, yekəqarın ərəb şeyxlərini də az qala ötüb keçmişdilər.

Sahilənin yüz on beş (maaşdan qırtıb üst-üstə yığmışdı), İlhamənin altı yüz (üç yüzü Moskvadan qardaş payı), Yavərin isə yetmiş beş avrosu, Murad müəllimin dəri portmanatında yeddi şax yüzlük vardı. Bir saatdan çox vaxt keçmişdi, dayanmadan gəzişir, mağazalara girib-çıxırdılar, - sanki yorulmaq hissini itirmişdilər. İlhamədən başqa heç biri bir çöp də almamışdı.

Zalda bir-birindən on beş–iyirmi metrdən aralıda olan kafe, restoran, fastfudların (tez hazırlanan, yeməklərin satıldığı yer) yanından keçəndə bizimkilər bəzən oğrun-oğrun, gözlərinin ucuyla, bəzən də saymazyana o tərəfə baxırdılar. Dünyanın onlarla ölkəsindən olan müxtəlif irqli insanlar sanki onların acığına iştahla yemək yeyir, qəhvə, çay, meyvə şirələrindən içir, həvəslə söhbət eliyirdilər. Bizimkilərsə parfyum, paltar mağazasının birini də ötürmədən məğrur-məğrur girib çıxırdılar. Kafelərin, restoranların yanından keçəndə xanımları heç olmasa bir fincan çay, qəhvə içməyə dəvət etmədiklərinə görə Muradla Yavər eyni narahatçılıq hissi keçirirdilər.

Cibində yetmiş beş avro olan Yavərin qiymətlər barədə dəqiq bir şey bilmirdi, ona elə gəlirdi ki, bütün kafelərdə hər şey çox bahadır. Həm də fikirləşirdi ki, hamını tək keksli qəhvəyə, ya çaya dəvət etsə, hardasa on-on beş avro xərci çıxacaq. Açığı, bu adama heç mineral su almağı da qıymaq olmazdı. Yavər akademiyanın yeməkxanasında belə nadir hallarda nahar eliyirdi, çox vaxt da borş ya mərci şorbasıyla (bir manat 30 qəpik) kifayətlənirdi. Şəhərdə artıq hesab elədiyi xərc avtobusda tanışı-bilişinin yerinə gediş haqqı verməsi olurdu, “Verdim, düşərsiz,” – deyəndə, avtobusdan düşüb xeyli aralanandan sonra “Ay mərdiməzar, gərək qabağıma çıxaydın?” – dodaqaltı mızıldanırdı. İstanbul aeroportunda şax yeriyən, akademiyanın kasıb, məğrur baş elmi işçisi Yavər kafe, restoranlara baxmadan, əllərini arxasında çarpazlayıb Muradla şirin-şirin söhbət edirdi.

Murad müəllim o birilərlə müqayisədə ən imkanlı olduğuna, bunu da yoldaşları hiss etdiyinə görə hər dəfə kafe, restoranların yanından keçəndə narahat olurdu, bir az da əzab hissi keçirirdi: hamını çay içməyə dəvət etmək ürəyindən keçirdi, amma eyni zamanda tərəddüd edirdi. “Onlara təkcə çay, qəhvə, meyvə şirəsi, özümə isə kapuçino götürsəm, problem olmaz, uzağı on-on beş avro xərcim çıxacaq. Amma belə olmur axı, dəvət edəndə deməlisən ki, götürün menyunu, ürəyiniz nə istiyir seçin, onda da yəqin biri keks istəyəcək, o birisi Napaleon, üçüncüsü başqa şey sifariş edəcək, bu da gəlib hardasa on beş-iyirmi avroya yaxın, bəlkə də bundan artıq pul eliycək.

Akademiyadakılara nə var, ac şeylərdi, müftədi deyib, menyuya baxıb ən bahalı pirojnalardan götürəcəklər. Onda hesab lap otuzu da keçər. Ona görə elə ən yaxşısı kafelərin yanından keçəndə susmaq, o tərəfə baxmamaq, gəzə-gəzə vaxt öldürməkdi,” – hələ ki, bu gərara gəldi. Murada elə gəlirdi ki, vaxt “ölmək” bilmir.

Vaxtın “ölməyinə” isə iki saatdan çox qalırdı. Qızlar nisbətən sakit, arxayın idilər. Bizdə qızlar, qadınlar kişiləri restorana, kafeyə dəvət etmədiyinə görə onlar hardasa geyimli-keçimli, viddi-fasonnu, mazlanmış bahalı qara ayaqqabısı olan Muraddan dəvət umurdular.

Sahilə susuz idi, amma özünə su almaq istəsə, gərək o birilərə də təklif edəydi. İstəyən də olsa yalandan deyəcəkdilər ki, “sağ ol, istəmirik”. Sahilə başa düşürdü ki, su almağa özü getsə kişilərdən kimsə (yəqin ki, Murad) qabağa düşüb əlini cibinə salacaq.Qabağa düşənsə istər-istəməz o birilərdən soruşacaqdı: “Sizə nə alım?” O birilər də əvvəlcə nazlanıb mızıldanacaq, sonra fanta, sprayt ya da başqa bir şey istəyəcəkdilər. Əlini cibinə salan da məcbur olub özü daxil hamıya fantadan, koladan-zaddan almalı olacaqdı. Bunları fikirləşən Sahilə heç kimi narahat eləmək istəmədi, susuz qalmağa üstünlük verdi, “təyyarədə öz yerimdə oturanda stüardessadan su istəyərəm,” - qərara gəldi.

- Gedək bir siqaret çəkək. – Yavər Murada dedi.

- Gedək.

Onlar siqaret çəkənlər üçün xüsusi ayrılmış yerə, qadınlarsa fürsətdən istifadə edib tez tualetə tərəf götürüldülər.

- Deyirəm, qiymətdər burda od tutub yanır, – deyib Yavər Murad müəllimin qonaq elədiyi Marlboro siqaretindən dərin qullab vurdu.

- Məllim vallah, elə Bakıda da qiymətlər yanır, tüstüsü hələ gedib kosmosa çıxır, – öncə parfyum mağazasında Yavərin “Burdan mal alanın ağlı yoxdu” sözünə içində əsəbiləşən Murad bunları istehzalı təbəssümlə deməklə bir növ ürəyindəki tikanı çıxartdı.

- Demə qardaş, maaşı alırsan, ay qutaramamış cibin boş olur.

- Yavər müəllim, sizdə maaşla dolanmaq çətin məsələdi, başqa yerdə işdəmirsiz ki?

- Yox. Əvvəl saathesabı Tusidə dərs deyirdim, iki ildir saat vermirlər day, indi kurs, diplom işləri yazmaqla dolanıram. Yeri gəlmişkən, sizdə tələbələrdən diplom ya kurs işi yazdırmaq istəyən olsa mənə deyin, zəhmət olmasa.

- Olar, olar. Bizdə kurs, əsas da diplom işi yazdırmaq istəyənlər çox olur... Belə baxanda subay adamsız, bir cansız, aldıqlarınız bəs eliyər. Yəqin ki, subaylıq sultanlıqdı, – Murad göz vurdu, istədi söhbəti bazlıq mövzusuna gətirib çıxarsın.

- Yox, day sultanlıq vaxtı keçdi, – Yavər ağlına gələn ilk fikri dedi, peşman oldu, başa düşdü ki, elə deməzlər. Necə yəni sultanlıq vaxtı keçdi, kişilər var qırx beş nədi, yetmiş-səksən yaşında iki arvad saxlayır, ya da elə biriylə də necə lazımdı.

- Əvvəlki kimi olmasa da, olanda olur, – Yavər azca qızarsa da tez “səhvini” düzəltdi, – İşlər o qədərdi ki, çatdırmaq olmur, papam da son vaxtlar...

Yavər kənddə qoca xəstə papasından, papasına baxan mamasından, sonra kənddəki ağır vəziyyətdən, iki ayda bir dəfə onlara pul göndərməsindən danışdı ki, Murad artıq suallar verməsin, ən əsası, qızbazlıq mövzusuna qayıtmasın.

- Məllim, cavan deyilsiz ki, məsləhət verim. Qırx beş yaş, day, özünüz məndən yaxşı bilirsiz, – Murad müəllim bunları ağsaqqalsayağı söylədi. - Heç olmasa bir uşaq olmalıdı ki, qocalanda ....

“Pah, elə bircə sən çatışmırdın,” – Yavər ürəyində deyindi.

Murad Yavərin “hərdən bir olur” sözlərindən anlamışdı ki, Yavər bazlıqdan uzaq adamdı, dərinə getmədi, söhbəti ənənəvi olaraq məlum öyüd-nəsihətə gətirib çıxartdı: “...Sən evlən, Allah ruzini göndərəcək, o qədər ərə getməyən qızlar var ki, sənin kimi intelligent bir kişidən ötrü....”

Siqaretlərini çəkib zala çıxdılar, qızları tapdılar. Onlar bir yerdə şirniyyat mağazalarına girib-çıxır, paxlava, rahat lukum, şokolad qutularını götürür, o üz bu üzünə baxıb yerinə qoyurdular. Sonra hamısı cins paltarlar satılan Levis şirkətinin mağazasına girdilər, əlləri ilə cins şalvarlara, jiletlərə, köynəklərə toxundular, qiymətlərə baxıb axırda heç nə almadan mağazadan çıxdılar.

Gah bir-birinin ardınca, gah da yan-yana yenə də şax, məğrur-məğrur, ağır-ağır, yeriyirdilər. Nəinki su almaq, heç olmasa boş oturacaqların birində oturub dincəlməyi təklif etmək heç birinin ağlına gəlmirdi. Murad isə hər dəfə kafelərin yanından keçəndə yenə də “Dəvət eliyim ya yox?” – tərəddüd içində əzab çəkirdi. Bayaq diqqət edəndə özü üçün müəyyən elədi ki, kafelərin birində ancaq çay, qəhvə, şirniyyat verirlər. “Heç yaxşı çıxmaz, uçuşa hardasa iki saatdan çox vaxt var. Qızlar olmasaydı yanımdakı yetimi çaynan-keksnən yola verərdim. İşi korluyan qızlardı, hiss olunur ki, üzlü adam deyillər, dəvət etsəm yox deyəcəklər, təkid eləsəm yəqin ki, razı olacaqlar. Vabşe başa düşmürəm, bunları evdən tək yad ölkəyə niyə buraxıblar. Hələ bu birisinin əri də var...” Murad arada qol saatına baxdı, bu dəqiqə o, elektron tabloda Amsterdama uçan təyyarəyə qeydiyyatın başlanması elanını görməyi çox istəyirdi.

Murad gəzişə-gəzişə iki il əvvəl tələbəsi ilə bağlı kafedə baş verən hadisəni xatırladı. İsti yay günlərinin birində işdən çıxandan sonra BDU-nun yanındakı kafelərin birinə girəndə Əhəd adlı tələbəsi ilə rastlaşmışdı. “Məllim necəsiz?”, “Yaxşıyam,” – soyuq cavab vermişdi, quşbaşı pidesi yeyən tələbəsinə “Nuş olsun.” – demədiyi bir yana, etika xatirinə ”Bəs sən necəsən?” - soruşmamışdı. “Kaş ki, səni burda görməyəydim”, – düşünmüşdü. Murad boş masaların birinin arxasında oturandan içində bir gərginlik yaranmışdı: kim kimin pulunu verəcək? Murad müəllim bir az xəsis təbiətinə uyğun qəti olaraq özünə söz vermişdi ki, dünya dağılsa əlini cibinə salmayacaq. “Nəyə görə? Gündə bir tələbə görəcəm, durub hamısının hesabını verəsi deyiləm ki?” Özünə söz vermişdi ki, tələbəsi ofisiantı öz yanına çağırıb “Məllimdən pul götürmüyün,” - pıçıldasa, tələbəsinə mədəni şəkildə etirazını bildirəcək. “Heyif deyil alman kulturası, hərə öz yerinə pul verir. Day alman ürəyini yemir ki, növbəyə duranda arxamda duran tanışımın, iş yoldaşımın da pulunu mən verim ya yox?” Əhəd öz tanışı ilə oturmuşdu, “Necəsiz?” sualını verəndən beş dəqiqə sonra iki dəfə “Məllim gəlin, biznən oturun,” – demişdi, Murad da “Çox sağ ol”-dan, güclə də olsa gülümsəmiş, amma öz yerindən durmamışdı. “Hmm, işə düşdük də, öz stoluna dəvət edirsə, mənim hesabımı da vermək fikrindədir. Axx, Azərbaycanın mundar adətləri. Yerimə pul versə, yüz faiz umacaq ki, imtahanda beş yazım”. Bir azdan Murad müəllimin sifariş etdiyi lavaş dönəri, ayran gəlib çıxmışdı. “Hər halda bunlar məndən əvvəl durub gedərlər. Mən hələ çay da içəcəm, bunlar koladan sonra çətin ki, çay içsinlər, yəqin indilərdə durub gedərlər,” – səbirsizliklə tələbəsinin tanışıyla bir yerdə getməyini gözləmişdi. Elə də olmuşdu, yeməklərini yeyəndən sonra tələbəsi tanışı ilə Murad müəllimə “Sağ olun, nuş olsun,” – deyib kafedən çıxmışdılar. Murad yavaşca çönüb onlara tərəf baxıb görmüşdü ki, tələbəsi tanışı ilə kassaya yaxınlaşmadan (öncə yediklərinin pulunu ofisiantın gətirdiyi çekin üstünə qoymuşdular) kafedən çıxdılar. “Nə yaxşı, sağ olsun hesabımı vermədi,” – Murad rahat nəfəs almış, arzu etmişdi ki, Azərbaycanda kaş bütün insanlar tələbəsi Əhəd kimi olaydı.
Amma Murad kafeyə girəndə tələbəsinin onun fikirlərini sifətindəki narazı ifadədən oxuya bilməsini anlamışdı: hətta Murada elə gəlmişdi ki, tələbəsi onun sifətindəki narazılığın səbəbini biləndən sonra ürəyində müəlliminə qayıdıb bunları deyib: “Məllim, narahat olmayın, istəmirsizsə, hesabınızı özünüz verin. Mənimçün lap yaxşı, pulum özümə qaldı”...

- Hə dostlar, deyirəm gedək oturaq bir az dincimizi alaq, – Murad ucuz hesab etdiyi kafelərin birinin yanında dayandı, qol saatına baxıb təntənəli şəkildə elan etdi. - Vaxta hələ var, oturaq çaydan-zaddan içək, – Murad elektron tabloda İstanbul-Amsterdam reysinin gecikməsi elanını oxuyanda dilxor olsa da, nəhayət əlini cibinə salmaq qərarına gəldi, bu sözlərdən sonra öncəki əzablı tərəddüdlərdən azad oldğunu hiss etdi, bir az rahatlandı.

- Sən yorulmusan? – Yavər, açığı, qəribə sual verdi, bir az da çaşan kimi oldu, Muradın onları kafeyə dəvət edəcəyini gözləmirdi, nədənsə ona elə gəldi ki, otursalar, hərə öz yerinə pul verəcək. Yavərə qalsaydı bu dəqiqə başqaları bir yana, heç özünə beş avro belə xərcləməzdi.

- Mən heç nə istəmirəm vallah, çox sağ olun, – İlhamə quru, soyuq tonla dedi, qıraqdan elə göründü ki, sanki onu kafeyə zorla dəvət edirlər. Sahilə “Nə əziyyət çəkirsiz Murad müəllim”, – dedi, halbuki susuzluq onun boğazını qurutmuşdu. Muradın yüngül təkidi ilə onlar kafedə boş masanın arxasında əyləşdilər.

- Hə, nə istiyirsiz seçin, – Murad masanın üstündəki menyunu könülsüz ortaya itələdi.
Masaya yaxınlaşan ofisiant qıza Yavər çay, Napaleon pirojnası, Sahilə bir stəkan qazsız su, Murad özünə bir fincan kapuçino qəhvəsi, şokoladlı pirojna, İlhamə isə yaşıl çay və kişmişli keks sifariş verdi.

Murad sonda on səkkiz avro ödədi, “Heç iyirmiyə çatmadı, mən otuzdan qorxurdum,” – ürəyində sevindi. O birilər sifariş verəndə gözünün ucuyla menyuya baxmışdı, görmüşdü ki, kolleqalarının götürdükləri şirniyyatlar o biri pirojnalarla müqayisədə elə də bahalı deyil. (Ofisianta isə təbii ki, çay pulu vermədi).

Amsterdamda konfrans öz qaydasında keçdi, Yavər ingilis dilində kobud səhvlər buraxa-buraxa, ləhcə ilə, İlhamə cüzi səhvlərlə öz mühazirələrini oxudular. Debatlarda iştirak elədilər, mühazirəçilərə bir-iki sual verdilər. Murad müəllim bir dəfə də olsun ağzını açmadı, konfransın birinci gününün yarısını demək olar ki, tez-tez mürgüləməklə keçirdi, çıxışlara etika xatirinə qulaq asdı.

Hərdən də xaricdən gəlmiş yaraşıqlı qadın iştirakçılara gözlərini zillədi, ingilis dilini pis bildiyindən çay fasilələrində, naharlarda konfrans zamanı xəyalən sevişdiyi qadınlara girişmək fikrindən vaz keçdi. İkinci gün Murad konfransa gəlmədi, oteldən çıxıb birbaşa Amsterdamı təkbaşına gəzib dolaşdı, ən əsası, çoxdankı arzusuna çatdı: ağzı sulana-sulana qırmızı fənərlər küçəsindəki vitrinlərdə uzun stullarda oturmuş, ayaq üstə dayanmış yarımçılpaq qızlara doyunca baxdı. Alış-verişə də vaxt tapdı, iki yüz əlli avroluq alver elədi, bir də axşam oteldə qırx nəfərlik konfrans iştirakçılarına gündəlik xərclər** (hər adama qırx beş avro) veriləndə o növbədə beşinci adam idi.

Yavər qırx beş avrosunu alan kimi şəhərə çıxıb ən ucuz mallar satılan yerlərdən birində müdiri üçün on avroya suvenir aldı. Kənddə yaşayan atası, anası üçün də bir şey almaq istədi, dərhal bu fikrindən vaz keçdi: əşi, qoca adamlardı, Allaha şükür Bakıda indi hər şey var, bu yaşlarında suvenir nələrinə gərəkdi, qayıdanda bir az pul göndərərəm. Konfransda Yavərin əsas qazandığı şey qırx beş avro idi, on avro suvenirə getdi, otuz beşə də min bərəkət. Bakıdan yetmiş beşlə gəlmişdi, üstəgəl otuz beş, eliyir yüz on avro.

Sevindiyindən ona elə gəlmişdi ki, yüz on avronu elə Amsterdamda qazanıb. Tək buna sevinməmişdi, ilk dəfəydi Avropa ölkəsinə səfər edirdi, dördulduzlu oteldə qalırdı, restoranlarda pulsuz səhər, günorta, axşam yeməyi, üç-dörd cür pendir, (məşhur pendirlər ölkəsində!) cürbəcür salatlar, kolbasalar, şorbalar, hər növ ət yeməkləri, meyvələr, meyvə şirələri (əsas da sevdiyi Qreypfrut şirəsi), şirniyyatlar, - bütün bunlar onunçün cənnət təamları idi, mütləq də hamısından yeməli idi. Güzgüyə baxanda hətta ona elə gəlmişdi ki, oteldə qaldığı üç gündə bir az kökəlib. Hər səhər yeməyindən sonra otelin restoranından çıxanda meyvələrin qoyulduğu ümumi masadan alma, armud ya da banan götürüb otağına aparır, Bakıya aparmaq üçün çamadanına atırdı.

Oteldə xoşuna gəldiyi şeylərdən biri də hamam-tualet idi. Unitazda oturub dizlərinə dirsəklənəndə həyətindəki daima iyli tualeti, gur gələn suyun altında çiməndə isə pulsuzluqdan yox, tənbəllikdən gedib mağazadan hələ də yenisini alıb dəyişmədiyi yarısı paslanmış dəmir duşu, eləcə də tualetə bitişik kafelsiz, yanan qazdan havası ağır olan dar hamamı xatırlayanda kədərləndi.

Otelin xadiməsi hamama hər gün əl-üz, bədən silmək üçün təmiz ağ dəsmal, təzə, balaca dairəvi formalı sabun, balaca tubiklərdə şampun, bir-iki dəfə istifadə üçün diş pastası, bir də vannada suyu köpükləndirən maddə qoyurdu. Bəzilərindən istifadə etdi, axırıncı gün qalanların hamısını, üstəlik otaqda dolabın içindəki ayaqqabıgeyəni, otelin adı yazılan balaca kibriti, alışqanı da götürüb öz-özünə “Nəyə görə burdakıla qalsın? Bunları mənimçün qoyublarsa, deməli mənimlə də Bakıya getməlidilər,” – deyib çamadanına atdı. Soyuducudan bir dənə Snikers də götürmədi, otelə girəndə yaxşı ki, İsmayıl ona soyuducuda, daha doğrusu, minibardakıların pullu (“od qiymətinə”) olduğunu demişdi.

Hələ Bakıda xarici ölkələrdə konfranslarda iştirak edən tanışları ona danışmışdılar ki, otellərdə gecə pornofilmə baxmaq olur, amma nədənsə bunun pullu olmağını deməyi unutmuşdular, ya qəsdən deməmişdilər. Amsterdama gəldiyi günün axşamı iriekranlı plazma televizirounda bir-iki rus kanalına baxıb saat on birdən sonra televizorda porno film axtarmağa başladı. Pultla kanalları tez-tez gəzib birini tapanda sevindiyindən ürəyi döyündü, gözləri parıldadı, ağzı sulandı, amma sevinci uzun çəkmədi: kadrların altındakı – PAY TV 12 EUR per hour, yəni ödənişli kanal, saatı 12 Avro yazısını oxuyanda dilxor oldu, beş dəfə yaşıl düyməni “Yes” sözünə tuşlayıb “basım ya basmayım?” – sualına cavab tapanacan, bir dəqiqə keçdi, kanal yox oldu. “Onnansa on iki avronun üstünə on-on beş də qoyub Bakıda özümə qız çağıraram,” - düşündü. Kanalları axtara-axtara nəhayət iyirmi üçüncü düyməni basıb erotik bir film tapdı. Murad müəllimin dedikləri yadına düşdü, subaylıq sultanlıq məsələsi, bəlkə əlinə kurs-diplom işlərindən pul gələndə bir hərəkət eləsin. “Harda?” – özünə sual verdi, tez də sualı beynindən qovdu ki, cavab tapmasın. Arada reklam olanda yenə PAY TV-yə qayıtdı, bir dəqiqəni də qənimət bildi, hər halda yeni maraqlı kadrlar gördü, yaşıl düyməni basmadığından kanal yox olan kimi iyirmi üçüncü kanala qayıtdı. Erotik film qurtaran kimi (“Bu da qənimətdi”) televizoru

__________
**Bəzi beynəlxalq konfranslarda iştirakçıların təyyarə və yemək xərcləri ödənilməklə yanaşı suvenir, xırda-para şeylər almaq, o cümlədən ölkədaxili nəqliyyatdan istifadə etmək üçün əlavə olaraq konvertdə gündəlik xərclər də verilir.


keçirdi. Xəyalən özünü əvvəlcə erotik, sonra isə cəmi iki-üç dəqiqə gördüyü porno filmin kişi qəhrəmanının yerində təsəvvür elədi, şirin, həm də əzablı xəyallar içində yuxuya getdi.

Yeri gəlmişkən, o birilər də bir-iki dəfə gecə bu cür kinolara baxmışdılar, hətta Murad iyirmi dörd avro verib PAY TV-yə iki saat baxa-baxa ürəyi döyünmüşdü, kəsik-kəsik nəfəs almışdı. İlhamənin də ürəyindən pornofilmə baxmaq keçmişdi, amma oteldən qeydiyyatdan çıxacağı gün otağın açarını birinci mərtəbədəki qıza verəndə, çekdəki PAY TV sözünü Muradın, Yavərin görəcəyindən qorxmuşdu. Yavər, Sahilə kimi iyirmi üçüncü kanalda gedən erotik filmlərlə kifayətlənmişdi. Filmlərdən enerji toplayan Sahiləni Bakıda əri gözləyirdi, tələbəlik illəri bulvar, park sevgi macəralarından başqa heç nə görməyən İlhaməni isə Bakıda gözləyəni yox idi...

Onlar yenə İstanbul aeroportundaydılar, Baklya qayıdırdılar, uçuşa üç saat vardı. Yenə də ağır-ağır, şax yeriyirdilər. Yerişləri, görkəmlərindəki razılıq, məmnunluq gözə çarpırdı. Bu dəfə şax yerimələrinin başqa səbəbi varıydı: hər biri konfransdan pulla, aldıqları hədiyyələrlə vətənə qayıdırdı.

Hələ Amsterdamda gündəlik cib xərci üçün otelin lobbisində (qeydiyyat olan otaq) növbəyə dayananda hər biri öz sifətindəki sevinci gizlətməyə çalışsa da, alınmamışdı: bir-birilərinin ürəyindəki sevinci asanlıqla oxumuşdular. Ümumiyyətlə, konfranslarda növbəyə durub gündəlik xərclər alarkən özlərini tox tutmaq, sifətlərinə süni ciddi ifadə vermək qafqazlıların çoxuna xas olan haldır, - bir növ ətrafdakılara, onlara göz qoyanlara çatdırmaq istəyirlər ki, biz məğruruq, gündəlik xərclər elə də böyük pul deyil, özümüzdə bundan da artığı var, amma veriləni cibişdanımıza qoyuruq. Ruslar, ukraynalılar belə vəziyyətdə özlərini daha təbii aparır, üzlərinə yalançı ciddi ifadə vermirlər, sevinc hisslərini rahatca biruzə verirlər: hələ görürsən, Vasili Petroviçin, Moskva Dövlət Universitetinin professorunun növbəsi yaxınlaşanda həmkarı dosent Yelena Petrovnaya tərəf çönüb əllərini bir-birinə bərk vuraraq deyir: “Yelena Petrovna, əsas məsələ puldur, bu gün yeyib-içmək vaxtıdır.” Yelena Petrovna da bunu təsdiqləyərək: “Vo, vo imenno,” – deyir.

Əslində qırx beş avro böyük pul deyil, amma baxır kimin üçün. Kiməsə elə gələr ki, Bakıdan portmanatında yeddi yüz avro ilə gələn Murad üçün qırx beş avro heç nədir. Amma o elə fikriləşmirdi, ürəyində özünə deyirdi ki, “Həə, kak-raz Bakıdan gələndə aeroport kafesində on səkkiz avro şyot (hesab) verdim, qırx beş çıx on səkkiz eliyir iyirmi yeddi avro.” Ona elə gəlirdi ki, bu səfərdən itirməyib, əksinə iyirmi yeddi avro qabağa düşüb.

İlhamə bir o qədər də sevinmirdi, deyəsən, konfransın birinci günü otelin lobbisində gündəlik xərc aldığı belə yadından çıxmışdı. Akademiyamızın məğrur Yavərlə Sahiləsi isə qırx beş avroya sevinirdilər, ürəklərində “min bərəkət” deyirdilər, - yenə bu pul heç olmasa suvenirlərə, kosmetikaya çatmışdı.

İstanbul aerportunun zalında Muradla Yavər gəzişə-gəzişə gördüklərindən, liberal demokratiyadan, öz dərdlərindən, qızlarsa Avropa qadınlarının zövqsüz geyimlərindən, heç olmasa, az da olsa kosmetika vurmamalarından, ordakı kişilərin yaraşıqlı olub-olmamasından danışırdılar. Yavər tualet bəhanəsi ilə Muraddan aralanıb getdi, kabinədə əlini rəngi getmiş məxmər pencəyinin döş cibinə saldı, şax qırmızı onluqları çıxardıb burnuna yaxınlaşdırdı, dərindən ləzzətlə iylədi, təzə avroların özünəməxsus, sərt, amma xoşagələn (bəlkə də avro olduğuna görə) ətri sinəsinə yayıldı, pul ətrinin ləzzətini içində saxlamaq üçün nəfəsini bir az saxlayıb sonra buraxdı. “Dolların, avronun ətrində də bir əzəmət, cazibə var.” – düşündü. Pulları səliqə ilə, çıxartdığı kimi qatlamadan pencəyinin döş cibinə qoydu, heç bir şey eləmədən çənin suyunu boşaldıb kabinədən çıxdı. Bir də rahat oldu ki, yerliləri onun cəmi yetmiş beş avroyla səfərə çıxdığını bilmədi, hansısa vəziyyətdə bunu bilsəydilər, sözsüz ki, onların yanında utanacaqdı, pərt olacaqdı.
O ki, qaldı Muradın “cavanlıq eləmək lazımdır” atmacasına, açığı, oteldə qaldığı üç gündə qoz-fındıq üstəgəl baxdığı filmlərdən sonra ehtiras baş qaldırmışdı. “Bakıya qayıdanda tanış uşaqlara deyəcəm babat bir şey tapsınlar mənə, aldığım pulu qoy bir dəfə də kefə xərcləyim. Otuz beş avro otuz beş manatdan çox eliyir, üstünə on beş manat da əlavə eliyib babat, babat niyə, lap elə yaxşı bir şey tapmaq olar,” – ürəyindən bazlıq eləmək keçdi.

Fantaziyalara uyan Yavər birdən şüuraltı anladı ki, fiziki cəhətdən hər şey qaydasında olsa da, bədən çoxdan qadınsızlığa öyrəşib, qadınsızlıq adi bir şeyə, bir növ uzun illərin həyat tərzinə çevrilib. (Yeri gəlmişkən, dedi-qoduçular tərəfindən akademiyanın qeyri-rəsmi “oğlan uşağı spisokuna” daxil edilmişdi). Düzdür, hərdən yuxuların, xəyalların nəticəsində bədən öz təbii siqnallarını, impulslarını göndərirdi, amma təcrübəli Yavər ehtiraslı vəziyyətdən on-on beş dəqiqəyə çıxıb adi vəziyyətə qayıda bilirdi. Həftədə bir ya iki dəfə Yavərin şirin yuxularında xoşuna gələn aktrisalar, qadın-qız iş yoldaşları peyda olanda, fürsəti əldən vermirdi, sonda günlərlə yığılan əsəb, ehtiras dolu enerji iki-üç saniyənin içində bədənindən çıxırdı. Sözün düzü, bu fizioloji proses az-maz (xüsusilə, bir gecədə iki ayrı-ayrı yuxularda təkrar olunanda) onun əsəblərinin sakitləşməsinə müvəqqəti də olsa kömək edirdi. Səhərlərsə boşalıb-rahatlanmış halda yuxudan oyanan Yavər gözlərini tavana zilləyir, “Kaş ki, bunlar həyatda olaydı,” – arzulayırdı.

Oğullu-uşaqlı iş yoldaşları Nəsir, Yaqub, Gülzar, Sahilənin ildə üç-dörd dəfə ona “Nə vaxt evlənirsən?” - ənənəvi-bezdirici sualı verəndə, ürəyində onları söyə-söyə “Yaxşı, ürəyimə yatan bir qız tapa bilmirəm”, “Papamın (ya mamamın) vəziyyəti pisdi, başım onnara qarışıb.” – kimi cavablarla onları başından eliyirdi. Bir də liftin yanına siqaret çəkməyə çıxanda ildə iki dəfə Nəsirin göz vuraraq “Yavər, boş vaxtında neyniyirsən?” – soruşması Yavəri əsəbiləşdirsə də, cavabında o, hirsini cilovlayır, “Hamı nə eliyir, mən də elə,” – sakitcə deyirdi. Nəsir isə onun suala sakitcə, üstəlik könülsüz cavab verməyindən anlayırdı ki, yalan deyir. Dərd də orasındaydı ki, Bakıda işə çıxan kimi Nəsir bilə-bilə yenə yersiz sual verəcəkdi:“Holland qızları nətəər şeydilər? Bir şey eliyə bildin?” “İtoğlu it, korsan? Görmürsən, mən heç Bakıda heç nə eləmirəm, Hollandiyada neyniyəsiydim ki! İndi buna nətəər deim ki, iki il Podmoskovyede əsgərlikdə oldum, bir dəfə də olsun diskotekaya getmədim!” – Yavər ürəyində Nəsiri söysə də cavabında mızıldana-mızıldana bir şey tapıb deyəcəkdi.

Oteldə gecələr baxdığı kinolardan sonra heç olmasa bir dəfə, birgecəlik macəra eşqinə düşən Yavər eşitmişdi ki, fahişə narkotik kimi şeydi, bir dəfə dadına baxdın, sonra əl çəkə bilmirsən.”Bəlkə dividi disk alım, işdən sonra kompüterdə baxım kinolara?” – sualına özü tez də “Yox” cavabı verdi, anladı ki, belə filmlərə baxmaq yanğına benzin tökmək kimi bir şeydi. Fahişəyə isə pul çatdırmaq olmaz. Lap pul da olsa, belə işlərə başlasa sabah qohum-qonşu arasında, o biri gün akademiyaya xəbər yayılacaq, deyəcəklər buna bax e, düşük, qırx beş yaşı var, evlənmək əvəzinə arsız-abırsız işlərlə məşğuldur. Özünə daimi məşuqə də tapmağa təpəri yoxdu, bunu fikirləşən kimi özünə bəraət qazandırmaq üçün hər şeyi o dəqiqə atırdı pulun üstünə. Bir az da etibarlı övlad olmağıyla özünə təskinlik verirdi. “Atam-anam qocalıb, sabah birisi ölsə, yasa-filan qədər xərc gedəcək...” Ona elə gəlirdi ki, sabah fahişə çağırıb pul xərcləsə, birisi gün ata-anasından birinə mütləq nəysə olacaq. “...Tak şto, hər şey elə olduğu kimi qalsın, necə deyərlər status-kvo. Yaxşısı budur Bakıya qayıdan kimi otuz beş avronu Zaminbankda dəyişim. Evdə səhər çayla içməyə kərə yağ qurtarıb, kak raz Valio yağı alaram. Ət də qurtarıb, kilo yarım dana əti alaram. Qaldı on manat, onun da üstünə kurs işindən mənə çatacaqdan on da qoyub iyirmi manat kəndə, mamamgilə göndərərəm,. – nəhayət ki, son qərara gəldi və rahat nəfəs aldı. Və başa düşdü ki, qırx beş yaşa qədər qadınszlığa öyrəşibsə, Allah ona qırx beş il də ömür versə, yenə dözəcək. Belə şeyləri fikirləşəndə bəzən “həmkarı” böyük alman filosofu, rəvayətə görə bu dünyadan oğlan uşağı kimi getmiş İmmanuil Kant yadına düşürdü. “Kant yenə böyük əsərlərini qoyub getdi. Mən neynəmişəm? Ondan-bundan köçürüb elmlər namizədliyini müdaifə elədim, indi də acından ölməməkçün diplom, kurs işləri yazıram”.

Onlar İstanbul aeroportunda gəzişirdilər, səbirsizliklə Bakıya uçan təyyarəyə minəcəkləri vaxtı gözləyirdilər. Yenə də vaxtı öldürmək üçün duty free mağazalırına girib-çıxırdılar.

Bu dəfə kafelərin, restoranların yanından keçəndə Murad heç gözünün ucu ilə də o tərəfə baxmadı. “Qonaqlıq bir dəfə olar, bəsdir, getsinlər özlərinə nə istiyirlər alsınlar,” - fikirləşdi, amma özü də onlardan ayrılıb tək kafeyə getməyə cəsarət etmədi. Arada arvadı yadına düşdü, Bakıdan çıxmamışdan qabaq dönə-dönə ərinə, Hollandiyadan “mənə layiq” bir hədiyyə almağı tapşırmışdı. İndi də fikirləşirdi ki, Bakıda arvadı “Xoş gəldin, necə uçdun? Səfərin necə keçdi?” kimi suallardan sonra acgöz baxışları ilə əsas sualına keçəcəkdi: “MƏNƏ NƏ ALDIN?” Arvadına dəri timsah dərisindən çanta almışdı. Sadəcə, yadına düşəndə ki, Bakıda arvadının dörd ya beşinci sualı hədiyyə ilə bağlı olacaq, istər-istəməz ona nifrət edirdi.

İlhamə, açığı, Bakıya dönmək istəmirdi, nə olsun ki, Amsterdamı gəzdi, çoxlu şəkillər çəkdirdi, gəmiyə minib dənizdə gəzdi, dost-tanışına hədiyyələr aldı. Nə olsun ki, qəşəng fiqurası var, aeroportda şax qamətlə yeriyirdi, amma fakt buydu ki, hələ də ərə getməmişdi: Bakıya otuz yaşında subay qayıtmaq ona ağır gəlirdi. Belə baxanda, üç gün idi Bakıdan çıxmışdı, uzun vaxt da keçməmişdi, amma xarici ölkədən qayıdırdı deyə, ona nədənsə elə gəlirdi ki, yeni səfərdə şəxsi həyatında yenilik olmalıymış. Məsələn, İlhamə yüz faiz əmin idi ki, rəfiqələri “Xaricilərdən sənə ərə getməyi təklif edən olmadı ki?” - soruşacaqdı. O da cavabında yalandan “Simpatiçnı bir fransız professoru mənə vurulmuşdu, amma evdən xaricə qoymazlar məni,” – deyəcəkdi. Anasının sifəti yadına düşdü, İlhamə qohum-tanış namizədləri müxtəlif səbəblərdən rədd etdikcə, anası daha da əsəbi olmuşdu. Sözsüz ki, qızından “Sizinlə gedənlərin arasında subay kişi varıydı?” - soruşacaqdı.

İlhaməylə Yavərin münasibətləri əvvəldən alınmamışdı, hələ Bakıda aeroportda tanış olanda ani baxışmada heç birinin qəlbində cüzi də olsa qığılcım, yəni aralarında evliliyin birinci şərti olan qarşılıqlı seksual simpatiya yaranmamışdı. Üç gün Amsterdamda olduqları müddətdə onlar adi söhbətlərdən o yana keçməmişdilər.

İyirmi beş yaşından “Poison” (ingilis dilindən “zəhər” kimi tərcümə olunur) ətiri vururdu. Həmişə dik qamətlə yeriyib, bir müddət dəbə uyğun hər iki çiyninin üstünə çiyinliklər qoyub işə gedirdi, sonra anasının təkidiylə onları atdı. (“Ay qız, onsuz da çiyinlərin ennidi, üstəlik də voyennilər kimi paqon vurmusan. Çıxart paqonnarını!”). Gəzəndə də başını dik tutub, üstəlik sifətinə saymazyanalıq, azca təkəbbür ifadəsi verirdi.
İndi, otuz yaşında da kişiləri ehtiraslandırıb udqunduran ətirdən vurur, şax yeriyir, amma daha əvvəlki kimi başını dik tutmur, üstəlik insanlarla söhbət edəndə özünü gülümsəməyə məcbur edir. Hər dəfə potensial, namizəd ərlə söhbət edib gülümsəyəndə uğura ümid edir. Uğursuzluğa düçar olanda sifətindəki süni təbəssümə daxilindən zəhər qatılır. Sifətinə diqqətlə baxanda dəri kremi ilə gizlətdiyi az-maz qırışları görmək olur. Qırışları, sağ qulağının altındakı balaca sızanaqların səbəbi güman ki, “Mənim taylarımın məktəbə gedən uşaqları var”, “Filankəs də ərə getdi”, “Mən də kişi istəyirəm!” kimi tez-tez beynini deşən hikkəli fikirlərdir. Bir ara Freydin libido-sevgi enerjisi nəzəriyyəsi ilə maraqlanırdı, amma tezliklə başa düşdü ki, nəzəriyyə-filan onluq deyil. Dissertasiya işini demək olar ki, cut paste, copy paste (ordan-burdan kəsib köçürmək) əməliyyatları ilə yazıb başa çatdıran İlhamə öz qabında nə olduğunu yaxşı bildiyindən anlamışdı ki, o, öz libidosunu elmi yaradıcılığa yönəldə bilməz, - ona əsl, normal eşq lazımdır. Qısası, İlhaməyə ərə gedib, əsl sevgi həyatı yaşamaq, uşaq doğmaq lazımıydı ki, təbii gülümsəsin, sızanaqları yox olsun, nəhayət, sifətinə təravətli rəng gəlsin.
Sahilə ərinə Hollandiyanın futbol komandasının maykasını, on iki yaşlı oğluna isə bu ölkənin milli simvollarından olan dəyirman maketini almışdı. İllərlə yataqxanada yaşasa da, Yavərlə İlhamə kimi subay deyil, özəl litseydə riyaziyyat müəllimi işləyən, babat maaş alan ərindən hər cəhətcə razıydı. Oğlu dərslərini yaxşı oxuyurdu, əsas məsələ ingilis dilini tez qavrıyırdə. Bircə problem, - ev məsələsiydi, növbədəydilər, o da alınmasa ipoteka krediti götürəsiydilər. Hələ ki, ikinci uşaq istəmirdilər, razılığa gəlmişdilər ki, uşağa qalsa “həmən aborta” qaçacaqdı. Sahilə fikirləşirdi ki, növbə məsələsi çox uzansa əri əlavə iki-üç, özü də bir-iki uşaq şagird götürüb instituta hazırlarar, ipoteka krediti götürüb ikiotaqlı mənzil alarlar. Ev olandan sonra bir qız da doğardı (“Qocalanda anaya baxan elə qız olur”), bir də nəvəsinin toyunu görsəydi “dərdim olmazdı” - deyirdi. Səfər vaxtı İlhaməyə qaynanasından, baldızlarından qeybət elədi, “amma ərimdən yerdən göyə qədər razıyam“ – dedi, “Allah sənə də yaxşı bir oğlan qismət etsin”, - İlhaməyə guya canı-dildən arzu etdi. İlhamə isə adətinə uyğun məcburən gülümsədi, qırışları göründü. Sahilə də deyəsən onun ürəyindəkiləri oxudu: “Pah, bircə sən çatışmırdın. Sənin kimi ərə gedib yataqxanada çürüməkdənsə, elə evdə otursam yaxşıdı”.

“Kənddə doğuldum, ölmədim Amsterdamı da gördüm,” – Sahilə özündən razı halda düşünürdü. Bakıya çatan kimi qonşularına, iş yoldaşlarına, bir də kəndə “varıf gedəndə” qohumlarına gördüklərini həvəslə danışacaqdı. Qırx beş avrodan əlində qalan iyirmi beş oldu, on beş ərinə, on da oğluna aldığı suvenirə getdi, qalan pula Bakıda ağarmış saçına qara boya, dəri üçün krem, bir də pomada alacaq, hələ deyəsən artıq da qalacaqdı.
Gəzişirdilər, işıqlı mağazalar, bahalı butiklər, səliqə ilə düzülmüş mallar, böyük hərflərlə yazılmış rəqəmlər və avro işarəsi €. Biri dəri üçün kremə baxıb yerinə qoyur, o biri ətir vurulmuş dördkünc kağızları iyləyirdi. Yavər isə əlini heç nəyə vurmadan kədərlə mallara, qiymətlərə baxırdı. İkisi pedaqoq, ikisi elmlər namizədiydi. Onlar nəinki İstanbul aeroportunda, heç Amsterdamda da konfrans iştirakçılarının çıxışlarını öz aralarında müzakirə etmədilər. Özləri ilə Bakıdan nə kitab gətirdilər, nə də Amsterdamda aldılar. Aeroportun zalında birinin qəzetə bir avro verib oxumaq həvəsi belə yox idi. Konfransda onlara verilən məqalələr olan kitabları isə özləri ilə yük eliyib gətirmək dərdindən kimisi onları oteldə qaldıqları otaqlarda zibil yeşiyinə atdı, kimisi isə eləcə yazı masasının üstünə qoyub otaqdan çıxdı. (Amma konfrans zamanı onlara verilən içində qələm, karandaş, pozan, bloknot, konfrasın adı yazılan döş nişanı, ən əsası bir qeqabaytlıq fləşkart olan çantanı özləri ilə götürməyi unutmamışdılar).

Bakıya uçan təyyarəyə qeydiyyat başladı. Təkərli yekə, kök çamadanlar baqaja getdi, şax yeriyənlər nəhayət ki, pasport nəzarətindən keçib Bakıya uçan təyyarəyə məxsus 74-cü qapının stullarında oturdular.

31 may – 3 iyun 2010
Oldenburq (Almaniya) - Bakı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG