Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:17

Meriya mitinq üçün yenə 20-ci sahəni ayırıb


Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin paytaxtda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Məşvərət Məclisində təmsil olunan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan «Media forum» saytına deyib ki, meriya Məşvərət Məclisinin istədiyi meydanlarda aksiya keçirilməsinə razılıq verməyib:

«Bizə mitinqi Səbail rayonunun 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirməyi təklif ediblər. Amma bizim ora getmək niyyətimiz yoxdur. Noyabrın 1-də Demokratik Qüvvələrin Məşvərət Məclisinin toplantısı olacaq, 3 noyabr aksiyası ilə bağlı yekun qərarı həmin toplantıda verəcəyik. Qanunsuz və konstitusiyaya zidd cavabına görə Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə vermək niyyətimiz də var».

Məşvərət Məclisi meriyaya xəbərdarlıq məktubunda 3 noyabr mitinqini demokratik seçkilər və korrupsiyaya qarşı mübarizə tələbi ilə keçirməyi planlaşdırdığını bildirmişdi. Məktubda aksiya üçün paytaxtın 5 yerindən (Azadlıq, Füzuli meydanları, Səməd Vurğun bağı, «Təbriz» və «Nərimanov» kinoteatrlarının qarşısındakı meydanlar) birinin ayrılması istənilmişdi.

Demokratik Qüvvələrin Məşvərət Məclisi bu il sentyabrın 5-də yaradılıb. Quruma Aydınlar, Açıq Cəmiyyət, Liberal, Azad Azərbaycan, Azadlıq, Liberal Demokrat, İslam Demokrat, Böyük Azərbaycan, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi və Yaşıllar Partiyası daxildir.
XS
SM
MD
LG