Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:52
AzadlıqRadiosunun «10 sual»ını bu dəfə rejissor Mehriban Ələkbərzadə cavablandırır.

- Kimdir Mehriban Ələkbərzadə?

Mehriban Ələkbərzadə

Mehriban Ələkbərzadə 1965-ci il avqust ayının 5-dSaveə Gəncədə doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb. 1988-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutun rejissorluq fakültəsini bitirib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra «Azərbaycanfilm» kinostudiyasında «Güzgü» qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb.
1 aprel 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur və bir çox tamaşalar hazırlayıb. O, həmçinin Azərbaycan Dövlət Televiziyasında bir sıra əsərləri tamaşaya hazırlayıb. «Space» televiziyasında bir sıra proqramların müəllifi və aparıcısı olub. Dörd seriyalı «Qırmızı Terror və ya Mircəfər Bağırov», «Azərbaycan xanlıqları» bədii-sənədli filmlərin rejissorudur.
2003-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2008-ci ilin əvvəllərində mətbuata verdiyi açıqlamasına görə, rejissor televiziya fəaliyyətinə son qoyub.
- Çox istəkləri ilə reallığı tutuşmayan bir insan. Daim istəklərini ifadə etmək israrında olan Mən. İçindəki Məni ilə dışındakı Mənini bir balansda saxlamağa cəhd edən insan. Hərdən sakit...hərdən vulkan xislətli. Hərdən amansız...hərdən humanist.

- Nə axtarır bu dünyada?

- Nə ədalət...nə mərhəmət...nə ruhi bağlılıq...görmədim. Vallah...qənaətim bu ki,...mən axtardığımı kimsə itirməyib.

- İndiyədək nə qazanmısınız?

- Yəqin ki...bir az sevgi. Göstərilən və nümayiş etdirilən qədər saxta deyil. Gizlədilən və az hallarda təzahür edən təmiz sevgi və sayğılar!!!

- Siz Azərbaycanda olmayanda nə olur?

- J. P. Sartre-ın mənə bənzər qəhrəmanı…Anri deyir ki: «Mən dünyadan ayrıldım. Dünya heç nə itirmədi. Dolu qaldı…yumurta kimi». Mən isə…kimin üçünsə…əvəzolunmaz olmaq istərdim.

Amma kənardan məmləkətimə baxanda…eynən özümə bənzədirəm.

Kimsəsiz və qürurlu. Kibirli, amma hələ ki, məğlub qəhrəman kimi…

- Sizi nə valeh edir?

- Yağış səsi…Yuxulu-yuxulu pərdələrini açıb, birbaşa dənizin içində olduğunu görmək.

Tərk etdiyim şəhərlərin səsi.

Sevmədiyim səssizlik.

Sübh qoxusu…Və…Yağışdan islanan torpaq qoxusu!!!

- Nə küsdürür həyatdan?

- Haqsızlıq və yalan… və mutsuzluq.

- Axşamlar daha çox nədir? Yorucu, düşündürücü, ya öldürücü və niyə?
... Həqiqətiylə əzən reallıq….yaxud həqiqəti gizlədən yuxu. Ancaq axşamlar…sənin bu dünyada kim və necə olmağından asılı olmayaraq… bu həyatda saf və səmimi tələblə…kimə gərək olduğunu anladır.

Bu şəhərdə hər axşam…
Yuvasından aralanmış…
Qanadından yaralanmış
Talesiz bir quş olur.
Qanadlarının qanadığından çox…
Qanadlarını əzənlərin daha onun üçün yox olmasından
Qəhr olacaq…məhv olacaq çocuk kimi
Ağrıdan sərxoş olur.
Çırpır özünü sizin pəncərənizə…
Həyat nəğməsini oxuyur sizə…
Bağlamayın!


Açın pəncərəni…açın qardaşlar!

Baxın…pəncərənizdə QAN izi var….

- Sizi kimlər itirir?

-...Mənə dəyər verə bilməyənlər...və yalan deyə bilənlər. Onlar düşünürlər ki,…mən fərqinə varmadım…Amma mən onların mahiyyətindən sonra, onları salıb, itirirəm.

- Siz kimi axtarırsınız?

-…Yox…o deyilməz…

- Bəs nə deyilər?

- Nəhayət... Ruhumun iblis-də ...(mələk olsa da) qalmasının fərqindəyəm. Ruhum iblis ilə birlikdədir ... onu axtarımmı...bilmirəm! Məncə Onu axtarmağa dəyməz…

Şərhləri göstər

XS
SM
MD
LG