Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:19

Bülbülün abidəsinin açılışında insident yaşanıb


Oktyabrın 31-i Azərbaycanın tanınmış xanəndəsi, opera ifaçısı Bülbülün abidəsinin açılışı zamanı insident yaşanıb. Belə ki, açılışda prezident İlham Əliyev də iştirak etdiyindən ərazidəki yollar əvvəlcədən nəqliyyat və piyadalar üçün bağlanıb. Həmin vaxt yolu keçmək istəyən Bakı sakini 23 yaşlı Çingiz Muradov polis tərəfindən saxlanaraq Səbayel rayon 39-cu polis bölməsinə aparılıb. Bu barədə məlumatı AzadlıqRadiosuna gəncin atası Murad Muradov verib.

Onun sözlərinə görə, polis Çingizə yolu keçməyə icazə verməyib. Lakin gənc polisə etiraz edib və yolu keçmək ixtiyarının olduğunu deyib, yolu keçmək istəyəndə isə polis onu saxlayıb.

«Rəsmi olmasa da, mənə deyirlər ki, Çingiz polisə müqavimət göstərib, halbuki bu mümkün deyil, o, savadlı, mədəni oğlandır. Yenə desələr, tabe olmayıb - bu başqa şeydir».

Səbayel rayon polis bölməsindən AzadlıqRadiosuna verilən məlumata görə, Çingiz Muradov hazırda polis bölməsindədir. Onun hansı səbəbdən saxlanması ilə bağlı isə məlumat verilmir.
Bülbülün abidəsi Bakının Bülbül prospektində açılıb. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir.
XS
SM
MD
LG