Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:15

Siyasətçilər gələn ilin büdcə layihəsini dəyərləndirirlər


İsa Qəmbər
İsa Qəmbər
-
2013-cü ilin dövlət büdcəsinə reaksiyalar davam etməkdədir. İqtisadçılardan fərqli olaraq, siyasətçilər büdcənin ümumi mənzərəsini cızıb onu saf çürük etməyə üstünlük verirlər. Yəni, diqqəti bu sənədin detallarına yox, məqsədinə yönəltməyə çalışırlar.

İSA QƏMBƏR: «ÖLKƏNİN BU QƏDƏR PROBLEMİ OLDUĞU HALDA, PARKLAR SALIRLAR»

Müsavat başqanı İsa Qəmbər hər il Azərbaycanın dövlət büdcəsinin təxminən 70 faizinin iki sahəyə - sosial və investisiya layihələrinin həyata keçirilməsinə yönəlməsindən danışır. Deyir, vəsaitlərin belə bölünməsi iki məqsəd daşıyır. Bir tərəfdən, hakimiyyət bu vəsaitlərin ünvanında dəqiqliyi təmin etməməklə onları istədiyi kimi xərcləyə və istədiyi qədər mənimsəyə bilir. Eyni zamanda, hakimiyyət anlayır ki, müəyyən layihələr parlamentdə açıq danışılsa, onlara səs verməklə hətta Milli Məclisin indiki tərkibi də pis vəziyyətdə qalacaq:

«Ölkənin bu qədər problemi, xalqın həyat səviyyəsinin bu qədər aşağı olduğu bir vəziyyətdə, təhsildə, səhiyyədə təxirəsalınmaz xərclərə ehtiyac duyulduğu halda, parklar salır, heykəllər ucaldırlar. Məsələn, bu yaxınlarda Meksika mətbuatından mənə müraciət edib soruşdular ki, orada Heydər Əliyevin abidəsi olan parkın salınmasına Azərbaycan hakimiyyəti 5 milyon dollar yardım edib. Soruşurdular ki, həmin vəsait Azərbaycan parlamentində müzakirə olunub ya yox?».

İqtisadçılar deyir ki, (deputat Vahid Əhmədov) hər il büdcənin təxminən 30-33 faizi sosial sahəyə (pensiya, ünvanlı sosial yardım və s.), 35 faizə yaxını da investisiya layihələrinin həyata keçirilməsinə ayrılır.

2013-cü ilin dövlət büdcəsinin xərcləri təxminən 20 milyard manat olacaq. Layihə artıq Parlamentdədir.

FƏZAİL AĞAMALI: «BU, YAXŞI İŞDİR»

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə düşünmür ki, büdcənin tərtibi məhz korrupsiya imkanları yaratmaq məqsədi üzərində qurulur.

Onun fikrincə, Azərbaycanın dövlət büdcəsinin başlıca prioriteti sosialyönümlü olmasıdır. Artıq bir neçə ildir ki, Azərbaycan büdcəsi həm də investisiya yönümlüdür. Ölkədə aparılan ciddi infrastruktur dəyişiklikləri, ciddi xarakter daşıyan layihələr məhz büdcədə nəzərdə tutulmuş vəsait hesabına həyata
Fəzail Ağamalı
Fəzail Ağamalı
keçirilir:

«Ciddi xarakter daşıyan layihələrdə korrupsiya hallarının olmasını istisna etmirəm. Amma əlimdə bunu təsdiq və ya inkar edəcək konkret faktlar da yoxdur. Ona görə də, təkcə ayrılan vəsaitin xərclənməsinin şəffaf və ya qeyri-şəffaf olmasını deməklə kifayətlənməyin də tərəfdarı deyiləm. Belə iddiaları əsaslandırmaq üçün ayrıca monitorinqlər keçirilməli, ehtiyac olsa, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı araşdırmalar aparılmalıdır. Məlumdur ki, bütün bunlarla da Hesablama Palatası məşğul olur və hər il də araşdırmalarının nəticəsinə dair Parlamentə hesabat verir. Belə hallar da olanda ya ziyan ödənilir, ya da sənədlər istintaq orqanlarına təqdim olunur. Lakin bu gün Azərbaycan büdcəsinin üzərinə bu cür getmək, düşünürəm ki, əsassızdır».

F.Ağamalı başqa ölkələrdə Azərbaycanı ifadə edən parkların, abidə və heykəllərin qoyulmasına da münasibət bildirib. O, bunu təqdirəlayiq hal sayır. Deputat bu işlərin hansı vəsaitlərlə həyata keçirildiyini bilmədiyini söyləyir. Amma deyir ki, hətta belə layihələr dövlət büdcəsi hesabına maliyyələşdirilsə belə, Azərbaycanın xeyrinədir:

«Həmin parklara gələn insanlar Azərbaycanı tanıyırlar, ölkə haqqında məlumatlanırlar, bilgiləri artır. Bu, yaxşı işdir».

FUAD QƏHRƏMANLI: «HAKİMİYYƏT SEÇKİ SAXTAKARLIĞINA HAZIRLAŞIR»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, Azərbaycanın dövlət büdcəsi neftdən asılıdır. Onun 50 faizinin Neft Fondundan transferlərin, 25 faizinin isə neftdən gələn dolayı gəlirlərlə formalaşması da bunu
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
təsdiq edir.

«2013-cü ilin büdcə layihəsində təhsilə və səhiyyəyə cüzi artımların fonunda hüquq-mühafizə orqanlarına ayrılan xərclərin 12 faiz artırılması onu göstərir ki, Azərbaycan hakimiyyəti gələn il növbəti seçki saxtakarlığına hazırlaşır. Buna görə də, zor aparatının saxlanılmasını özü üçün prioritetə çevirib. Eyni zamanda, dövlət xərcləri bölməsində də 52 faiz artım nəzərdə tutulur. Bu, təqribən 800 milyon manata yaxın artım deməkdir. Özü də bu xərclər hər hansı bir zərurətlə əsaslandırılmır. Bu artım da ondan irəli gəlir ki. növbəti seçkilərin saxtalaşdırılmasında hakimiyyətin əsas istinad edəcəyi qrup məhz məmur kontingenti olacaq».

F.Qəhrəmanlı deyir ki, mövcud büdcə layihəsi Azərbaycan cəmiyyətinin inkişafına deyil, daha çox korrupsiya maraqlarına xidmət edir:

«Büdcə layihəsində daha çox tikinti-təmir xərclərinə yönəlmiş sosial investisiya xərclərinin süni surətdə artırılması onu göstərir ki, məhz növbəti dönəm üçün də büdcə əsas korrupsiya mənbəyi olaraq qalacaq».
XS
SM
MD
LG