Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:16

Yunanıstanda «sandığı açıb, pambığı tökən» jurnalist həbs edildi


Arxiv foto: Yunanıstan parlamenti qarşısında aksiya

Arxiv foto: Yunanıstan parlamenti qarşısında aksiya

-

Yunanıstanda «Hot Doc»adlı jurnalın redaktoru Kostas Vaxevanis varlı həmvətənlərinin İsveçrə banklarındakı hesablarını açıqladığına görə həbs edilib.

Vəsaitlərin böyük hissəsinin Britaniyada qeydiyyatdan keçmiş HSBC bankında saxlandığı xəbər verilib.

Yunanıstan mətbuatı ümumi depoziti 2 milyard avro olan bu xəzinəni «Lagarde siyahısı» adlandırır.

Bu sənəd, Fransanın o vaxtkı maliyyə naziri Christine Lagarde tərəfindən 2010-cu ildə elektron məktub formasında Yunanıstan hökumətinə göndərilib.

Bu məktubda İsveçrə banklarında hesabları olan 2000-dək yunan əmanətçi vergidən potensial boyun qaçıranlar kimi qələmə verilir.

Jurnalistin həbsinə etiraz olaraq, Yunanıstanın aparıcı qəzeti «Ta Nea» siyahını təkrar dərc edib və bu mövzuya 10 səhifəsini həsr edib.

Fransanın keçmiş maliyyə naziri Christine Lagarde

Fransanın keçmiş maliyyə naziri Christine Lagarde

Sol-mərkəzçi gündəlik qəzet bildirib ki, siyahının dərc olunması hələ kimlərinsə vergidən boyun qaçırdığının iddia edilməsi demək deyildir, lakin ictimaiyyət bu informasiyanı almalı idi.

Vaxevanis özünün mətbuat azadlığı hüququndan istifadə etdiyini söyləsə də, rəsmilər onun Yunanıstanın şəxsi sirlər barədə qanununu pozduğunu bildiriblər.

SİYAHIDA ÇOX MÖTƏBƏR ADLAR VAR

Oktyabrın əvvəllərində Yunanıstanın keçmiş maliyyə naziri Evangelos Venizelos bu məktubun ona 2011-ci ilin avqustunda nazirliyin məmurları tərəfindən verildiyini etiraf etmiş, lakin bildirmişdi ki, bu siyahıdan hüquqi sənəd kimi istifadənin mümkün olmadığına qərar vermişdi.

Bununla belə, keçmiş nazir məktubu hökumətə təqdim etdiyini, hökumətinsə onu maliyyə cinayətləri idarəsinə həvalə etdiyini xəbər vermişdi.

Yunanıstanın Venizelos-dan əvvəlki maliyyə naziri George Papaconstantinou belə bir siyahını Lagarde-dan aldığını təsdiq edib.

Bu siyahıda olanlar arasında çoxlu nüfuzlu siyasətçi də var. Bunlardan biri də keçmiş baş nazir George Papandreou-nun qardaşıdır.

SƏNƏD «İTİB», YOXSA «İTİRİLİB»

Jurnalistə qarşı ittihamnamədə deyilir ki, onun dərc etdiyi siyahıdakı adların sayı Lagarde-ın siyahısında olduğundan çoxdur.

George Papaconstantinou

George Papaconstantinou

Yunanıstan mətbuatı onu da bildirib ki, böyük ehtimalla siyahının orijinalı itib və yaxud «itirilib», maliyyə nazirliyinin isə Fransadan siyahının təkrar göndərilməsini xahiş edib-etmədiyi bəlli deyil.

Belə görünür ki, «itkin» siyahının təkrar göndərilməsi rəsmi Afinanın o qədər də marağında olmayıb.

Əlamətdardır ki, bu siyahı təqdim ediləndən sonra vəzifəyə gələnlər – iki maliyyə naziri, vergi və ədliyyə rəsmiləri də məsələnin üstünü ört-basdır etməyə çalışıblar.

Siyahı istər müxalifət, istərsə də koalisiyaya daxil hakim partiyalar tərəfindən tənqidlə qarşılanıb.

Siyasətçilər bildiriblər ki, hökumətin vətəndaşların güzəranını sərtləşdirəcək qənaət siyasətini təqdim etməyə hazırlaşdığı bir vaxtda, belə bir siyahının üzə çıxması rüsvayçılıqdır.

Onların çoxu bu siyahıdakıların əksəriyyətinin vergidən yayınanlar olduğuna inanır.

XALQI QƏNAƏT EDƏN ÖLKƏDƏN HƏR İL 20 MİLYARD DOLLAR OĞURLANIR

Rəsmi məlumata görə, büdcə kəsirləri içində boğulan Yunanıstanda hər il vergidən 20 milyard dollar yayındırılır.

Məhz buna görə də həbs edilmiş jurnalist bildirir ki, «onlar vergidən yayınanları, əllərində siyahı olan nazirləri həbs etməkdənsə, həqiqəti və mətbuat azadlığını həbs etmək qərarına gəliblər».

Lakin Vaxevanis nə qədər haray-həşir salsa da, məhkum edilsə onu bir illik həbs cəzası və 39 min dollar cərimə gözləyə bilər.

Bu arada, Britaniyanın Milli Jurnalistlər İttifaqı – həmkarlar təşkilatı Kostas Vaxevanis-in həbsini kəskin pisləyən bəyanat yayıb.

İttifaqın baş katibi Michelle Stanistreet deyib ki, qanun pozuntularını faş etmiş jurnalistin həbs edilməsi mətbuat azadlığı üzərinə «iyrənc hücumdur».

Təşkilat Avropa Jurnalistləri Federasiyasını və Beynəlxalq Jurnalistlər Federasiyasını bu etiraza qoşulmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG